Qırğızıstanın Xarici İşlər Nazirliyi (XİN) “Taliban” hərəkatının respublikada qadağan olunmuş təşkilatlar siyahısından çıxarıldığını rəsmən təsdiqləyib.
525.az xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Qırğızıstan Xarici İşlər Nazirliyi təsdiq edir ki, “Taliban” hərəkatının ölkə ərazisində qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması barədə qərar səlahiyyətli dövlət orqanları tərəfindən diqqətlə nəzərdən keçirildikdən və hərtərəfli qiymətləndirmədən sonra qəbul edilib”, - açıqlamada vurğulanıb.
Qeyd olunub ki, Qırğızıstan hakimiyyəti bu qərarı regional sabitliyi gücləndirmək və dialoqu davam etdirmək üçün verib. Nazirlik, həmçinin vurğulayıb ki, respublika Əfqanıstanda sabitliyin və dinc vəziyyətin təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir.
Bundan əvvəl Əfqanıstan hökumətində XİN nümayəndəsi Əbdül Kahar hərəkatın siyahıdan çıxarıldığını bildirib. Onun sözlərinə görə, Bişkekin bu addımı Əfqanıstan İslam Əmirliyinin regional və beynəlxalq səviyyədə artan siyasi tanınmasından xəbər verir.
Pərvanə Sultanova
çap et