525.Az

Ermənilər üçün "arzuolunmaz" olan Zatulininin Azərbaycana qarşı növbəti təxribatı


 

RASİM MUSABƏYOV: "ONUN BU FƏALİYYƏTİNİN AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNƏ ZİYANI GÖZ ÖNÜNDƏDİR"

Ermənilər üçün "arzuolunmaz" olan Zatulininin Azərbaycana qarşı növbəti təxribatı<b style="color:red"></b>

Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, şovinist çıxışları ilə tanınan Konstantin Zatulin yenidən antiazərbaycan mövqeyi sərgiləyib. Dövlət Dumasında həm də MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitənin sədr müavini olan Zatulin keçmiş qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik məktubu ünvanlayıb. Məktubunda hazırda Azərbaycanda istintaq altında olan cinayətkar xunta rejimində təmsil olunmuş separatçılar Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digərlərinə dəstək nümayiş etdirib.

Ermənipərəst Zatulinin Azərbaycan əleyhinə terrorçu, şovinist bəyanatlar səsləndirməsi yeni deyil. Bu adam illərdir ki, ölkəmizlə bağlı eyni mövqeni nümayiş etdirir, hətta vaxtilə işğal altında olan Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycan onu "arzuolunmaz şəxs" elan edib.  

Amma artıq Qarabağ münaqişəsi həll olunub, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, eyni zamanda Ermənistanla sülh danışıqları aparılır. Adıçəkilən separatçılar isə İrəvanın özündə belə dəstəklənmir. Ən əsası, bu gün Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir, iki dövlət strateji müttəfiqlərdir. Bu günlərdə Azərbaycanda dövlət səfərində olan Rusiya Prezidenti Valdimir Putin bəyan etdi ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir. Rusiya lideri, həmçinin səfər zamanı qəbul edilən Birgə Bəyanatda ikitərəfli əlaqələrin bütün kompleksi üzrə gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri qarşıya qoyduğunu deyib. Belə olan halda, Zatulinin əsas məqsədinin bütün bu proseslərə kölgə salmaq cəhdi olduğu açıq şəkildə özünü göstərir. Bu şəxs Türkiyəyə də düşmən münasibəti sərgiləyir.

Maraqlısı budur ki, Konstantin Zatulin Ermənistanda "persona non-qrata" elan olunub, bu ölkəyə girişi qadağan edilib. Bu, 2022-ci ildə baş verib. Həmin ilin oktyabrında qəbul edilən qərara səbəb Zatulinin öz müsahibələrində dəfələrlə İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə Ermənistan hökumətini günahlandırması, üstəlik, ölkənin daxili işlərinə müdaxilə cəhdləri olub. Zatulin dəfələrlə bəyan edib ki, Nikol Paşinyan hakimiyyətdən getməlidir. O, hətta Paşinyan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə xələl gətirməkdə ittiham edib.

Qeyd edək ki, Zatulin Robert Köçəryanın və digər keçmiş cinayətkar rejimlərdə təmsil olunanların yaxın dostudur. Məhz Zatulin Rusiya Dövlət Dumasında qondarma "erməni soyqırımı"nın tanınması haqqında sənədin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Ermənistana girişinin qadağan olunmasını təhqiramiz davranış adlandıran Zatulin öz çirkin əməllərindən əl çəkmək istəmir, erməni diasporunun, iş adamlarının əlində vasitə olmaqda davam edir. Əlbəttə ki, bu, ilk növbədə onun əldə etdiyi pullarla bağlıdır. Eyni zamanda, seçimində ermənilər mühüm rol oynayırlar, ona görə də vicdanını və ədalət hissini çoxdan itirib.

Digər tərəfdən, görünür, bu adam ölkələrin daxili işlərinə qarışmaq, xalqların adından danışmaq kimi bir səlahiyyətə sahib olduğunu düşünür. Belə olmasaydı, separatçılara təbrik məktubunda rus xalqı adından danışmağa cəsarət etməzdi. Məsələn, o yazır: "Rus xalqı, əgər onlar doğrudan da rusdurlarsa, bizim dindaşlarımıza, ermənilərə münasibətdə bu rəğbət hissini və kömək etmək istəyini yaşamaya bilməzlər. Onlar evlərini, əziz yerlərini, kilsələrini, monastırlarını tərk ediblər və bildiyimiz kimi, çox qısa müddətdə qaçqın olmaq məcburiyyətində qalıblar..."

Bu adama ermənilərin 30 il ərzində Azərbaycanın dini və mədəni irsinə qarşı hansı faşist, vəhşi münasibəti göstərdiyini xatırlatmağın mənası olmasa da, qeyd edək ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavu?zu?nə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda "bərpa" adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.

Xudavəng monastır kompleksinin zəng qlləsində yanaı qoyulmu bir-birinin stndə iki dairəvi xona və həyat aacı əklində xa kompozisiyalı xadalar və kitabələr də ial dvrndə sökülərək talan edilib.

Azərbaycan Prezidenti bu günlərdə Kəlbəcərdə Xudavəng monastır kompleksində olarkən, məlumat verilib ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq "VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar" adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib. Qarabağdakı kilsələr alban kilsələridir və bunların ermənilərlə hər hansı əlaqəsi yoxdur.

Politoloq Rasim Musabəyov mövzu ilə bağlı bildirib ki, Konstantin Zatulin Azərbaycan-Rusiya müttəfiqliyinə xələl gətirmək fürsətini əldən vermədi və bu münasibətlərin yüksək səviyyəsi bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Bakıya dövlət səfəri ilə də təsdiqlənir. O xatırladıb ki, Zatulin 2023-cü il sentyabrın 28-də özünü "prezident" elan edən Samvel Şahramanyanın "fərmanı" ilə ləğv edilmiş "DQR" və ya "artsax" adlanan qondarma qurumu açıq şəkildə təbrik edib: "Onun şovinist olması çoxdan məlumdur. Təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə görə demək olar ki, bütün postsovet ölkələrində "arzuolunmaz şəxs" elan edilib. Hətta Nikol Paşinyan hökuməti də Zatulinin Ermənistana girişini qadağan edib. O, hakim "Vahid Rusiya" partiyasının üzvü olmasına baxmayaraq, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbərliyindən uzaqlaşdırılaraq, bu vəzifəni Rusiya Federasiyası Kommunist Partiyasının nümayəndəsi Leonid Kalaşnikova həvalə ediblər. Görünən odur ki, Zatulin hələ də bununla barışa bilmir və təxribatçı bəyanatlarla varlığını xatırlatmaq fürsətini əldən vermir".

R.Musabəyov onun nəyə nail olmağa çalışmasına da aydınlıq gətirib: "Zatulin nəyə nail olmağa çalışır? Axı, təsir tam əksinədir. O, Qarabağ ermənilərinə yalan ümidlər verir və bununla yalnız onların və Ermənistan hökumətinin münaqişədən sonrakı reallığa inteqrasiyasını çətinləşdirir.

Bakıda isə istintaq altında olan separatçı liderlərə - Saakyan, Arutyunyana, Vardanyana Zatulinin dəstəyi ziyandan başqa bir şey deyil. Deputat seçildiyi Soçi şəhərindəki zəngin erməni diasporasının nağd pul vəsaitlərinin haqqını necəsə vermək lazımdır axı. Amma bu, o qədər də sadə deyil. Onun bu cür fəaliyyətinin ermənilərə faydası şübhə doğursa da, Azərbaycan-Rusiya münasibətlərinə ziyanı göz qabağındadır".

 

 





05.09.2024    çap et  çap et