|
|
|
|
Sosial şəbəkələr meydana çıxandan, təxminən 10-15 ildir, ad günlərim həmişə çoxlu təbriklər seli ilə keçib. Həm də təbrik edənlərin böyük əksəriyyəti yazıçılar, şairlər, jurnalistlər, istedadlı adamlar olduğundan çox dəyərli və bəzən göz yaşardan, özümün də unutduğum hadisələri yada salan ürək sözləri oxumuşam.
Builki təbriklər isə xüsusi fərqliliyi ilə yadda qaldı. Mənim üçün sürpriz olan ilk təbriki cənab Prezidentdən aldım. Cənab Prezidentin məni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etməsi builki təbriklərə məxsusi bir rəng qatdı. Hətta ad günümdən 12 saat əvvəl başladı təbrik seli. Bu mötəbər təltifə - təbrikə görə cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm.
Uzun illərdir media sahəsində fəaliyyət göstərirəm. Ayrı-ayrı vaxtlarda iki dəfə cənab Prezidentin qarşısında çıxış etmişəm. Qələbəmizdən sonrakı illərdə isə müxtəlif tədbirlərdə Azərbaycan Prezidentinin atdığı tarixi addımlar barədə fəxarətlə danışmışam. Bizim ağlımıza da gəlməyən, yuxumuza da girməyən bir çox mötəbər hadisələr, əlamətdar tədbirlər məhz cənab Ali Baş Komandanın rəhbərliyi ilə reallaşdırılıb. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə son iki ildə Şuşada dalbadal Beynəlxalq Qlobal Media Forumu keçirilib.
Altmış illik yubileyimdə ali dövlət təltifi - 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılmağım isə mənim üçün böyük qürurdur. Bu, təkcə mənim yox, həm də bütün media nümayəndlərinin əməyinə verilən qiymətdir. Bu təltifə görə cənab Prezidentə bir daha minnətdarlığımı bildirirəm.
Eyni zamanda bu günlər məni təbrik edən, həm təltif olunmağımla, həm də ad günümlə bağlı ürək sözlərini çatdıran hər kəsə ürəkdən təşəkkür edirəm.
lll
Təbriklər, "Qarabağ"!
Təbriklər, möcüzə yaradan Qurban Qurbanov!
lll
"Qarabağ" yaxşı komandadır. Bəzi epizodları görəndə düşünürsən ki, bu, yüksək zəhmətin, peşəkarlığın, təcrübənin bəhrəsidir.
Amma "Qarabağ"da həm də ruh var. Vəcdə gələndə bütün sədləri aşır.
lll
Deputatlığa namizədlər içərisində çox saf, səmimi və ürəkdən seçki təbliğatı aparanlar var. Ənənələrə hörmət və sevgini də gözləyirlər, kreativliyi də.
Uğurlar arzulayıram!
lll
Xəstəxananın çölündə hava daha ləzzətli olur; həyatın davam etdiyini və gözəlliyini duyursan.
lll
Harınlıqla görməmişliyin arası bir addımdır.
Harınlıq gec-tez necəsə cəzalandırılır.
lll
Yazdığını oxumadan bəyəndiyin profillər var. Nə yazsa da, qəbulundur.
lll
Ağsuda Elçin Mirzəbəylinin seçkiqabağı təşviqat çərçivəsində Bico, Qəşəd və Ləngəbiz adlı kəndlərdə görüş keçirdiyini oxudum.
Qəribə gəldi bu adlar; tarixi və tarixçəsi maraq doğurdu. Əminəm ki, Elçin millət vəkili kimi bu adların etimologiyasıyla maraqlanacaq, bizi də bilgiləndirəcək.
lll
Tanınmış yazıçı, Ümumtürk ədəbiyyatının fədakar təbliğatçısı Yaqub Öməroğlunun vəfatından qəlbən kədərləndiyimizi bildirir, ailəsinə, sevənlərinə, oxucularına və bütün Türk dünyasına dərin hüznlə başsağlığı veririk. Yaqub Öməroğlunun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, onun adı bütün Türk dünyasında hər zaman ehtiramla anılacaq. Allah rəhmət eləsin!
lll
Media və deputatlığa namizədlər bir-birilərinə münasibətdə daha təmkinli mövqe tutmalıdırlar. Düşünməlidirlər ki, onların qarşılıqlı şəkildə nələrisə ədavətə çevirmələrinə dair səhnələr cəmiyyət üçün xoşagəlməz haldır, mənfi nümunədir.
lll
Deyir, bir ay Laçının Alxaslı kəndində, babamın uçulmuş evinin həyətində çadır qurub yaşadım. Seyidlərin məzarını, qəbiristanlığı sahmana saldım.
lll
Elm və Təhsil Nazirliyi tabeliyindəki qurumların mətbuatla əlaqəli işləyən əməkdaşları barədə sosial şəbəkədə məlumat paylaşıb.
Çox yaxşı təşəbbüs və gözəl nümunədir.
Bəyənir və alqışlayırıq. Digər dövlət qurumlarından da bu cür addımlar gözləyirik.
lll
Məğlubiyyətə uğrayan kimi üz döndərib etibarsızlıq edənlərdən uzaq durmaq lazımdır. Sevəndə belə olmur. Sevəndə hər üzünü sevirsən.
lll
"Xalq qəzeti"nin 105 yaşı tamam olur.
"Xalq qəzeti" gələcək nəsillərə miras qalacaq mənəvi sərvətdir. Bunu söyləmək üçün çoxlu əsaslar var. Bu ümummilli nəşr keçmiş sovet hakimiyyəti illərində Azərbaycan ədəbi dilinin qorunmasına, milli mədəniyyətinizin təbliğinə yönələn fədakarlıqlar göstərmişdir.
Qəzet həmin illərdə öz səhifələrində istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədəki ciddi əhəmiyyət daşıyan məsələləri cəsarətlə işıqlandırmışdır. Bu dəst-xətt onu ötən əsrin 90-cı illərində də ön plana çıxarmışdır. Təsadüfi deyil ki, nəşr hələ SSRİ-nin rəsmən mövcud olduğu dövrdə uzun müddət daşıdığı "Kommunist" adından imtina etmiş, xalqın qəzetinə çevrilmiş, ümumən milli mədəni qüvvələri öz ətrafında birləşdirən mərkəz rolunu oynaması ilə diqqət çəkmişdi.
1919-cu ildən fasiləsiz olaraq fəaliyyət göstərən "Xalq qəzeti" əsl jurnalistika məktəbidir. Nəşr bu missiyası ilə peşəni cəmiyyətə üstün şəkildə təqdim etmiş, sözün gücünü göstərmişdir. Azərbaycanın neçə-neçə tanınmış dövlət və ictimai xadimi, ziyalısı, görkəmli siması ilk addımını məhz burada atmışdır.
Bu günün "Xalq qəzeti" Ulu öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sadiq monolit komanda, jurnalistikaya qəlbən bağlı olan peşəkar insanların Vətən uğrunda əzmlə çalışdıqları mərkəzdir. Nəşr vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunun dərinləşməsində aktiv mövqeyə malikdir. Sevindirici haldır ki, hazırda qəzet ənənələrə sadiqlik ruhunu əsas götürərək, müasir dövrün tələbləri ilə uyğunlaşma əzmini göstərir, yeniliklərə can atır və onları uğurla tətbiq edir.
Bütün bunlar bir daha göstərir ki, "Xalq qəzeti"nin 105 illiyi, bütövlükdə, ölkə miqyaslı hadisədir. Nəşrin əməksevər kollektivinin hər bir üzvünü bu əlamətdar hadisə münasibəti ilə təbrik edir, onlara bitib-tükənməyən yaradıcılıq şövqü, möhkəm cansağlığı arzulayıram. Xalqımız əmindir ki, "Xalq qəzeti" özünün ideya və prinsiplərinə sadiqlik kursu ilə 105 illik yolun təntənəsini yaradıcılıq enerjisinə çevirəcək, özünün şanlı tarixini qarşıdakı illərin daha böyük uğurları ilə zənginləşdirəcək.
lll
"Azərbaycan müəllimi" qəzetinin 90 yaşı tamam olur. Bu qəzet böyük bir epoxanın, dövrün, pedaqoji təhsil həyatımızın salnaməsidir. "Azərbaycan müəllimi" qəzetinin bizim təhsilimizin ən müxtəlif sahələrinin işıqlandırılmasında özünəməxsus rolu vardır. Mətbu orqanın keçdiyi uzunillik tarixi yola baxsaq görürük ki, ilk nəşrə başladığı illərdə Azərbaycanın tanınmış ədibləri, yazarları, maarifpərvər insanları bu qəzetdə öz yazıları, məqalələri ilə çıxış ediblər. Təhsilin geniş bir sahə olduğunu və hər bir ailənin təhsillə bağlılığını nəzərə alsaq, "Azərbaycan müəllimi" qəzetinin önəmini xüsusi qeyd etmək lazımdır. Qəzet təhsilin ən müxtəlif sahələrini əhatə etməklə yanaşı, eyni zamanda müəllimlərə yol göstərməkdə, praktik kömək etməkdədir. Və bu mətbu orqan hər zaman Azərbaycan ziyalılarının, müəllimlərin, pedaqoji ictimaiyyətin tribunası olub. Müstəqilliyin ilk illərində bir sıra çətinliklərlə üzləşsə də, "Azərbaycan müəllimi" dövlətin diqqət və qayğısı, kollektivin fədakarlığı sayəsində mətbuat aləmində yenidən qalmağı bacardı. Qəzet hazırda uğurla öz fəaliyyətini davam etdirir. Bu gün Elm və Təhsil Nazirliyi çox geniş bir struktura çevrilibdir. Bu mənada "Azərbaycan müəllimi" qəzeti də qürurla öz keçmişini xatırlayaraq 90 illiyini qeyd etməyə haqqı var. Qəzet təhsilimizin bir tarixidir. "Azərbaycan müəllimi"nin təhsilin, müəllimlik peşəsinin təbliği, ölkənin inkişafındakı rolunun cəmiyyətə çatdırılması istiqamətində xidmətləri danılmazdır.
Arzu edərdim ki, Elm və Təhsil Nazirliyinin strukturunda fəaliyyət göstərən əməkdaşlar ən müxtəlif sahələrdə öz peşəkar, problematik yazılarını bu qəzetin səhifələrində dərc etsinlər.
Mən Mətbuat Şurasının adından "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyini təbrik edir, yaradıcı kollektivə uğurlar arzulayıram. Bu 90 illiyi həm indiki, həm keçmiş əməkdaşların qürurla qeyd etməyə haqqı var.
İnanıram ki, 90 illik bir tarixi yol keçmiş "Azərbaycan müəllimi"ni hələ qabaqda əzmli və uğurlu bir yol gözləyir. Bu yolda kollektivdə təmsil olunan dəyərli həmkarlarıma, təhsil ictimaiyyətinə, bu qəzeti özünə doğma bilən, onun təəssübünü çəkən hər bir kəsə səmimi təbriklərimi və ən xoş istəklərimi çatdırıram.
lll
"Modern.az" saytı 15 il əvvəl yeni təşəkkül tapmaqda olan internet medianın cəmiyyətdəki yeri və rolu, fəaliyyət dairəsinin spesifik cəhətləri ilə bağlı, kifayət qədər, dolğun təsəvvür formalaşdırmağa nail olmuşdu. Portal hələ o zaman ortaya bu yeniliyin nümunəsini qoymağı bacarmış, özünəməxsus dolğun, düşündürücü təqdimat tərzi ilə seçilmişdi.
15 yaşını qeyd edən sayt ötən müddətdə nəinki ayaqda qalmağı, eyni zamanda, oturuşmuş peşəkar media orqanına çevrilməyi bacardı. Bu, son dərəcə böyük uğurdur. Uğurun nəticəsidir ki, "Modern.az" təkcə Azərbaycanda deyil, türk dünyasında və bütövlükdə beynəlxalq miqyasda ölkəmizlə bağlı mühüm informasiya mənbəyi, istinad nöqtəsidir. Belə yüksək statusun qazanılması illərin gərgin zəhmətinin, məhrumiyyətlərə və çətinliklərə sinə gərməyin, jurnalistikaya hədsiz bağlılığın mükafatıdır. Bu status, həmçinin, gələcək üçün son dərəcə etibarlı təminatdır.
Əminliklə deyə bilərəm ki, inkişaf edərək hazırda Modern Media Qrupuna çevrilmiş "Modern.az"ı Azərbaycanın media məkanında hələ çox uzun yol gözləyir. Qurumun əməksevər kollektivinə bu yolda çoxsaylı əlamətdar günlər arzulayıram. 15 illik yubileyin gətirdiyi sevinc, qürur və fəxarət hissininin bu kollektivin hər bir üzvünü yeni yaradıcılıq nailiyyətlərinə və bol-bol uğurlara daşıyacağına əminəm.
Ürəkdən təbrik edirəm!
Yubileyiniz mübarək, əziz "Modern.az"çılar!