Azərbaycanla İtaliya arasında münasibətlər hər zaman çox yaxşı səviyyədə olub. Son illər isə bu münasibətlər daha da inkişaf edərək strateji tərəfdaşlıq və dostluq səviyyəsinə yüksəlib. Tarixə nəzər saldıqda, əlaqələrin köklərinin daha dərin olduğu üzə çıxır. Belə ki, hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar. 1918-1920-ci illərdə müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə, 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da sürətlənib.
İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə yaradılıb. İtaliya öz səfirliyini Cənubi Qafqaz respublikalarından ilk dəfə 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş naziri, Senat sədri, deputatlar palatasının sədri ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Heydər Əliyev səfəri zamanı həmçinin Roma və Neapol şəhərlərinin merləri və böyük İtaliya şirkətlərinin təmsilçiləri ilə də görüşlər keçirib. Səfər nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb.
Ulu öndərin səfərindən sonra əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə İtaliya hökuməti nümayəndələrinin Azərbaycana səfərləri ardıcıl xarakter alıb. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə növbəti müqavilələr bağlanıb.
Ümumiyyətlə, ölkələrarası münasibətlərdə qarşılıqlı səfərlər xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin 24-26 fevral 2005-ci ildə İtaliyaya rəsmi səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verib. İtaliyanın dövlət rəhbərliyi ilə keçirilən görüşlər zamanı tərəflər arasında münasibətlərin sıx inkişafı imkanları, ticarət, iqtisadiyyat sahələrində birgə fəaliyyət məsələləri müzakirə edilib. Səfər zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalanıb.
İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur.
Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlət başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlət başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir.
Bu il iyunun 26-da İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, təqdim olunan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərimizdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd edib. Prezident vurğulayıb ki, Azərbaycan ilə İtaliya bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərirlər, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsi İtaliyanın payına düşür və ticarət dövriyyəsi 15 milyard dolları ötüb.
Bu gün azad edilmiş torpaqlarda aparılan bərpa-yenidənqurma işlərində, dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynında İtaliya şirkətləri çox fəal iştirak edirlər. Bütün bunlar ölkələrimiz arasında münasibətlərin yüksək və dostluq səviyyəsini göstərir.
Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə bildirib ki, Azərbaycanla İtaliya arasında münasibətlər davamlı olaraq inkişaf edir. Bu gün iki ölkə arasında bir çox sahələrdə əlaqələr var. Azərbaycan öz qazını İtaliyaya satır.
C.Məmmədov deyib ki, Azərbaycan İtaliya ilə təhsil, hərbi və digər sahələrdə çox sıx əməkdaşlıq edir: "Ölkəmizdə Azərbaycan-İtaliya Universiteti yaradılır və bu istiqamətdə addımlar atılır. Artıq bir neçə dəfədir ki, cənab Prezident İtaliyaya səfər edir, eyni zamanda İtaliya rəsmilərinin də davamlı olaraq Azərbaycana səfərlər etdiyini görürük. Qeyd etmək lazımdır ki, Avropa ölkələri arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, ölkəmizin daxili işlərinə qarışmayan, qarayaxma kampaniyası aparmayan azsaylı ölkələrdən biri də İtaliyadır. Biz bunu hər zaman İtaliyanın mövqeyində görmüşük, Azərbaycan da bu mövqeyi çox yüksək qiymətləndirir. Hesab edirəm ki, bu səfər əlaqələrimizin daha da inkişafına ciddi töhfələr verəcək. Dövlətlərimiz arasında əlaqələr növbəti illərdə daha da inkişaf edəcək və Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olacaq. Biz bu səfərdə bir çox vacib sənədlərin imzalanmasının da şahidi olduq. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, biz İtaliyaya təkcə qaz deyil, digər milli məhsullarımızı da ixrac edirik. Eyni zamanda, İtaliya da özünün bir çox məhsullarını Azərbaycana ixrac edir. Hesab edirəm ki, bu səfər əlaqələrimizin möhkəmlənməsinə növbəti bir töhfə olacaq və öz müsbət təsirini göstərəcək. Biz İtaliya kimi dövlətlərlə münasibətlərimizi hər zaman qorumalıyıq, daha da inkişaf etdirməliyik. Azərbaycan İtaliya əlaqələri davamlı olaraq inkişaf etməlidir və bunu bu gün cənab Prezident edir".
Milli Məclisin VI çağırış deputatı, iqtisadçı Vüqar Bayramov isə deyib ki, İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar. Bu kəskin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır.
V.Bayramov əlavə edib ki, 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb: "Azərbaycan, xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir".
İqtisadçı əlavə edib ki, Prezidentin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər əhəmiyyətlidir: "Cənab Prezidentin İtaliyaya səfərindən sonra ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinin müşahidə olunacağı gözlənilir. İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. O baxımdan Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq".
çap et