Sıra mədəniyyəti - nə qədər ciddi və mühüm bir məsələ kimi görünsə də, bizim cəmiyyətimizdə bəzən onunla bağlı yaşanan hallar tragikomik səhnələrdən heç də geri qalmır.
Sıra gözləmək kimi sadə bir davranış, sanki insanlıq tarixində ən çətin sınaqlardan biriymiş kimi qarşılanır, sanki Troya və yunan qoşunlarının döyüşünü ayırır, yaradılışın sirrini axtarırsan. Bir çoxumuzun təcrübəsi var: bank ya da hansısa başqa bir yerə girirsiniz və sıraya qoşulursunuz. Bəs necə axı normal insanlar tələssə belə, işi çox vacib olsa da sıra gözləyir axı. Amma birdən sanki bir sehrbazın əlindənmi deyim, yoxsa Ələddin lampasındanmı çıxan biri haradansa çıxır və özünü atır sıranın başına. Elə bil ki, yallı gedirik və sıranın başını tutmaq istəyir. Belə anlarda adamın beynindən keçən ilk düşüncə belə olur: "Görəsən, bu insan hansı nadir sirrin sahibi olub ki, bizdən daha dəyərli bir haqqı var, yoxsa Həsən ağanın qohumudur?"
Bu "sıranın maqnit sahəsindən" qaçmaq bacarığı sanki bəzi insanlar üçün doğuşdan gələn bir instinktdir. Əgər belə bir insana "Bax, qardaş, sıraya durun!" desəniz, çox güman ki, dərin fəlsəfi arqumentlərlə qarşılaşacaqsınız: "Mən tələsirəm!", "Mənim işim təcilidir!" və ya daha da kreativ, "Mən sadəcə bir dəqiqəlik keçdim". Sanki tələsənlər və təcili işi olanlar üçün təbiətin özündə bir "sıradan keçmə" hüququ mövcuddur. Bu, tamamilə bizdən uzaq bir kainatda mövcud olan "Tələsənlər Respublikası" qanunlarıdır.
Yaxşı, bəs bizim adi vətəndaş olaraq hüququmuz nədir? Ən yaxşı halda, bəlkə də səbrlə gözləyəcəyik, gözlərimizlə "bu sıranın zənciri nə vaxt qırılacaq?" sualını verəcəyik. Çünki çox vaxt bizə sıranı pozan birinə "sıraya keç" demək, sanki böyük bir cinayət kimi gəlir. Çünki çox vaxt oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Gözlərimizi yerə dikib, bu sosial cinayətin şahidi olaraq qalırıq. Belə anlarda adamın ürəyindən keçən bir təklif də var: "Bəlkə sıra gözləmək üçün ayrıca bir sıraya ehtiyacımız var?"
Görəsən, bu məsələni həll etməyin yolunu necə tapmaq olar? Bəlkə də bir az ironik, amma effektiv bir üsul tapa bilərik - sıra gözləməyənlər üçün xüsusi medal verək. Bu medal "İlkin Hüquq Sahibi" adını daşısın və sıranı pozanların döşündə parlasın. Amma bu "mükafat" təəccüblü şəkildə onların sıranı pozmaq hüququnu yox, yalnız böyük bir yumor hədiyyəsi olacaq. Başa düşənlərə...
Şəxsiyyətin cəmiyyət içində tərbiyəsi, məhz bu cür kiçik, lakin həyati məqamlarla başlayır. Bir sıraya durmaq, yalnız bir intizam məsələsi deyil, həm də ədalət, bərabərlik və qarşılıqlı hörmət haqqında dərindir. Beləliklə, növbəti dəfə sırada dayandıqda, "mən bura sıranın birinci yeri üçün gəlmişəm" deyə düşünməyin. Unutmayın, sıra - həyatın özüdür. Və bu həyatın sıraya durmaq qədər sadə bir qaydası var: Hər kəsin öz növbəsi var. Təcrübənizi yaşayın və sonda sizə də sıra gələcək.