|
|
|
|
Yaddaşlarda xeyirxah insan, mahir həkim, istedadlı pedaqoq, dünya şöhrətli alim, elm təşkilatçısı kimi xatırlanan Adilə Namazova nümunə ola biləcək bir ömür yaşayıb.
Bu il tibb elmləri doktoru, professor, Azərbaycan Milli EImlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli Adilə Namazovanın anadan olmasının 98-ci ili tamam olur.
Adilə xanım Namazova vaxtını, biliyini cəmiyyətin xeyrinə təqdim etməyə hazır olan böyük xeyriyyəçi idi. O, milli genofondumuzun sərvəti olan uşaqlarımızın sağlam gələcəyi üçün qəhrəmancasına mübarizə aparırdı.
Adilə xanım 1926-cı ilin sentyabrında Ağdam rayonunun Seyidli kəndində dünyaya göz açıb.
Həkim olmaq arzusu ilə gənc qız orta təhsilini müvəffəqiyyətlə başa vurur və 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olur. Gənc həkimin gələcəyini təyin edən o gün yaxınlaşırdı. 1949-cu ildə Tibb İnstitutunu uğurla bitirən Adilə xanım doğma yurdu Ağdama qayıdıb rayon uşaq məsləhətxanasının rəhbəri kimi çalışır. Fədakar həkim təkcə doğma rayonunda deyil, bütün Qarabağ bölgəsində peşəkarlığı və xəstələrinə qayğıkeş yanaşması ilə tanınır və sevilir.
Heç də təsadüfi deyil ki, Adilə xanım Namazova səhiyyə sahəsindəki xidmətlərinə və tibb elminə verdiyi töhfələrinə görə 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı qadın alim olur.
Ulu öndər Heydər Əliyev akademik Adilə Namazovanın fəaliyyətini hər zaman yüksək qiymətləndirirdi, onu Azərbaycanda elmi pediatriyanın banisi adlandırırdı. Bir zamanlar Heydər Əliyev ölkəmizdə səhiyyə sahəsində çatışmazlıqlarla bağlı bəzi məsələlərin həlli məqsədi ilə Adilə xanımla görüşdə onun fikirlərini öyrənmişdi. 1976-cı ildə olan görüşdə akademik müəyyən elmi istiqamətlərdə elmlər doktorlarının olmamasını, tibb üzrə elmi-tədqiqat institutlarının aşağı kateqoriyalı olduğunu əsas problemlər kimi Heydər Əliyevin diqqətinə çatdırır. Ulu öndər hər iki məsələnin həll üçün təcili və ciddi tapşırıqlar verir.
Akademik Adilə Namazova xatirələrində bildirirdi ki, onun kadr hazırlığı sahəsində gərgin fəaliyyətinə akademik Zərifə Əliyeva da hər zaman dəstək olub.
Müstəqillik dövründə Ulu öndər Heydər Əliyev Adilə xanımın sədri olduğu Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətini də yüksək səviyyədə dəstəkləyib. Ümummilli liderin uzaqgörən, müdrik siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan Pediatrlar Assosiasiyası beynəlxalq səhiyyə təşkilatlarına inteqrasiya olunmuş ən köklü təşkilatlardandır və ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə təmsil edir.
Adilə Namazova Azərbaycan torpaqlarının erməni vandalları tərəfindən işğalı, bunun nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü dövrdə keçmiş SSRİ-nin sonuncu millət vəkili kimi yüksək kürsülərdə hər zaman öz sözünü deyib. O, erməni işğalçılarının Dağlıq Qarabağla bağlı əsassız iddialarının puçluğunu tutarlı faktlarla sübuta yetirməyə səy göstərib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı, qanlı müharibəyə son qoyması barədə dəfələrlə keçmiş SSRİ rəhbərliyi və deputatları ilə görüşüb tələbkar söhbətlər aparıb.
Keçmiş sovet ordusunun 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və ətraf bölgələrdə amansız vəhşiliklər, qırğınlar törətdiyi zaman Adilə xanım Namazova qaniçənlərə qarşı fəal mübarizə aparıb. O, Xalq artisti, bəstəkar Arif Məlikov və fəhlə Sara Vəzirova ilə birlikdə "Salyan" kazarmasına və digər yerlərə gedərək sovet ordusu komandirləri tərəfindən tərksilah edilərək zirzəmilərə salınan 300-dən çox Azərbaycan əsgərinin azad edilmələrinə nail olub.
Adilə xanım 350-dən çox məqalənin, 30-dan çox monoqrafiya, dərslik və kitabın, eyni zamanda MDB məkanında "Tibbi etika" adlı ilk dərsliyin müəllifidir.
Akademik Adilə Namazovanın elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub, Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avstriya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Argentina, Belçika, İspaniya, Misir və digər xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda dinlənilərək yüksək qiymətləndirilib.
Görkəmli alim elmi-ictimai fəaliyyətinə və xidmətlərinə görə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1996-cı ildə "Şöhrət" ordeni, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni və Azərbaycanda tibb elminin inkişafında roluna, tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
2020-ci il dekabrın 16-da tanınmış elm xadimi, ictimai xadim, minlərlə anaya körpələri ilə birlikdə şəfa verən təbib Adilə Namazova dünyasını dəyişib.
O, bilik və bacarıqlarına, zəngin təcrübəsinə ehtiyac duyulan bütün sahələrdə faydalı olmağa çalışırdı.
Gənc təbibi ölkəmizdə pediatriya elmi məktəbinin olmaması problemi uzun müddət idi ki, narahat edirdi. Bu məqsədlə alim Azərbaycanda ilk dəfə E.Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında xüsusi biokimyəvi laboratoriya və ürək, tənəffüs sisteminin funksional fəaliyyətini müəyyənləşdirən elektrofizioloji elmi mərkəz yaradır, istedadlı gənc həkimləri, tələbələri mərkəzdə elmi fəaliyyətə cəlb edir. Bununla Azərbaycanda yeni pediatriya elmi məktəbi formalaşmağa başlayır.
Azərbaycanda ilk dəfə olaraq Adilə Namazovanın rəhbərliyi ilə pediatriya elmi məktəbi inkişaf yoluna qədəm qoyur.
Anadangəlmə ürək qüsurlarının tədqiqinə töhfələr
Adilə xanım uşaqlarda ürək, qan-damar sistemi xəstəliklərinin öyrənilməsi, profilaktikası və səmərəli müalicə üsullarının tapılması ilə dərindən maraqlanırdı.
O, 1954-1957-ci illərdə Moskva şəhərində müəllimi G.N.Speranskinin elmi rəhbərliyi ilə tədqiqat iş üzərində gərgin əmək sərf edir və çalışdığı uşaq xəstəlikləri kafedrasında bu istiqamətdə təcrübəsini artırır.
Alim öz tədqiqatında yeni kompleks elektrofizioloji üsullar - oksigemometriya, pnevmotaxometriya, venoqrafiya, pletizmoqrafiya və s. istifadə edərək ilk dəfə uşaqlarda revmatizmin fəal mərhələsində ürək və qan-damar sisteminin funksional vəziyyətini, ürək əzələsində baş vermiş, o dövrə qədər öyrənilməmiş patoloji dəyişikliklərin mərhələsini, dərəcəsini öyrənir, şərhini verir, rasional müalicə üsullarını təklif edir.
Həmyerlimiz Moskvanın dünya şöhrətli elm mərkəzində xəstə uşaqların gələcəkdə sağlam, cəmiyyətə yararlı olması üçün fərdi həyat şəraitini qurması, davranışı, ixtisas, sənət seçməsi haqqında tədbirlər kompleksi tərtib edir, səmərəli təkliflər irəli sürür.
Bu tədqiqatların yekunlarını ümumiləşdirməklə Adilə Namazova SSRİ Səhiyyə Nazirliyinin Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasında müdafiə etdiyi dissertasiya işi ilə diqqət mərkəzində olur, dünyanın görkəmli alimləri bu elmi işi yüksək qiymətləndirir.
Adilə xanımn XX əsrin altmışıncı illərinə qədər hələ də öyrənilməmiş və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının müəyyən edilməsində ciddi səy göstərərək tədqiqatlar həyata keçirir.
Azərbaycanın pediatrı alimi bu axtarışları ilə dünyada, ilk olaraq, uşaqlarda vektorkardioqrafiya, rentgen-elektrokimoqrafiya tətbiq edərək, ürəkdaxili və böyük damarların zondlaşmasından, angiokardioqrafiyadan istifadə edərək ürəyin ayrı-ayrı boşluqlarında qan təzyiqinin səviyyəsini, oksigen, karbon qazının tutumunu öyrənməklə ağ ciyər damarlarının müqavimətini müəyyənləşdirir.
Adilə Namazova SSRİ Dövlət İxtira Komitəsindən 5 ixtira vəsiqəsini elmdəki bu yeniliklərinə görə əldə edir. Elmi araşdırma əsasında anadangəlmə ürək qüsurlarının düzgün topik diaqnozunu dəqiqləşdirərək Adilə xanım kiçik qan dövranında durğunluğun dərəcəsini, qan təzyiqinin səviyyəsini öyrənir, ilk dəfə olaraq ürək cərrahlarına və pediatrlara gündəlik işlərində istifadə etmələri üçün öz təsnifatını, konsepsiyasını tərtib edir.
Bütün bunlara əsaslanaraq yenilikçi alim ürək üzərində cərrahi əməliyyatın aparılmasına göstəriş və əks göstərişi təyin edir, cərrahiyyədə isə hansı əməliyyat üsulunun uşaq orqanizmi və ürək üçün zərərsiz aparılmasını və əlverişli olduğunu sübuta yetirir.
Adilə Namazova dünyada ilk və yeganə pediatr idi ki, uşaqlarda anadangəlmə ürək qüsurları zamanı belə sanballı, çoxtərəfli, dərin elmi tədqiqatlar aparıb konservativ və cərrahi müalicə üsullarını işləyir, fəsadların qarşısını almaq tədbirlərini təklif edir, ürək üzərində aparılası cərrahi əməliyyatın proqnozunu verir, cərrahi əməliyyatdan sonrakı yaxın və uzaq dövrlərdə (1 ilə qədər, 5 ildən sonra) olan müsbət və mənfi dəyişiklikləri bütün dəqiqliyi ilə ətraflı öyrənir.
Azərbaycanda bioetikanın aktuallığı artır
Azərbaycanda müasir tibb təhsilinə bioetika fənninin inteqrassiyası və tətbiqi işində də akademik Adilə xanım Namzaovanın xidmətləri danılmazdır. Onun rəhbərliyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) bu istiqamətdə fəaliyyəti xüsuilə diqqət çəkir.
Bioetikaya dair tədris vəsaitlərinin Azərbaycan dilində nəşri və bir sıra digər tədbirlərin reallaşdırılmasında APA-nın o zamankı rəhbəri, akademik Adilə Namazovanın böyük əməyi olub, bununla Azərbaycanda bioetikanın aktuallığının artamasına zəmin yaranıb.
Adilə xanım uzun illər AMEA-nın Tibbi Bioetika Komitəsinin, ATU-nun Tibbi Bioetika Komitəsinin üzvü kimi öhdəsinə düşən ictimai işləri də bacarıqla yerinə yetirib.
1999-2000-ci illərdə Assosiasiya ABŞ təhsil qrantını qazanır, tibbi bioetika üzrə təhsil proqramı və tədris materialları tərtib olunur. Proqram UNESCO-nun 11-ci sessiyası, Bakı Humanitar Forumu və digər mötəbər beynəlxalq tədbirlərdə, eləcə də Təhsil Nazirliyində təqdim edilir.
Azərbaycan Pediatrlar Assosiasiyası sağlam cəmiyyət quruculuğu yolunda
Adilə xanım 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, 1995-ci ildə Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Ümumdünya Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü seçilib, 1997-ci ildə Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və başqa Türkdilli ölkə Pediatrlarının IV Beynəlxalq Konqresinin prezidenti olub. Hələ keçmiş SSRİ dövründə bir çox görkəmli alimlərlə dostluq əlaqələri Azərbaycanda pediatriya elminin inkişafına əlverişli zəmin yaradıb.
Müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyəti də yüksək səviyyədə dəstəklənib.
Eyni zamanda, akademik Adilə Namazovanın Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın və Ulu öndər Heydər Əliyevin səmimi ürək dostu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə əlverişli zəmin yaradıb.
Assosiasiyanın fəliyyətinə belə rəğbətin nəticəsidir ki, bu gün Azərbaycan Pediatrlar Assosiasiyası beynəlxalq səhiyyə təşkilatlarına inteqrasiya olunmuş ən köklü təşkilatlardandır və ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə təmsil edir.
Ömrünün 70 ilə yaxın bir dövrünü səhiyyəmizin, tibb elminin inkişafına, şəxsi nümunəsində yeni həkim nəslinin, yüksək ixtisaslı tibb mütəxəssislərinin yetişdirilməsinə həsr edən, insanlara şəfqət sovqatı bəxş edən pediatr alim bu yolda səmimiyyətlə, ardıcıl və yorulmadan fəaliyyət göstərib. Onun rəhbərliyi ilə yaratdığı elmi məktəbin yetirməsi olan 60-dan artıq alim namizədlik və doktorluq dissertasiyasını müdafiə edərək, təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həkimlik və elmi fəaliyyətlərini uğurla davam etdirirlər.
Akademik Adilə Namazovanın böyük məktəbini keçən həkim nəsli bu gün də sağlamlığın keşiyindədir.
Təranə TAĞI-ZADƏ
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun dosenti, tibb üzrə fəlsəfə doktoru