525.Az

“Ölüm dəstələri” yaradan sabiq prezident vəfat edib


 

“Ölüm dəstələri” yaradan sabiq prezident vəfat edib<b style="color:red"></b>

İnsanlığa qarşı cinayətlər və korrupsiya ittihamı ilə 16 il həbsdə yatmış Perunun keçmiş prezidenti Alberto Fuximori 86 yaşında xərçəng xəstəliyindən vəfat edib.

525.az xəbər verir ki, bu barədə onun yaxınları “X” sosial şəbəkəsində paylaşım ediblər.

Hazırkı dövlət başçısı Dina Boluartenin ofisi onun ölümü ilə bağlı ailəsinə başsağlığı verib, ölkədə 3 günlük matəm elan edilib.

Perunun keçmiş avtoritar lideri dekabr ayında Konstitusiya Məhkəməsinin "humanitar əsaslarla" verdiyi qərardan sonra Lima həbsxanasından azad edilib.

O, 1990-2000-ci illərdə prezidentliyi dövründə baş vermiş korrupsiya və bəşəriyyətə qarşı cinayətlərə, o cümlədən 1990-cı illərin əvvəllərində solçu hərəkatlara qarşı mübarizə zamanı “ölüm dəstələri” tərəfindən dinc insanların qətliamına görə 25 il həbs cəzasına məhkum edilmişdir.

İyul ayında qızı onun 2026-cı ildə dördüncü dəfə Peru prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırdığını söyləyib.

Fuximori Perunun ilk Asiya əsilli prezidenti olub. 1990-cı il seçkilərində o, dünya şöhrətli dramaturq, Nobel mükafatı laureatı Mario Varqas Llosa üzərində sürpriz qələbə qazanıb. İqtisadiyyatda neoliberalizmin tərəfdarı olan Alberto Fuximori həm sol, həm də sağ hərəkatlar tərəfindən qitənin bir çox başqa ölkələrində təkrarlanan “avtoritar və populist” modeli təbliğ edirdi. Fuximori həm də insan hüquqlarının pozulmasına görə mühakimə olunan və Haaqa məhkəməsində deyil, öz ölkəsində həbsə məhkum edilən ilk keçmiş dövlət başçısı idi.

Pərvanə Sultanova

 





12.09.2024    çap et  çap et