|
|
|
|
Sevimli şair-dramaturq, publisist, ictimai-siyasi xadim, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli Hidayətin 80 illiyi ərəfəsində zəng vurub yubiley yazısı yazmaq istədiyimi bildirdim. Yubilyar hər dəfə bu görüşü sabaha saxlayırdı. Sabah da ki, nə çox... Vaxtın lap yaxınlaşdığını bildirəndə, “Sən mənim avtobioqrafiyama və yaradıcılığıma bələdsən, necə istəsən, yaza bilərsən” söylədi.
Doğru deyirdi. Orta məktəb dövrümdən ədəbi orqanlardan imzasını tanıyıb yaradıcılığını izlədiyim şair Hidayətlə şəxsən tanışlığımdan 35 il ötür. Bu müddətdə intervülərimiz olub, mənə avtoqrafla bağışladığı kitabları, tamaşaya qoyulan əsərləri barədə yazılar yazmışam. Amma bu yazı üçün suallarımı yeni ruhda hazırlamışdım. Biz tanış olanda Azərbaycan faciəli dövrünü yaşayırdı – müharibə, qaçqınlıq, məcburi köçkünlük... Elə o dövrdə də Hidayət müəllimi rahat tapmaq müşkül idi. Prezident Administrasiyasında Dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Qırğızıstan Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri, nəhayət təqaüd dövrü.
Məsul vəzifələri daşıdığı illərdə yaradıcılıqdan söhbət aça bilmirdik. Amma ötən intervümüzdəki (may, 2015) ilk sualıma yaradıcılığından başlamışdım.
İndi yarıciddi-yarızarafat deyir ki, cənab İlham Əliyev nəhayət məni öz işimə qaytardı – yəni yaradıcılığa. Cavanlığında yazdığı şeirində etiraf etdiyi kimi: “Mənim nəyim vardır qələmdən özgə”.
Son illər Hidayətin C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında tamaşaya qoyulmuş “Burdan min atlı keçdi” və “İrəvanda yanan çıraq” tamaşalarına baxmışıq. Anşlaqla keçən tamaşaların ana xəttini yenə də bu fikir tamamlayır:
Biz o yerləri öyrənməliyik!
* * *
Vaxtın məhdudluğundan ədibi təbrik eləmək üçün köhnə intervüdən istifadə edəsi oldum. Lakin yubiley günündən sonra yeni suallarla görüşmək üçün vədələşmişik. İnşəallah.
***
- Hidayət müəllim, Sizi ilk öncə şair kimi tanımışam.
Odur ki, elə şeirinizlə başlayıram:
Qəlbin arzuları - tər çiçək-çiçək,
Çiçəkli arzudan doyarmı ürək?!
Kövrək uşaqlıqdan qocalığadək
Şeir dəftərimi daşıyıram mən –
Belə yaşayıram...
Yaşayıram mən!..
26 yaşda qələmə aldığınız fikirlərə xilaf çıxmısınız axı... 20 ildən çoxdur, yəni “Söz” jurnalı nəşrə başlayandan Sizdən təzə şeir istəyəndə yazmadığınızı deyirsiniz. Ola bilməz ki, şeir ovqatına köklənməyəsiniz...
- Siz bir ildən çoxdur ki, məndən müsahibə istəmisiz, bu sualları da həmin vaxtdan göndəribsiz, dəfələrlə telefon açıbsınız. Müsahibənin bu qədər ləngiməsi mənim iş qrafikimlə bağlıdır.
Mən təxmin etmişdim — Sizin ilk suallarınızdan biri o olacaq - təzə bədii nə yazıbsız?
Bu illərdə mənim xidməti işlərimlə bağlı çox nadır hallarda bədii nə isə yazılıb, ancaq müəyyən publisist, elmi-kütləvi yazılar, kitablar qələmə alınıb, intervülər verilıb. Bunlar da şeir kimi informasiyadı, fərq ondadır - şeir sırf bədii informasiyadır, amma bunlar publisist, elmi, fəlsəfi, siyasi informasiyalardı. Əsas odur - içində səni narahat edən informasiyanı (istər bədii olsun, istər publisist, istər ictimai-siyasi...) oxucuya təqdim edəsən.
- Ömür boyu müxtəlif vəzifələrdə çalışsanız da, ilk növbədə şair, dramaturq, publisistsiniz... Şairin şeirləri onun taleyidir. Ömrünün ağrı-acılarıdır. Yazırsınız:
Quşlar da, sular da həvəssiz dinər,
Köçmüş kəndin yurdu batıbdı yasa,
Məbəd də qaranlıq zindana dönər,
Orda addımlayan insan olmasa.
1976-cı ildə bu fikirlər misralara çevriləndə doğma yurdun qaranlıq zindana dönəcəyini hardan bilirdiniz?
- Bu, intuisiya idi. Ürəyimə damırdı. Gənclərin çoxu Bakıya, Azərbaycanın digər rayonlarına, hətta Rusiyaya gedib kəndə qayıtmırdılar, nəticədə isə kəndlər qocaların yaşayış məskəninə çevrilirdi. Kəndlərin qəbristanları kəndlərin özündən böyük olurdu.
Əlbəttə, o vaxtı SSRİ-nin belə tez dağılması, "perestroyka” deyilən üzdəniraq “hərəkat” ağıla gəlmirdi. Çünki bu dağılma və ya dağıdılma prosesləri Qorbaçov tərəfindən düşünülmüş və ya düşünülməmiş tərzdə sürətləndirilirdi. Amma bununla belə, azərbaycanlı kəndlərin boşaldılması əvvəllərdən hiss olunurdu, açıq görünürdü və bu, məni çox narahat edirdi. Məhz bu problemlər, narahatlıqlar, həyəcanlar Sizin söylədiyiniz şeirdə olduğu kimi, o vaxtlar bir çox şeirlərimdə, publisist yazılarımda əks olunubdur.
- 1989-cu ildə Siz Lənkəranda idiniz. Xeyli qaldınız. Səhv etmirəmsə, məzuniyyətdə idiniz. Günün çox hissəsini bizim yerli qəzetin redaksiyasında Şəkər Aslanla birlikdə keçirirdiniz. “Burdan min atlı keçdi” kitabınızın jurnal (“Azərbaycan”) variantı əl-əl gəzirdi. Özünüzün dediyiniz kimi, bu yazı yazılanda suların nisbətən duru vaxtıydı...
- Hələ ondan bir il öncə “Gənclik” nəşriyyatının baş redaktoru olaraq nəşriyyat günlərinin harda keçirilməsi məsələsi müzakirə olunanda Lənkəranı seçdim. Mənim rəhbərliyimlə Azərbaycanın görkəmli yazıçıları, jurnalistləri, nəşriyyatın bir qrup əməkdaşları ilə ilk dəfə Lənkəranda oldum. Burda “Gənclik” nəşriyyatı günlərini çox yüksək səviyyədə keçirdik. Mən haqqında oxuduğum, uzaqdan yaxşı fikirdə olduğum Lənkəranı gördüm, sevdim. Sonra, 1989-cu ilin yanvar ayında - məzuniyyətə çıxanda Lənkəranın o vaxtkı rəhbərliyi məni dəvət etdi və tək istirahət məqsədiylə yox, həm də işləmək məqsədiylə ora getdim. Lənkəranda olanda günün çox hissəsini redaksiyada olmurdum (Təşəkkür edirəm - məni az görüb yadınızda çox saxlayıbsınız). İki, ya üç dəfə redaksiyada oldum, bütün kollektivinizlə görüşdüm.
Gündüzlər raykomun qonaq evində işləyirdim və axşam işdən sonra Şəkər Aslanla, rayon partiya komitəsinin ikinci katibi Yaşar Rzayevlə və digər dostların iştirakıyla şam süfrəsi açılırdı, söhbət edirdik. Çox unudulmaz günlər idi. Həmin vaxt Lənkəranı - onun tarixini, mədəniyyətini, mətbəxini daha dərindən tanıdım, sevdim.
Lənkəranda olduğum günlər yaradıcılıq baxımından səmərəli oldu. O da yadımdadır — “Yenidənqurma” sözü və yenidənqurma özü” publisistikası orda yazıldı.
“Burdan min atlı keçdi”nin jurnal variantı o vaxt oxuculara çatdırılmışdı. Sovet ixtisarları, ixtisarları... “Qlavlit” tərəfindən çox ixtisar olunduğuna görə əsərin o şəkildə çap olunmasına hətta etiraz etmişdim. Amma rəhmətlik İsa İsmayılzadənin və “Azərbaycan” jurnalının bugünkü baş redaktoru İntiqam Qasımzadənin təkidiylə “Burdan min atlı keçdi”nin o variantda çap olunmasına razılıq verdim. İsa o vaxt baş redaktor müavini, İntiqam isə məsul katib ıdı. Baş redaktor Yusif Səmədoğluydu. Yusif müəllim də mənə telefon açdı, əsərin o şəkildə olsa da çap olunmasına razılıq verməyimi məsləhət bildi. Əsər o vaxt çox əks-səda doğurdu. Jurnalın da əldən-ələ gəzməsinin səbəbi - əsərdə 1988-ci ilə qədərki, xüsusilə altmışıncı - səksəninci illərdəki Ermənistan mühiti, orda soydaşlarımıza qarşı həyata keçirilən deportasiyalar, təqiblər, hüquqlarının sıxışdırılması və türksüz Ermənistan yaradılmasının bu mərhələsinin ilk dəfə təqdim edilməsində, təsvir olunmasında idi. Buna görə də o yazı elə çox maraq doğurdu.
- Şəkər Aslan həmişə Sizi çox yüksək dəyərləndirirdi, hər görüşünüzü sonralar xatırlayırdı, bizə danışırdı.
- Mən də həmişə onu xoş təəssüratla xatırlayıram. Yəqin yadınızdadır - ömrünün son illərində o vaxtlar səlahiyyətli olan müəyyən qruplar onu sıxışdırırdı, bu pak, yaradıcı insan həyəcanlarıyla, daxili çırpıntılarıyla, ona qarşı haqsızlıqlarla üz-üzə qalmışdı. Mən ona həmişə diqqət yetirirdim - dövlət tədbirlərinə dəvət etdim, yüksək rəsmi komissiyaların tərkibinə salındı... Mənəvi əzabları, şübhəsiz, xeyli azaldı.
Xatırlayırsınız - vəfatından sonra Lənkəranda keçirilən xatirə gecəsinə gəldim, çıxış etdim, Boladı məzarlığında olduq...
Şəkərin diqqətimi çəkən, mənə xoş gələn cəhətlətindən biri onun ömrünün sonunacan əyalətdə yaşaması oldu. Bakıya gələ bilərdi, işləyərdi, başqa yazıçılardan biri olardı. Ancaq sonacan Lənkəranda yaşadı. Altay Məmmədov, Məmməd Alim Gəncəni heç yerə dəyişmədikləri kimi.
- “Burdan min atlı keçdi”nin jurnal variantını da oxumuşam, kitab variantını da. Müsahibə hazırladığım zaman kitabı bir də vərəqlədim. Bəzi hissələri başdan-ayağa oxudum: “Mığrı stansiyasında qatara minib, “Sovet Ermənistanı” respublika qəzetinin dəvətiylə İrəvana getdim, heyranlıqla, həyəcanla, narahatlıqla dolu o bahar gecəsini indiki kimi xatırlayıram. Arazın qırağıyla gecənin qaranlığında ötüb-keçdiyim doqquz saatlıq o yol yaddaşıma və qəlbimə unudulmaz səfər kimi həkk olunub və mənə həmişə elə gəlib ki, ömrümdə ən uzun ən maraqlı, həm aydın, həm də naməlum bir iqlimə üz tutub qeryi-adi səfərim – Zəngəzur! Qatarın o gecəki 9 saatlıq yolu. Sonralar neçə yol uzun yollara çıxmışam, neçə gecə qatarda, təyyarədə yatmışam, amma o bahar gecəsinin, Arazın səsinin, tutqun ay işığındakı aydınlığın və kölgələrin tayı olmayıb heç biri.
Arazın qırağıyla, dədə-baba yurdum ulu Naxçıvan torpağıyla!
O tay da Azərbaycan,
Bu tay da Azərbaycan!
...Çayın bu tayında dayanıb o tayın daşlarına, ensiz dağ yollarıyla gedən karvanlarına saatlarla tamaşa etmişəm, nədənsə mənə həmişə elə gəlib ki, o karvanlar yalnız Təbrizə gedir, Təbrizə gedir, Təbrizə!..”
- O gecəni mən bu gün də olduğu kimi xatırlayıram, ömrümün ən nikbin, uzaq mənzillərə boylanan, unudulmaz xoş gecəsi sayıram.
- Nə xoş ki, indi o yollar Təbrizə gedir. Nə yazıq ki, İrəvana gedə bilmir... (Kitabdan köçürdüyüm bu hissəni yazanda elə kövrəldim ki... Ağrılı duyğularınızı elə qələmə almısınız, özümü ağlamaqdan güclə saxlayıram).
- O illərdə yazırdım: Azərbaycanlı üçün Təbrizə getmək Marsa uçmaqdan çətindir, bu illərdə deyirəm: İndi Zəngəzura getmək mənə bu yaşımda Marsa uçmaqdan da çətindir.
-“Burdan min atlı keçdi” kitabınızın ikinci hissəsi adamın tüstüsünü təpəsindən çıxaran bir misra ilə başlanır: “Orda - Zəngəzurda mənim ürəyimin məzarı qalıb”. Bir qədər sonra “Bir məktub göndərdim uşaqlığıma” yazdınız... Düşünəndə ki, dünyaya göz açdığın yerd yeri tapdaq altındadır, ora yolun yoxdur, şübhəsiz, qəlbini acı xatirələr bürüyür.
- Görürəm - mənim yaradıcılığımı yaxşı bilirsiniz, - buna görə Sizə təşəkkür edirəm. Gərək bildiyin mövzuda danışasan və soruşasan. Siz bu baxımdan bəzi başqa jurnalistlər üçün yaxşı nümunəsiniz.
“Orda, Zəngəzurda mənim ürəyimin məzarı qalıb” geniş intervüdür. Bu intervünü görkəmli publisist Elmira Axundova apardı və 1994-cü ildə ilk dəfə "Literaturnaya qazeta”da çap olundu. Bu qəzetin o vaxtlar çox nüfuzlu çağlarıydı. Və ilk dəfəydi - Azərbaycan həqiqətləri Ermənistanın Azərbaycana qarşı təcavüzü belə açıq təqdim olunurdu.
“Literaturnaya qazeta” uzun müddət erməniyönlü mətbuat orqanı kimi tanınırdı. Zori Balayan da o qəzetin Ermənistan üzrə müxbiri idi və Azərbaycana qarşı aktiv fəaliyyət göstərirdi.
Məndən qabaq o qəzetdə Silva Kaputikyanın intervüsü çap olunmuşdu.
Silvadan soruşurdular - indi Siz bu əməllərinizə görə, yəni bu müharibəni törətməkdə, Qarabağ məsələlərində ideologiyanın rəhbərlərindən biri kimi, peşimanlıq hissi keçırirsizmi? O demişdi – “bəli, mən peşimanlıq hissi keçirirəm”. Onun sözündən belə çıxırdı ki, əgər proseslərin belə gedəcəyini o, əvvəlcədən hiss etsəydi, bu işə qoşulmazdı.
Elmira məndən soruşurdu – “Sizin Silva Kaputukyanın bu fikirlərinə münasibətiniz necədir? Siz onun dediklərini səmimi sayırsızmı?” Mən isə cavab verdim - yox, mən onun dediklərini səmimi saymıram. O səmimi danışmır. O ürəyindəkilərini demir. Sadəcə, Ermənistanın bu acınacaqlı vəziyyətində günahları öz üstündən atmaq, günahsız görünmək üçün belə fikirlər söyləyir.
O intervüdə digər məqamlar da vardı. Buna görə də həm keçmiş SSRİ məkanında, həm də Ermənistanın özündə çox ciddi əks-səda doğurdu. Silva qarı bərk qəzəblənsə də, daha səsi çıxmadı. Sonra bu intervü Azərbaycanda “Bakinski raboçi”də Azərbaycan dilində çap olundu.
- Hidayət müəllim, Bakıya - ADU-ya (BDU) oxumağa gəlişinizi nəzərə almasaq, İrəvan Sizin ilk uzun səfəriniz idi.
- Mən Azərbaycan Dövlət Universitetinə qəbul olmağa, oxumağa gələndən qabaq da Bakıda, İrəvanda olmuşdum. Mığrıdan qatara minib İrəvana işləməyə gəldiyim o gecə mənim ömrümün ən uzun səfəridir. Sonralar məsafə baxımından çox uzaq səfərlərə - Vaşinqtona, Nyu-Yorka, Rio de Janeiroya və digər yerlərə getsəm də...
- Sonrakı səfərlərdə də həmin hissləri keçirimsinizmi? Xüsusilə, İrəvandan Bakıya gələndə?..
Qürubu bir qərib nağıla bənzər,
Gərək kəndimizdən çıxmayaydım heç...
etirafını edəndə ötən əsrin 70-ci illəriydi. Oğuz elində - İrəvanda ən çox güvəndiyimiz azərbaycanlımız idiniz. Pedaqoji İnstitutda dərs deyirdiniz. Yazıçılar İttifaqının Azərbaycan Bölməsinə rəhbərlik edirdiniz. Düz on altı il C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru oldunuz. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Sizin haqqınızda yazır: “O vaxt İrəvanı Sənsiz - Hidayətsiz təsəvvür edə bilmirdik... Burda - Səni tapmaqdan asan iş yoxdur. Şəhərə çıxmısansa, küçənin bu başından səni görmək olar. Çünki, İrəvanda Səndən uca adam yoxdur... Onun ucalığı həm də ruh və mənəviyyat ölçüsüydü. Bu baxımdan, o, Ermənistanın ən uca kişisiydi...”
Daşıdığınız vəzifələr yaxşı mənada Sizi hər zaman dəyişib. Müdrik bir məmur olaraq adamlara diqqət və qayğınızı artırmısınız. Əyləşdiyiniz kürsü xalqa xidmət üçün bir vasitəyə çevrilib. 20 illiyini qeyd edən “Söz” jurnalı da məhz Sizin diqqətiniz sayəsində ərsəyə gəldi...
- Mən “Söz” jurnalına uğurlar arzulayıram. Onun yaranması da, fəaliyyəti də mənim gözlərimin qabağındadır. Və maraqlı jurnaldı. Siz baş redaktor olaraq bu jurnalın yaranması, formalaşması və Şəkər Aslandan sonra fəaliyyəti üçün fədakarlıq göstərmiş insansınız. Mən buna görə Sizə minnətdaram. Mayın 9-da Qələbənin 70 illiyi bayram ediləndə Sizin də yubiley yaşınız tamam olur. Amma illərdir 8 may - Şuşanın işğal günüylə əlaqədar doğum gününüzü keçirmirsiniz. Əminəm ki, yaxın illərdə doğum gününüzü Şuşada qeyd edəcəksiniz.
- Təşəkkür edirəm.. Arzularınız çin olsun, inşəallah.
1983-cü ilin payızında Ermənistan SSR Mədəniyyət Nazirliyinin xüsusi səyyar qrupunun rəhbəri sifətiylə Çexoslovakiyada, Praqanın rahat otellərində kədərli misralar (“Avtoportret -83) nədən yaranmışdı?
Zəngəzurda doğuldum,
İrəvanda yaşadım,
Bakıda öləcəyəm...
“Avtoportret-82”dəki gileyli misralar da qəlbimizi göynədir:
Bir kağız göndərdim uşaqlığıma,
Cavabına gümanım yox -
Misraların, duyğuların qucağında
Bir daimi ünvanım yox.
Bu gileylər nədən doğurdu?
- O dövrün ovqatından doğurdu. O vaxt intuitiv hiss edirdim ki, sonra yolum Bakıyadır.
O yollar mənim həyatımdır.
- Uşaqlıq illəriniz - müharibədən sonrakı aclıq, səfalət illəri... sonra atanızın itkisi... Bütün şəxsi ağrı-acılarınızı unudaraq yazırsınız:
Uşaqlıqda qaldı ən pak illərim...
Ən çətin illəri indi yaşaram.
Biz o illəri öyrənməliyik. O dəhşətləri, faciələri bugünkü nəsillərə, gələcəyə çatdırmalıyıq!
Soyqırımların, repressiyaların, təcavüzlərin təkrarlanmasına yol verməmək üçün;
İtirdiklərimizi qaytarmaq üçün;
Azadlığımızı yaşatmaq üçün;
- Bəli, mən bu gün də o fikirdəyəm. Biz o illəri unutmamalıyıq, o illəri öyrənməliyik. İlk növbədə öz səhvlərimizi anlamalıyıq. O səhvləri gələcəkdə təkrar etməmək üçün o illəri təhlil etməliyik.
- Hidayət müəllim, Sizinlə dəfələrlə söhbətləşmişik. Həmişə tam ümid vermişiniz: “Haçansa o torpaqlarımıza qayıdacağıq!..
- Mən bu gün də deyirəm: biz o yerlərə qayıdacağıq.
- O yerlərdə görüşənədək, Hidayət müəllim!!!
- İnşallah!
Sevda Əlİbəylİ,
“Söz” jurnalının baş redaktoru