|
|
|
|
Görkəmli maarif xadimi, Əməkdar müəllim, peşəkar publisist, yazıçı, istedadlı şair, dramaturq, tərcüməçi, fədakar elm adamı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Cəmo bəy Cəbrayılbəyli Azərbaycanda milli təhsilin təşəkkülündə və tərəqqisində müstəsna xidmətləri olan, gənclərin vətənpərvərlik ruhunda böyüməsində böyük əmək sərf edən, məşhur pedaqoqlardan Mahmud bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Səməd bəy Hacıəliyev (Acalov), Pənah Qasımov, Abdulla bəy Əfəndizadə, Nurməmməd bəy Şahsuvarov və digərləri ilə ön sırada, çiyin-çiyinə ləyaqətlə dayanan təhsil üzrə təcrübəli mütəxəssis, parlaq şəxsiyyət idi. Onun mənalı həyatı, zəngin yaradıcılığı, dəyərli elmi və bədii irsi uzun onilliklərdən bəri elmi araşdırmalardan, ərəb, kirill qiyafəli yazı daşıyıcılarında diqqətdən, qayğıdan və nəşrlərdən kənarda qalıb.
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci il yanvar ayının 29-da Şamaxı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Cəmo bəyin atası Adil bəy Cəbrayılbəyli Şamaxıda Quberniya Məclisinin Ruhani İdarəsində mirzə vəzifəsində işləyirdi. Onun bir oğlu, beş nəfər qızı var idi.
Cəmo bəyin yazdığı "Tərcümeyi-hal"ına əsasən o, 1898-ci ildə - 11 yaşında Şamaxı şəhər ali-ibtidai məktəbinə daxil olur. Bu məktəbdə Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər Seyidzadə Cəmo bəyin ana dili və şəriət müəllimi olub. Həqiqətən Mir Cəfər müəllim Cəmo bəyin təhsil almasında və ödənişdən azad edilməsində mühüm rol oynayıb, məktəbdən kənarlaşdırılmasına imkan verməyib.
C.Cəbrayılbəyli hələ 10-12 yaşından xalq musiqisini, muğamları çox sevirdi, o qeyd edirdi ki, "tar çalmağı və muğamatı da mənə ilk dəfə Naseh öyrətmişdir". O sonralar məşhur şamaxılı xanəndə Mirzə Məmmədhəsəni toylarda, məclislərdə dinləməkdən yorulmazdı. Cəmo bəy Şamaxı şəhər 6 sinifli ali-ibtidai məktəbində rus dilini mükəmməl öyrənir, tanınmış tarzən Mehdiqulunun dəstəyilə tar çalmaq sahəsində təcrübəsini təkmilləşdirir, musiqi müəllimi Avtandil Qriqoryeviçin köməkliyi ilə musiqi alətlərindən skripka, gitara və mandolinada Azərbaycan, rus və Avropa musiqilərini ifa etməyi çox sevirdi. Təhsil illəri şəhər məktəbində görkəmli maarif xadimi Qafur Rəşad Mirzəzadə (1884-1943) ilə bərabər keçir, yaxından dostluq edirlər. Hər iki gənc oxuyub müəllim olmaq, maarif işinə töhfələr vermək arzusu ilə çalışırdılar. Qafur Rəşadla Cəmo bəy 1902-ci ildən müəllimlik təcrübəsinə, tədris metodikasının sirlərinə dərindən bələd olmaq üçün Şamaxı Realnı məktəbinə bərabər gedib-gələrdilər...
Cəmo bəy 1902-ci il 31 yanvar tarixində günorta "İmamzadə" pirinin yaxınlığında yerləşən evlərində məşhur Şamaxı zəlzələsinin dəhşətini yaşamışdı. Xoşbəxtlikdən Cəbrayılbəyli ailəsinin üzvlərindən heç kəs dağıdıcı zəlzələnin şiddətindən ciddi zədə almamış, amma evləri tamamilə dağılmışdı. 15 yaşlı Cəmo bəy böyük şücaət göstərərək bu dəhşətli zəlzələ vaxtı iki nəfəri dağıntıların altından xilas etmişdi: onlardan biri öz nənəsi, digəri isə öz əmisi oğlu Əli Əşrəfin qızı, 3 yaşlı Şəfiqə Cəbrayılbəyli idi (Sonralar Şəfiqə xanımla Cəmo bəy ailə həyatı qurublar - A.R.). Dağıdıcı zəlzələ Şamaxının iqtisadi, ictimai və mədəni həyatına sağalmaz yaralar vurmuş, insanları evlərindən, doğma yurdlarından didərgin saldı. Şamaxıda tarixi abidələrin, mədəni-maarif ocaqlarının bərpasına, insanlarda qorxu, həyəcan stixiyasının dəf edilməsinə uzun illər vaxt tələb olunurdu.
C.Cəbrayılbəyli şəhər ali-ibtidai məktəbini bitirdikdən sonra - 1904-cü ildən fərdi təcrübəsi əsasında "üç-dörd şagirdin" repetitorluğu ilə məşğul olmağa başlayır. O 1907-1908-ci illərdə müvafiq fənlər üzrə ciddi hazırlaşır və Şamaxı Realnı məktəbində imtahanları verərək ibtidai məktəb müəllimi dərəcəsi alır. Təxminən bir ildən sonra, 1909-cu ilin oktyabr ayında Cəmo bəyi vaxtilə təhsil aldığı Şamaxı şəhər ali-ibtidai məktəbinin əlifba sinfinə müəllim təyin edirlər. Onun sevincli günləri yenə də uzun sürmür. Bir ay sonra C.Cəbrayılbəylinin əvəzinə Nikolayev soyadlı bir müəllimi dərs demək üçün Şamaxıya göndərirlər. Cəmo bəy əlacsız qalıb bir müddət repetitorluq fəaliyyətini davam etdirdikdən sonra yenidən sevimli məktəbinə qayıdır və müəllimlik işinə bərpa olunur. O şəhər ali-ibtidai məktəbində 1912-ci ilədək böyük həvəs və səy göstərərək işləməklə yanaşı, Şamaxının ictimai-mədəni həyatında da fəal iştirak edir. Xüsusilə, 1907-ci ildə Şamaxıda kitabxana və qiraətxananın açılışında, savad kurslarının yaradılmasında, teatr səhnəciklərinin göstərilməsində Cəmo bəyin müstəsna xidmətləri olmuşdur. 1907-ci il iyul ayında Şamaxıda kitabxana və qiraətxananın təntənəli açılışı ilə bağlı Cəmo bəy Cəbrayılbəyli yazırdı: "Teymur ağa Xudaverdiyev (Bələdiyyə sədri - A.R.) Şamaxının tarixindən, kitabxana və qiraətxananın mədəni ocaq olduğundan, əhəmiyyətindən danışdı. Əziz şairimiz Abbas Səhhət söz alıb qismən nəsr, qismən də nəzm ilə gözəl çıxış etdi. Sonra da söz mərhum Mirzə Ələkbər Sabirə verildi. Şair utana-utana, əli əsə-əsə, cibindən uzun lent şəkilli kağızını çıxartdı. Həmin kağıza yazmış olduğu "Elm" adlı şeirini oxudu...
O zamanlar qəza rəisi Fyodorov familiyalı, nisbətən maarifpərvər bir şəxs idi. O da çıxış etdi və qısa təbrik sözündən sonra dedi: "Ümidvaram ki, burası ancaq mədəniyyət ocağı olacaq və başqa təşəbbüslərə burada meydan verilməyəcək. Abbas Minasazov, Nəcəf Sadıqov, Əli İsmayılov və mən çıxış edib kitabxananın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz verdik" (C.Cəbrayılbəyli. "Xatirələrim", Bakı, Azərnəşr, 1966, səh.66).
Cəmo bəy söz verdiyi kimi həqiqətən də əlindən gələni əsirgəmədi, kitabxananın kitab və qəzet fondunun zənginləşdirilməsində, oxucuların cəlb olunmasında, mətbuat orqanlarına, xüsusilə "Molla Nəsrəddin" jurnalına abunə yazılışında şövqlə çalışır və şəhərdə mədəni-maarif işinin tərəqqisinə əmək sərf edirdi. Onun həmin dövrdə xeyriyyə cəmiyyətləri ilə isti fəaliyyəti, mesenatlarla, ziyalılarla mehriban şəxsi əlaqəsi, ictimaiyyət arasında nüfuz qazanması təlim və tədris sahəsində də uğurlarını şərtləndirirdi. Görkəmli şairlərimizdən Mirzə Ələkbər Sabir, Abbas Səhhət Cəmo bəyə hər zaman diqqət və qayğı göstərirdi. Onlar saf, möhkəm təməl üzərində dayanan əməl, əqidə dostları idi. Bu sarsılmaz dostluq barədə görkəmli maarif xadimi, ədib Abdulla Şaiq xatirələrində rəğbət hissi ilə yazmışdı: "Sabir və Səhhəti uşaq ədəbiyyatı ilə də maraqlandıran Mahmud əmi (Mahmud bəy Mahmudbəyov - A.R.) olmuşdur. Mahmud əmi hər iki şairin uşaqlar üçün yazdıqları əsərləri və tərcümələrini öz dərsliklərində çap etdirirdi. Mahmud əmidən başqa Sabirin və Səhhətin Əlicabbar Orucəliyev, Cəmo Cəbrayılbəyli və Firidun bəy Köçərli ilə də dostluq əlaqələri var idi" (Abdulla Şaiq. Əsərləri, V cild, Bakı, "Yazıçı", 1978, səh. 201).
Şair, qəzəl ustası Ağaəli Naseh isə Cəmo bəy Cəbrayılbəylinin yeznəsi, böyük bacısı Sultanxanımın həyat yoldaşı, yaxın məsləkdaşı və dostu kimi ondan diqqət və qayğısını heç vaxt əsirgəməzdi.
Sabir Şamaxıda "Ümid" məktəbini açanda ora dəvət etdiyi ilk müəllimlərdən biri gənc Cəmo bəy olur, ona sinif otaqlarını, "parta"ları, yazı taxtasını göstərmiş, "Məktəb, məktəb nə dilguşəsən" misraları ilə başlayan şeirini burada Cəbrayılbəyliyə oxumuşdu. Cəmo bəylə Sabirin yaxın dostluq əlaqələri 6 il - böyük satrik şairin vəfatına qədər davam edib. Bu ünsiyyətlərdən, təmaslardan, qonaqlıq məclislərindən Sabirin görüşlərinə, məclislərinə can atan gənc müəllim, təbii ki, daha çox faydalanıb.
C.Cəbrayılbəyli 1912-ci ilin oktyabr ayında şəhər ali-ibtidai məktəbindən azad olunur və Şamaxıda ilk dəfə yaradılan Birinci rus-tatar məktəbinə (Bu məktəblərə bəzən "Müsəlmani və rusi məktəbi" də deyilirdi - A.R.) müdir təyin edilir. Həmin il Azərbaycanda yeni tədris üsulu ilə tanınan "rus-tatar" məktəblərinin yaradılmasının 25 illik yubileyi keçirilirdi. Bakı şəhərində keçirilən yubiley tədbirlərinə Cəmo bəy Şamaxıdan nümayəndə olaraq göndərilmişdi. Yubiley haqqında Firidun bəy Köçərlinin məzmunlu, tutumlu bir məqaləsi "Məktəb" jurnalında dərc edilib. 25 illik yubiley Şamaxı şəhərində də təşkil edilmiş, məktəbin yaradıcılarından biri, Bakı quberniyası və Dağıstan vilayəti məktəblərinin müfəttişi Sultan Məcid Qənizadə də tədbirə dəvət olunub. Yubiley 1912-ci il iyul ayının bir bazar günü şəhər klubunda 50 nəfərə qədər qonağın iştirakı ilə keçirilmişdi. Yubiley tədbirində S.M.Qənizadə, Şamaxı realnı məktəbinin direktoru, general Sizemski çıxış etmiş, Cəmo bəy məclisdə məktəbin yaradıcıları Sultan Məcid Qənizadəyə və Həbib bəy Mahmudbəyova həsr etdiyi şeirini oxumuşdu:
Biri Sultan Məciddir eydə səbəb,
Digəri Həbib bəy ali nəsəb.
Çünki siz Şirvanın fəxarətisiz,
O solğun günəşin şətarətisiz.
Əhli-Şirvan edir sizi təbrik,
Qəlbən olmuş bu ehtirama şərik.
Cəmo bəyin rus-tatar məktəblərinin 25 illiyinə həsr etdiyi mənzuməsindən bir parça onu deməyə əsas verir ki, müəllifin şeiri duymaq və səriştəli yazmaq təcrübəsi var idi. Onun Sabir, Səhhət, Naseh kimi ünlü şamaxılı şairlərlə səmimi dostluq əlaqələri təsadüfi deyildi. Cəmo bəyin sonlar mətbuat orqanlarında mütəmadi dərc edilən ədəbi-bədii əsərləri də bu düşüncəni təsdiqləyir.
(Ardı var)