Məlum olduğu kimi, ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində bu ilin aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun işğal olunmuş dörd yaşayış məntəqəsinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə olundu, mayın 15-də müvafiq protokol imzalandı, mayın 24-də isə həmin kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü.
Həmin kəndlərin sakinlərinin də doğma el-oblara tezliklə qayıtmaq arzusunu nəzərə alarq, onlarla ilk növbədə təhlükəsizlik məsələlərinə dair mütəmadi maarifləndirici görüşlər təşkil olunur.
Bu kəndlərin Qazax şəhərinin müxtəlif yerlərində məskunlaşmış sakinləri ilə keçirilən görüşlərdə bildirilib ki, işğaldan azad olunmuş torpaqlarda hazırda minalardan təmizlənmə işləri həyata keçirilməkdədir və bu müddət ərzində mina təhlükəsizliyi tədbirlərinə əməl etmək hər bir vətəndaşın borcudur və üzərinə böyük məsuliyyət düşür.
Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında verilən xəbərə görə, rayon rəhbəri Rəcəb Babaşov, icra hakimiyyəti aparatının məsul işçiləri, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov və Dövlət Sərhəd Xidməti Qazax Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev sözügedən kəndlərin sakinlərilə keçirilən görüşlər zamanı zəruri təhlükəsizlik məsələlərinə dair söhbətlər aparıblar.
Sakinlərlə olan görüşlərdə minala təhlükəsizliyi ilə mübarizənin təkcə Qarabağ və Şərqi Zəngəzur istiqamətində deyil, eyni zamanda, Qazaxın danışıqlar yolu ilə geri qaytarılan 4 kəndində də aparıldığı bildirilib. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində kəndlərin xeyli sayda mina və partlamamış hərbi sursatlardan təmizləndiyi vurğulanıb. Çıxış edənlər sakinlərə işğaldan azad olunmuş dörd kənddə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən, azad olunmuş ərazilərin minalardan tam təmizlənmədən həmin ərazilərə getməyin qadağan olunduğunu, bu məsələdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb, bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıblar.
O da vurğulanıb ki, həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı abadlıq işləri yaxın zamanda Qazaxın işğaldan azad edilmiş kəndlərində də reallaşdırılacaq, həmin yurd yerlərimiz də yenidən qurulacaq, çoxsaylı layihələr icra ediləcək, sakinlər yaxın zamanda doğma yurdlarına qayıtmağın sevincini yaşayacaqlar.
Görüş zamanı çıxışlarda həmçinin Qazaxın 4 kəndinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan geri qaytarılmasını dövlətimizİn və ölkə başçısının növbəti qələbəsi, zəfəri kimi dəyərləndirilib.
Zakir Muradov, Qazax-Gəncə