ABŞ Rusiyada yerləşən bəzi xəbər və media qurumlarına və şəxslərə sanksiya tətbiq etmək qərarına gəlib. 10 nəfəri, o cümlədən əvvəllər “Russia Today” kimi tanınan RT-nin əməkdaşlarını 2024-cü il prezident seçkiləri ərəfəsində dezinformasiya yaymaqda ittiham edib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Rusiyada yerləşən media orqanlarının ABŞ seçicilərinə təsir göstərməyə çalışdığı iddia edilib.
ABŞ Rusiyanı noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə ittiham edib. Bu kontekstdə o, Rusiyanın bəzi şəxsləri və təşkilatlarına qarşı hərtərəfli sanksiyalar elan edib.
ABŞ-nin baş prokuroru Merrik Qarland mətbuat konfransında Moskva administrasiyasını hədəf alan yeni sanksiyaları açıqlayıb.
O, iddia edib ki, Rusiyada yerləşən xəbər və yayım təşkilatları prezident seçkiləri ərəfəsində ictimai rəyi manipulyasiya etmək üçün dezinformasiyalar təqdim edib.
O, əvvəllər "Russia Today" kimi tanınan RT-nin iki əməkdaşını saxta şəxsiyyətlərdən istifadə edərək Tennessidə yerləşən prodüser şirkətinə 10 milyon dollar müqabilində Rusiya təbliğatını ehtiva edən 2000 video hazırlatmaqda ittiham edib.
ABŞ Ədliyyə Nazirliyi Rusiyanın istifadə etdiyi 32 internet domenini də ələ keçirib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi də sanksiya siyahısına RT əməkdaşları və Rahdit haker qrupunun üzvləri də daxil olmaqla 10 nəfəri daxil edib.
Malik Atilay
çap et