|
|
|
|
Fərid Pərdəşünas, texnobloger:
- IFA Berlin-də 3-cü dəfədir iştirak edirəm. Qala günü kansler Olaf Şoltsun açılış nitqində diqqətimi çəkən maraqlı detallar oldu. Onları sizinlə bölüşmək istəyirəm: Almaniyanın hədəfi nədir?
Olaf Şolts deyir:
* "Bu sərgidə gördüyünüz bütün cihazlar çiplər üzərində qurulub. Məqsədimiz Almaniyanı çip istehsalçısına çevirməkdir. Almaniyada sənayenin qalıcı inkişafı üçün bu, mütləqdir və əsas hədəf xarici asılılığı azaltmaqdır" - Şolts burada Çin və ABŞ-ı nəzərdə tutur. Qeyd edim ki, bir müddət öncdə Drezdendə TSMC-nin fabrikinin təməli atılıb.
* Süni İntellekt - Bu gün bir zamanların müasir texnologiyası sayılan avtomobili idarə etmək üçün müəyyən təlim və bacarığa sahib olmalıyıqsa, süni intellekt üçün də belədir. Onu da istifadə etmək üçün minimal bacarıqlar lazımdır və bunu zamanla hamı edəcək. Federal hökumətin əsas hədəfi burada təhlükəsizliyi təmin etməkdir. Süni İntellekt araşdırmalarında dünyanın lider ölkələrindən biriyik.
* 5G və bağlantı - Bu gün bütün ağıllı cihazların tək bir şeyə ehtiyacı var - internet. Almaniyada bölgənin 90%-də ən azı bir operatorun 5G şəbəkəsi mövcuddur. Fiber optik internetin əhatə dairsəi 2023-cü ildə 40% artdı. Əsas hədəflərimizdən biri daha az təbii ehtiyat istifadə edərək, atıqlardan uzaq, təkrar emal edilə bilən beynəlxalq bir döngü sistemi yaratmaqdır.
Daha bir diqqətimi cəlb edən detal isə, Şoltsun bu konfransdan sonra Qazaxıstan və Özbəkistana səfər planın olmasıdır. Şolts bu ölkələrlə Mərkəzi Asiyada işlər görməyi hədəfləyir və onları önəmli ortaqlar adlandırıb.
Səadət H.Məmmədova, jurnalist:
- "İstisu"yu necə içmək lazımdır?
İşğaldan öncə Kəlbəcərdə "İstisu" sanatoriyasında həkim işləmiş Şahin Cəfərovla danışdım. Doktor deyir ki, bu müalicəvi suyu əsasən mədə, öd, qaraciyər, mədəaltı vəz, bağırsaq, böyrək problemlərində içirlər. Xəstəlikdən asılı olaraq su 15, 21, bəzən isə 30 günədək içilə bilər. Onu daimi hər gün uzun müddət içmək məsləhət deyil.
Mədə turşuluğu yüksəkdirsə, yeməkdən 30 dəqiqə əvvəl 200-250 qr. içmək məsləhətdir. Əgər insanda mədə turşuluğu aşağıdırsa, bu zaman yeməkdən 10 dəqiqə əvvəl içilməsi kifayətdir. Əgər mədədə qıcqırma, yanma halları olarsa, yeməkdən 40-45 dəqiqə sonra da yarım stəkan içmək olar. Əgər insandakı problem qaraciyər, öd, mədəaltı vəz, bağırsaqlarla bağlıdırsa, yeməkdən yarım saat öncə içmək məsləhətdir. Böyrək problemlərində də həmçinin 30-40 dəq. yeməkdən öncə içilsə, yaxşı olar.
Şahin doktor deyir ki, "İstisu" içilən kimi fayda verməyə bilər. Onun orqanizmə təsiri 20 gün, bəzən bir ay sonra müşahidə edilir. Yəni içərkən dərhal dəyişiklik görməsəniz, narahat olmayın, müalicəvi sxemlə içməyə davam edin, faydasını sonra mütləq görəcəksiniz.
Doktor izah edir ki, qaydaya görə, "İstisu"yun qazı emal zamanı xüsusi qaydada çıxarılır və qablaşdırılarkən onun içinə vurulur. Biz mağazadan onu alıb içəndə öncə qazının çıxmasını gözləsək, yaxşı olar. Və xüsusi bir məqam da budur ki, "İstisu" ilıq halda içilməlidir.
Şüşənin üstünə yazılıb ki, ağzı açıldıqdan sonra 0+6 dərəcədə saxlanmalıdır. Deməli, soyuducuya qoysaq, öncədən çıxarıb ilıqlanmasını gözləməliyik, sonra içməliyik.
Şahin doktor məsləhət görür ki, müalicəvi sxemlə (15, 21,30 gün) "İstisu"yu içdikdən sonra bir qədər ara verin. Uzun müddət davamlı içməyin. Amma arada bir qonaqlıqda, məclislərdə süfrədə qoyulubsa, içə bilərsiniz. Hər gün 3 dəfə rejimini uzun müddət etmək olmaz.
DİQQƏT! Böyrək daşı olan insanların USM müayinəsi keçib daşın yerini və ölçüsünü bilmələri vacibdir ki, daş axarkən narahatlıq, fəsad törətməsın. Daş elə yerdə ola bilər ki, "İstisu" içmək məsləhət görülməz.
Əziz dostlar, ümid edirəm ki, sizə faydalı bilgi verə bildim. Mən özüm bu səhərdən başlayaraq yeməkdən 30 dəq əvvəl içdim. Düşərli olsun! Qalanını da şüşə qaba töküb soyuducuya qoydum.
Atamın nənəsi vardı, hər il yayda rəfiqələri ilə yığışıb "İstisu" sanatoriyasına gedirdi. Münaqişə qızışmağa başlayandan sonra getmədi, elə həmin il xəstələndi. Ölənə qədər eyni sözü dedi: "İstisuya getsəydim, belə azarramazdım, canım salamat olardı, uzun yaşayardım". 77 yaşında vəfat elədi, Allah cəmi dünyadan köçənlərimizə rəhmət eləsin.
Allah hamımıza cansağlığı versin. Düzgün qidalanma və doğru həyat tərzi həqiqətən də insanın cövhəridir.
Akif Aşırlı, jurnalist:
- Heç yaxşı hal deyil ki, iki rəsmi dövlət qəzeti tarix və varislik iddiası ilə savaşa çıxsın. "Kommunist" qəzeti əvvəl bolşeviklərin, sonra kommunistlərin tribunası, təbliğat vasitəsi olub. İlk sayı qeyri-leqal formada 1919-cu ildə Türkiyə Kommunist partiyasını Bakıda yaratmağa çalışan, Türkiyəni bolşevikləşdirmək istəyən, sonra da Qara dənizdə öldürülüb cəsədi dənizə atılan Mustafa Sübhiyə həsr olunub. "Kommunist" qəzeti 1920-ci ilin aprelin 29-da Azərbaycan Cümhuriyyətinin Hökumət mətbəəsində nəşrini davam etdirib, əsas yaradıcı heyəti "Azərbaycan"ın əməkdaşları təşkil edib. Təkcə baş redaktor Üzeyir bəy Hacıbəyli və rusca nəşrin redaktoru Şəfi bəy Rüstəmbəyli "Kommunist"in fəaliyyətinə qatılmayıb, bir müddət sonra Üzeyir bəy yazılarını "Kommunist"də dərc etdirib. Məmməd Səid Ordubadinin bu barədə çap olunan memuarı var. Azərbaycan Cümhuriyyətini Rusiya işğal edən gününün səhəri "Azərbaycan"ın məsul katibi, bir müddət Üzeyir bəy xəstələnəndə onu redaktor kimi əvəz edən Xəlil İbrahim "Kommunist"ə məsul katibi təyin edilib, Cəfər Cabbarlı, Fərhad Ağazadə, Əhməd Bədii Trinç, Seyid Hüseyn və başqa yazarlar "Azərbaycan"dan sonra uzun müddət "Kommunist"də çalışıblar. Bu barədə "Azərbaycan mətbuatı tarixi 2-ci cild. (1920-1990)" kitabında xeyli faktlar verməyə çalışmışam.
Mübahisə etməyə lüzum yoxdur, 1990-cı illərdə "Xalq qəzeti"nə çevrilən "Kommunist"in və 1918-ci ildə nəşr başlayan, fəaliyyətini indi də davam etdirən "Azərbaycan"ın mətbuat tariximizdə öz yeri var.
Cəmilə Babayeva, jurnalist:
- Astanada V Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi keçirilir. Azərbaycanı oyunlarda təmsil edəcək 54 idmançı paraddan keçib. Yarışlara Gürcüstan və Ermənistan da qatılıb. Tbilisi oyunlara 26, İrəvan isə 2 iştirakçı göndərib.
V Dünya Köçəri Oyunlarında 89 ölkədən 2 mindən çox idmançı iştirak edəcək. Sentyabrın 14-dək davam edəcək yarışlarda 21 idman növü üzrə 97 medal komplekti oynanılacaq. Medalların ümumi sayı 581-dir.
İdmançılarımıza uğurlu çıxış və qələbə arzusu ilə.
Aqşin Kərimov, siyasi təhlilçi:
- İki gündür ki, Azərbaycan ərazilərində separatçıbaşı olmuş Samvel Şahramanyanın açıqlamaları müzakirə olunur.
Bir neçə tezisim:
1. Regiondakı qarışıqlığın və xaotik vəziyyətin yeni nümunəsi payızda Gürcüstanda keçiriləcək seçkilərdən sonra görünə bilər.
- Seçki yaxınlaşdıqca, Gürcüstanı Rusiya və ABŞ öz dalğasında tutmaq yolunda güc rəqabətinə girişib,
- Seçki ərəfəsində separatizm kartının dirçəlməsi kritik mübarizənin kəsişməsinə gətirilir,
2. Şahramanyanın açıqlamaları isə Azərbaycana deyil, ən çox Ermənistana mürəkkəbliklər yaradır və İrəvanı ziddiyyətli geosiyasi maraqların əsirinə çevirir.
3. Madam ki, Gürcüstandakı seçkilər öncəsində əllərindəki qutuların içərisini açıb alətləri Azərbaycana qarşı çevirən qüvvələr fəallaşıb, onda Bakı bu prosesi faydaya çevirmək imkanlarını da nəzərdə saxlayır. Burada üç versiya Bakının prioritetləri sırasında ön cərgəyə düzülür:
- Azərbaycan Qərbi azərbaycanlıların qayıdışını sülh gündəliyinə qırmızı xətti kimi gətirir,
- Ermənistana xəbərdarlıq edir ki, İrəvan azərbaycanlıların qayıdışına təhlükəsizlik zəmanəti verə bilməsə, bunu Bakı özü təmin edəcək,
- Azərbaycan qayıdış prosesinin Zəngəzur dəhlizi konteksti ilə paralel şəkildə aparsın.
4. Hesab edirəm ki, son günlərdə İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə əlaqədar yaranmış fikir ayrılıqları Azərbaycanın qayıdış proqramına reaksiya kimi daha çox diqqət çəkə bilər.
5. Bu məqamda ən təhlükəli hədlər İran tərəfindən aktivləşdirilir, məsələn, Şahramanyanın çıxışında həm də Tehranın ideyalarını axtarmaq olar...
Asif Nərimanlı, jurnalist:
- Ermənistan Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsini beynəlxalq özəl şirkətə verilməsinin istisna edilmədiyini gündəmə gətirib.
Özəl şirkətin missiyası Naxçıvana maneəsiz keçidin "Azərbaycandan Azərbaycana prinsipi" üzrə açılacağı təqdirdə, Azərbaycandan gedən sərnişinlər və daşınan yükləri müşahiyət etmək ola bilər. Kommunikasiyanın açılmasında Ermənistanın "suverenlik tələbini" dəstəkləyən Qərb anlayır ki, Azərbyacanın maneəsiz keçid istəyi nəzərə alınmasa, bölgədəki planlarının icrası mümkün olmayacaq. Bu baxımdan:
- Kommunikasiyanın İrəvan və Bakının razılaşacağı variantla açılmasına nail olmağa çalışır;
- Azərbaycanın Naxçıvana çıxışı üçün "yaşıl dəhliz" yaradır, üçüncü tərəflər isə bu yoldan Ermənistanın yoxlaması ilə istifadə edir;
- Təhlükəsizliyin özəl şirkətə həvalə edilməsi Ermənistanın "suverenlik prinsipi"nin qorunduğu, bu ölkə ərazisində üçüncü ölkənin qüvvələrinin iştirak etmədiyi görüntüsünü yaratmaq məqsədi daşıyır;
Və bu ssenari ilə Rusiyanı bölgədə sıxışdırırlar. İrəvanın "özəl şirkət"lə bağlı açıqlamasının Rusiyanın kommunikasiyanın açılması, ümumilikdə Bakı-İrəvan sülh danışıqlarında təşəbbüsü ələ almaq istiqamətində aktivləşdiyi vaxt gündəmə gəlməsi təsadüfi deyil.
Zəngəzur dəhlizində dayanacaq "özəl şirkət"in tərkibinin ABŞ hərbi qüvvələrindən, yaxud bir neçə Qərb ölkəsinin birləşmiş qüvvələrindən ibarət olacağı istisna deyil. Pentaqonun Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prayorun Bakıya səfəri də bununla bağlı ola bilər. Vaşinqton Naxçıvana maneəsiz keçiddə təhlükəsizliyin özəl şirkət tərəfindən təmin edilməsi məsələsini Bakı ilə razılaşdırmaq istəyir.
Mir Səməd, bloger:
- Vətənimizin ənənəvi turist marşrutlarından kənarda qalan elə yerləri var ki, bir gün gəlib ora çıxanda, mat-məəttəl qalırsan, necə olub bu füsunkar bölgələri bu vaxtadək görməmisən?
Astarada bundan əvvəl də olmuşam, amma bu dəfə əsas magistral yoldan 30 kilometr uzaqlıqda, 1000 metr hündürlükdə yerləşən Hamoşam kəndinə qonaq getmişdik.
Əsas yoldan görünən tam yaşıl, hündür dağlara!
Yolboyu açılan o gözəllikləri sözlə tərif etməkdə acizəm.
Hələ kənddə bizi "Niva"lara mindirib, çətin keçilən yollarla daha da yuxarıya, Bi adlı yaylağa apardılar.
Həmin gün bizim ailənin yay istirahətinin ən unudulmaz, gözəl günü oldu!