Xəbər verildiyi kimi, Azərbaycanda Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılacaq. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması nəzərdə tutulub.
Fərmana əsasən, yeni yaradılan agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.
Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi fəaliyyət göstərəcək. Göründüyü kimi, yeni qurumun fəaliyyət istiqamətləri həm rəqabətin daha yaxından müdafiəsi, həm də antiinhisar fəaliyyəti baxımından vacib sahələrdir.
Yeni dövlət qurumunun yaradılması nəyi dəyişəcək?
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, inhisara qarşı mübarizədə mərkəzi icra hakimiyyəti orqanının yaradılması islahatların daha da dərinləşməsinə institutsional dəstək kimi xarakterizə olunmalıdır: “Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisara qarşı mübarizənin daha da gücləndirilməsi və rəqabətin müdafiəsi daha prioritetləşib. Bir sıra region və əksər inkişaf etmiş ölkələrdə, o cümlədə, qonşu Gürcüstanda rəqabətin müdafiəsinə xüsusi qurum nəzarət edir. Bu baxımdan, xidmətin mərkəzi icra qurumuna çevrilməsi həm beynəlxalq institutsional praktikaya uyğundur, həm də yeni qanunverici aktların qəbulundan sonra vacib qərardır. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi fəaliyyət göstərəcək. Göründüyü kimi, yeni qurumun fəaliyyət istiqamətləri həm rəqabətin daha yaxından müdafiəsi, həm də antiinhisar fəaliyyəti baxımdan vacib sahələrdir. Bir müddət oncə Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən etdi. Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəflədiyindən bu sahədə idarəetmənin çevikliyi çox önəmli idi. Çünki yeni qurumun yaranmasında da məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir addımdır”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bazarın strukturunun təkmilləşdirilməsi, rəqabətin dərinləşdirilməsi, inhisarçı meyllərlə mübarizə, sövdələşmələrin qarşısının alınması, istehlakçı hüquqlarının müdafiəsi kifayət qədər iddialı hədəflərdir. Bu istiqamətdə qısa müddətə nəticələrin əldə edilməsi çətindir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması və onun öz funksiyalarını daha çevik şəkildə idarə etməsi bu istiqamətdə mübarizəni irəliyə aparması üçün imkanlar formalaşdırır: “Qanunvericiliyin tələbinə uyğun olaraq yeni yaradılan qurumun fəaliyyətinin təşkil edilməsi mümkün olsa, prosesi ictimai faydaları növbəti iki ildən sonra daha çox müşahidə edilməyə başlayacaq. Burada qısa müddətdə hansısa müsbət nəticələrdən danışmaq isə hələlik çox tezdir”.
Ekspert hesab edir ki, proses daha çox bazarda trendlərin dəyişməsi ilə bağlıdır: “Bazarda təklif bolluğunun yaradılması, hüquqi əsasların formalaşması ilə bağlı məsələlər var. Eyni zamanda məhkəmələrin bu istiqamətdə təcrübələrinin təkmilləşdirməsi də zəruri amillərdəndir”.
Rəşəd Həsənovun sözlərinə görə, qısa müddətli dövrdə bazarlarda qiymətlərin və yeni yaradılmış qurumun funksiyalarına uyğun olaraq digər istiqamətdə dəyişikliklərin olması gözlənilmir.
İqtisadçı-ekspert Elşad Məmmədovun dediyinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasından sonra bazarlarda qiymətlərin tənzimlənməsi ilə bağlı gözləntilər var. Bu xüsusda antiinhisar siyasəti ilə istehlak bazarında vəziyyətin tənzimlənməsi ilə məşğul olmalı olan qurum təbii olaraq qiymətlərin sabitləşməsinə və mümkün olan hallarda qiymətlərin endirilməsinə uyğun olaraq müvafiq işlər görməlidir. O qeyd edib ki, süni olaraq qiymətləri artıranlara qarşı yeni yaradılan qurumun təsir etmək üçün geniş səlahiyyətləri olmalıdır: “Effektiv fəaliyyət forması qurularsa, bu istiqamətlər üzrə müsbət dəyişikliklər gözlənilə bilər. Çünki bu gün istehsalçı qiyməti ilə satış bazarlarındakı qiymətlər arasında kəskin fərqlər var”.
Ekspert hesab edir ki, qiymətləri süni şəkildə artırmaq yolverilməzdir: “Pərakənda satış bazarlarında məhsulun qiymətinin istehsalçıdan alınandan dəfələrlə artıq olması müvafiq istiqamətə cavabdeh olan qurumun fəaliyyətindəki boşluqlarla bağlıdır. Antiinhisar siyasəti effektiv şəkildə aparılarsa, istehlak bazarındakı durum tənzimlənərsə, bu cür hallar yaşanmaz”.
Elşad Məmmədova görə, maksimum şəkildə istehsalçı qiymətləri ilə son satış bazarlarındakı qiymətlər arasında mütənasibliyə nail olmaq lazımdır: “Bunun üçün antiinhisar tədbirləri daha da sərtləşdirilməlidir. Digər tərəfdən antiinhisar siyasəti ilə bağlı müvafiq qararlar verilməlidir. Eyni zamanda bu sahəyə cavabdeh olan qurumun (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) fəaliyyəti təmin olunmalıdır”.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib ki, İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında eyni adlı agentliyə çevrildi. Yeni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi artıq haqsız rəqabət sektorunda, istehlakçıların hüquqlarının qorunması sahəsində söz sahibi olan, dövlət nəzarətini və tənzimləməni həyata keçirən mərkəzi icra orqanıdır. Bununla bağlı Prezidentin imzaladığı fərman çox əhəmiyyətlidir: “Əlbəttə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müstəqil olması daha yaxşı ola bilərdi. Amma düşünürəm ki, bu qurumun Prezident yanında yaradılması indiki anda onun imkanlarını, istehlakçıların hüquqlarının qorunmasındakı rolunu, ən əsası isə inhisarçılarla "vuruşmadakı" mövqeyini xeyli gücləndirəcək. Təsəvvür edin ki, “Aztelekom”la Antiinhisar arasında uzunmüddətli və çoxsaylı məhkəmə çəkişmələrinin indiki mərhələsində hakim “Antiinhisar” sözünün qarşısında “Prezident yanında” sözü də işlətməlidir. İnanıram ki, faydası olacaq. Düşünürəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rolunun gücləndirilməsi ilə bağlı indiki situasiyanın formalaşmasında hazırda mediada, sosial mediada, xüsusilə də feysbukda və TikTok-da “internet böhranı” ilə bağlı etirazların da böyük rolu olub".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə deyib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yanacağın keyfiyyətindən tutmuş digər neqativ hallarla bağlı insanların şikayətlərini dinləyəcək: “Qurum ancaq cənab Prezidentə tabe olduğu üçün bu sahədə ciddi dəyişikliklərin olacağına inanıram”.
Sözsüz ki, bu qurumun işi o qədər də asan olmayacaq. Çünki ölkədə rəqabət mühitini formalaşdırmaq və dayanıqlı saxlamaq üçün böyük güc və əzm lazım gələcəkdir. Süni qiymət artımlarının qarşısını almaq, haqsız rəqabəti və ədalətsiz bazar şərtlərini aradan qaldırmaq, idxal "monopoliyası" ilə mübarizə aparmaq, manipulyasiyaların və spekulyasiyaların qarşısını almaq və onlarla digər böyük işlər görmək məhz bu yeni agentliyin vəzifə öhdəlikləri olacaq.
Sevinc QARAYEVA