|
|
|
|
AMEA-nın Naxçıvan Bölməsində cari ildə muxtar respublikada fəaliyyət göstərən arxeoloji ekspedisiyaların yekunları ilə bağlı hesabatı iclası olub.
525.az xəbər verir ki, iclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 2024-cü ilin iyul-avqust ayları ərzində muxtar respublikada 6 arxeoloji ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Akademik bildirib ki, həmin ekspedisiyalardan 2-si AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, 4-ü isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həyata keçirilib. Belə ki, arxeoloji ekspedisiyalar AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin rəhbərliyi ilə Babək rayonu ərazisindəki Bülövqaya yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi ilə Şərur rayonu ərazisindəki I və II Xələc yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə Ordubad rayonu ərazisindəki Xaraba Gilan yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurlunun rəhbərliyi ilə I Maxta və II Kültəpə yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlovun rəhbərliyi ilə Babək rayonu ərazisindəki Meydantəpə yaşayış yerində, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərliyi ilə Şahtaxtı qədim abidələr kompleksində fəaliyyət göstərib.
Arxeoloji ekspedisiyaların fəaliyyəti, aparılan mühüm tədqiqatlar barədə fikirlərini dilə gətirən bölmə sədri qeyd edib ki, aparılan qazıntılar qədim dövr tariximizin daha dərindən öyrənilməsinə, bölgənin mədəni, iqtisadi inkişafı, eləcə də bölgə sakinlərinin həyat tərzi, dünyagörüşü, düşüncə sistemi barədə müfəssəl məlumat almağa kömək edir. Ümumilikdə arxeoloji tədqiqat mütəxxəssisdən böyük diqqət, işləmək əzmi və maraq tələb edir.
Çıxışının sonunda İsmayıl Hacıyev yekun hesabatı təqdim edən ekspedisiyalara gələcək araşdırmalarında uğur arzu edib.
Daha sonra AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev Bülövqaya arxeoloji ekspedisiyasının cari ildə əldə etdiyi nəticələr barədə hesabatı təqdim edib.
Vəli Baxşəliyev bildirib ki, Bülövqaya yaşayış yerində aparılan araşdırmaların elmi ədəbiyyatlarda yer alan bir sıra məlumatların dəqiqləşməsində böyük rolu vardır. Ekspedisiyanın əvvəlində 3 sahədə qazıntı aparılmış, mədəni təbəqənin qalınlığı nəzərə alınmaqla qazıntılar ikinci və üçüncü sahələrdə geişləndirilmişdir. Qazıntılar nəticəsində birtəbəqəli yaşayış yerinin aşkar olunduğu söyləyən arxeoloq həmin abidənin strukturu, buradan tapılan ocaq yerləri, əmək alətləri - dən daşları, cilalayıcı alətlər, itiuclu baltalar və s. haqqında məlumat verib.
Ekspedisiya rəhbəri qeyd edib ki, son araşdırmaların nəticəsi Naxçıvanda köçmə maldarlığın Neolit dövründə yarandığını deməyə əsas verir. Yaşayış yerində aşkar olunan sadə, cilalı, boyalı keramika nümunələri, xüsusilə boyalı keramikanın çoxluğu abidənin əhəmiyyətini daha da artırır. E.ə. V minilliyin ortalarına aid yaşayış yerinin Übeyd mədəniyyəti ilə bağlılığı yerli əhalinin Mesopotamiyadakı Übeyd tayfaları ilə iqtisadi-mədəni əlaqələrinə işarə edir. Məhz bu səbəbdəndir ki, Zəngəzur obsidianı zamanla qədim Şərqə yayılmağa başlamışdır.