525.Az

Çernobbio Forumundan dünyaya verilən mühüm mesajlar


 

Çernobbio Forumundan dünyaya verilən mühüm mesajlar<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri iki ölkənin münasibətlərinin daha da inkişafında, strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayacaq. Bu gün iki ölkənin siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və digər sahələr üzrə çoxölçülü strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İtaliyanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycan bu ölkənin bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.

Prezident İlham Əliyevin səfəri zamanı səsləndirilən bəyanatlar bir daha onu göstərdi ki, Azərbaycan-İtaliya münasibətlərinin çox ciddi potensialı var və yaxın gələcəkdə ikitərəfli gündəlik daha da genişlənəcək. Əməkdaşlığın əsas hissəsini enerji, ticarət təşkil etsə də, mədəni, humanitar sahələrdə də səmərəli əlaqələr qurulub. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, iki ölkənin əməkdaşlığının şaxələndirilməsinin gözəl nümunəsidir.

İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstəyini verib, regional sülh və təhlükəsizliyə təhdid yaradan bir sıra aktorlardan fərqli olaraq ədalətli mövqe nümayiş etdirib, ölkəmizin daxili işlərinə müdaxilə etməyib. Avropa İttifaqı və NATO üzvü olaraq Azərbaycanın bu təsisatlarla əməkdaşlığının inkişafını güclü şəkildə dəstəkləyib.

Son illər həyata keçirilən yüksək səviyyəli səfərlər də ikitərəfli münasibətlərin səviyyəsini nümayiş etdirir. Azərbaycan Prezidenti italiyalı həmkarı Sercio Mattarella ilə görüşdə son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyərək münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən, TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu gün TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olunub. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir, onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.  Ötən il iki ölkənin ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub.

Prezident Mattarella 2018-ci ildə Azərbaycanda səfərdə olub. Yüksək səviyyəli siyasi təmaslar əlbəttə ki, iki ölkənin yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin səfər zamanı "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edib. Dövlət başçısının çıxışı, eyni zamanda moderatorun suallarına verdiyi cavablar beynəlxalq müstəvidə böyük maraqla qarşılanıb. Prezident ikitərəfli münasibətlər, Ermənistanla normallaşma prosesi, COP29, Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoyulması üçün Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətləri kontekstində oynaya biləcəyi rol, AŞPA ilə münasibətlərə dair fikirlərini səsləndirib. Dövlət başçısı deyib ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.

Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.

Prezident diqqətə çatdırıb ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir, Cənubi Qafqazda sülhə nail ola bilərik: "Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır. Bakı ümid edir ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq".

Beynəlxalq konfransda bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a da diqqət çəkilib. Dövlət başçısı deyib ki, burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Bu, Azərbaycana olan ehtiramın təzahürüdür, tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.

Bakı Rusiya-Ukrayna münaqişəsinin həllində də platforma rolunu oynaya bilər. Çünki hər iki dövlətlə çox yaxşı münasibətləri var. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq.

İtaliya səfərinin əhəmiyyətini "525"ə şərh edən Milli Məclisin VI çağırış deputatı Naqif Həmzəyev deyib ki, iki ölkə strateji tərəfdaşdırlar və İtaliya dünyada Azərbaycanın birinci ticari tərəfdaşıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İtaliyaya səfəri çox maraqlı və yaddaqalan oldu: "İlk növbədə Romada imzalanmış sənədlərin mübadiləsi, cənab Prezident İlham Əliyevin həm İtaliya Prezidenti, eyni zamanda Baş nazirlə görüşməsi, gələcək üçün çox ümidverici mesajların verilməsi düşünürəm ki, Azərbaycan-İtaliya münasibətlərinin daha da inkişaf etdirilməsinə bir zəmindir. Ümumiyyətlə, İtaliya Azərbaycan münasibtlərinə baxanda görürük ki, ildən-ilə münasibətlər həm iqtisadi, həm siyasi, mədəni sahələrdə inkişaf edir. Düşünürəm ki, məhz bu səfər İtaliya-Azərbaycan münasibətlərini daha da dərinləşdirəcək, iki dövlətin həm iqtisadi, həm siyasi və digər sahələrdə əməkdaşlığını daha da gücləndirəcək. Bununla yanaşı, bilirsiniz ki, cənab Prezident Çernobbio forumunda da iştirak etdi və öz nitqində çox maraqlı mövzulara toxundu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi ilə bağlı fikirləri diqqət çəkməkdədir. Çünki bəziləri bunu müəyyən dərəcədə fərqli qəbul edirdilər, müəyyən təzyiqlər var idi, hərçənd cənab Prezident qeyd etdi ki, bu gün Ukraynanın ərazi bütövlüyünün bərpa etməsi üçün həyata keçirdiyi mübarizə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, ərazi bütövlüyünün təmin etməsi ilə eynidir. Təəssüflər olsun ki, dünya ictimaiyyəti Ukraynaya dəstək olmaqdadır, Azərbaycanın isə haqlı savaşında ölkəmizə qarşı müəyyən mesajlar var idi və həm də təəssüflər olsun ki, bu gün Ermənistanı silahlandıran, onu faktiki olaraq sülh prosesindən yayındıran qüvvələr var. Dövlət başçısı vurğuladı ki, Sovetlər İttifaqı dağıldıqdan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə yaxınlaşmışıq və sülh baş tuta bilər, xüsusilə biz ümid edirik ki, Azərbaycanın təklif etdiyi şərtlər və xəritə əsasında bu sülhə nail olacağıq və danışıqlar sülhlə nəticələnəcəkdir".

N.Həmzəyev hesab edir ki, Ukrayna-Rusiya münasibətlərində gərginliyin aradan qaldırılmasında lazım gələrsə, Azərbaycanın da bir danışıq platforması təqdim etməsinə dair dövlət başçısının fikirləri çox mütərəqqi bir mesaj idi: "Çünki Azərbaycan həm Ukrayna, həm Rusiya ilə normal münasibətlərə malikdir. Bu baxımdan Azərbaycan Ukrayna-Rusiya normallaşmasında mühüm rol oyanaya bilər, hətta lazım gələrsə, danışqlar prosesinin aparılması üçün Azərbaycan platforma olaraq məkan belə təklif edə bilər. Xüsusilə, cənab Prezidentin bundan öncə bir sıra mübahisəli məsələlərdə öz əlaqələrini işə salaraq həmin münaqişənin böyüməsinin, münasibətlərin gərginləşməsinin qarşısını alması ilə bağlı təcrübəsi olub. Bu mənada məhz Ukrayna- Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılmasında Azərbaycan, xüsusilə cənab Prezident mühüm rol oyanya bilər. Burada əlbəttə ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Bakının Rusiya, Ukrayna və Avropa təsisatlarının müraciəti əsasında ümumi məxrəcə gəlinmək üçün göstərdiyi səylər də mütləq vurğulanmalıdır. Hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır. Dövlət başçısının dediyi kimi, bu tranzit dayanarsa, bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi də tamamilə iflic olacaqdır. Əminik ki, Azərbaycanın vasitəçiliyi öz müsbət nəticəsini verəcək".

N.Həmzəyev əlavə edib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda və Şərqi Zəngəzurda abadlıq- quruculuq işləri həyata keçirməkdədir və İtaliya şirkətləri də bu prosesdə ən aktiv iştirak edən şirkətlərdir: "Bu, Azərbaycan-İtaliya münasibətlərinin ən yüksək səviyyədə olmasının bariz nümunəsidir. Düşünürəm ki, gələcəkdə də İtaliya şirkətlərinin Azərbaycanda aktiv şəkildə iştirakını görəcəyik və ümumilikdə Azərbaycan-İtaliya münasibətləri getdikcə daha da inkişaf edib, ən yüksək səviyyəyə yüksələcək".

 

 





10.09.2024    çap et  çap et