Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa komissarları vəzifələrinə yalnız kişilərin namizədliyini irəli sürən üzv ölkələri qınayıb.
525.az bu barədə “Euronews”a istinadən xəbər verir.
İyul ayında dövlət və hökumət başçılarına ünvanladığı məktubda xanım Leyen Avropa komissarları vəzifəsinə iki nəfərin - kişi və qadının namizədliyini irəli sürmələrini xahiş edib. Lakin onun bu müraciəti yalnız Bolqarıstan tərəfindən yerinə yetirilib. O vaxtdan bəri AK rəhbəri bir çox kiçik üzv dövlətlərlə danışıqlar aparır və onlardan kişi namizədlərini qadınlarla əvəz etməyi istəyir. Ursula fon der Leyenin komandasına qoşulmaq üçün mübarizə aparan namizədlərin siyahısına 9 qadın və 17 kişi daxildir.
"Mən bütün siyasi həyatımı qadınların rəhbər vəzifələrə çıxışı üçün mübarizəyə sərf etmişəm. Mənim təcrübəm ondan ibarətdir ki, bunu istəməsən, ala bilməyəcəksən. Bu, öz-özünə baş vermir. Ona görə də məktub göndərdim”, - Ursula fon der Leyen bildirib.
Avropa Komissiyasının rəhbəri qadın namizədlərin olmamasını pisləyib və deyib ki, ilkin olaraq yalnız 4 ölkə - İspaniya, İsveç, Finlandiya və Xorvatiya qadınların namizədliyini irəli sürüb. Bundan əlavə, Estoniyanın keçmiş baş naziri Kaya Kallas iyunun sonunda Aİ liderləri tərəfindən Ali nümayəndə vəzifəsinə namizəd göstərilib.
Onun sözlərinə görə, ilkin təkliflərdə Ali nümayəndə və özündən başqa üzv ölkələrdən cəmi 4 qadın və 21 kişi namizəd olub. Bundan sonra Belçika, Portuqaliya, Bolqarıstan və Rumıniya qadınların namizədliyini irəli sürüblər. Buxarest kişi namizədini Avropa Parlamentinin deputatı Roksana Minzata dəyişdi.
Diplomatik mənbələrdən bildiriblər ki, AK sədri Sloveniya və Malta da daxil olmaqla digər kiçik üzv dövlətləri kişi namizədlərini qadınlarla əvəz etməyə razı salmağa çalışır. Sloveniya hökuməti öz bəyanatında ilkin təklifindən - Tomaz Veseldən imtina etməyəcəyini açıqlayıb.
Pərvanə Sultanova
çap et