Tağı Türk, yazar:
- Rəsmi Tehran paytaxtı cənuba köçürməyi düşünür.
Şimalda təhlükə var?!
Yoxsa, düşündüyümüz ssenarilər həqiqət olacaq?
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Nə üçün "Formula 1" yarışması bu dəfə 13-15 sentyabra salınıb?
İlk dəfədir ki, Bakıda "Formula 1" sentyabr ayında keçiriləcək.
Təsəvvür edin ki, bu qərarı verənlər nə qədər "qurd ürəyi" yeyiblər. Yəni düşünürəm ki, onlara da Bakının mərkəzində, ən çətin günlərdə yarış təşkil etmək qərarını vermək asan olmayıb.
Ölkə üzrə dərslərin başlandığı bir gündə, Bakının mərkəzində, 10 məktəbin yerləşdiyi bir ərazidə belə bir kütləvi tədbirin keçirilməsi haqqında qərar qəbul etmək təşkilatçılar üçün də çox riskli ola bilərdi.
Bu yarışla çox maraqlanmadığımdan onun dəqiq vaxtı ilə bağlı təşkilatçıların qərarının nəyə əsaslandığını deyə bilmərəm.
Amma tam əminəm ki, qərar data əsaslı olub.
Ən azı təşkilatçıların əlindəki data bu qərarın qəbulunda böyük rol oynayıb.
Onların əlində dəqiq data olub ki, əvvəlki yarışlarda İŞTİRAK EDƏN və MARAQ GÖSTƏRƏN uşaqlar və tələbələr üçün, onların valideynləri üçün, həmçinin yarışın təşkilində müstəsna rol oynayan könüllülər üçün məhz "13-15 sentyabr" ən uyğun vaxtdır.
Güman ki, ən uyğun tarixlərin seçilməsində süni intellektdən də istifadə ediblər.
İstisna etmirəm ki, başqa əsaslar da olmamış deyil.
Ümid edirəm Formula 1 Qran-Prisi təşkilatçıları bu tədbirin təşkili günlərində sürücülərə, sərnişinlərə, dövlət qurumlarına və biznesə də nə qədər çətinliklər yaşatdıqlarının fərqindədirlər.
Bunu bilmək üçün isə data filana da ehtiyac yoxdur.
lll
Beynəlxalq Komitə üzvü olan professorumuzun Misirə getməsinə kim mane olub?
Məlum olduğu kimi, bir neçə gün öncə Misirdə növbəti Beynəlxalq İnformatika Olimpiadası - İOİ 2024 başa çatıb. Dünyanın ən nüfuzlu, bütün qlobal şirkətlərin izlədiyi, mötəbər bir beynəlxalq yarışmadır.
Bu olimpiadada 4 qızıl aldığı bildirilən Çin komandasına aid bir skandal ilə bağlı, İOİ qaydalarını pozduqlarına görə 2 qızıl medallarının əlindən alınması ilə bağlı İOİ Beynəlxalq Komitəsinin qərarı olduğunu öyrəndim.
Qərarı Beynəlxalq Komitə verdiyindən, bu qeyd etdiyim faktı dəqiqləşdirmək üçün qurumun hazırda Azərbaycandan olan üzvü, ADA Universutetinin professoru, buradakı İT Məktəbin keçmiş dekanı Araz Yusubov ilə əlaqə saxladım.
Və dəhşətə gəldim.
Məlum oldu ki, Araz müəllim pul tapa bilmədiyinə görə bu mötəbər tədbirə qatıla bilməyib.
Təsəvvür edin, Azərbaycan üçün şərəf gərirən, nüfuzlu bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunan azsaylı şəxslərdən biri olasan, amma pulsuzluqdan orada iştirak edə bilməyəsən.
Araşdırma ilə müəyyən etdim ki, Araz Yusubov çox çalışıb ki, vəsait əldə etsin. Lakin nə bu sahəyə məsul qurum olan Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu, nə sponsor olan "Azercell", nə də Olimpiadaya Hazırlıq Mərkəzi Beynəlxalq Komitə üzvünün səfərini maliyyələşdirə bilib. Hansı ki sadəcə yol xərci, təxminən 2-3 min manat ödənilməlidir.
Doğurdanmı adı çəkilən qurumlar bu vəsaiti tapa bilməyiblər? Görəsən, 4-5 nəfər komanda üzvü üçün yol xərcinin ödənildiyi halda, bu olimpiadanın rəhbəri statusunda olan bir şəxsin yol xərci üçün vəsait tapılmaması nə dərəcədə ağlabatandır?
Kim edib bunu, nə üçün edib?
Bilmirəm, burada sadəcə sayğısızlıq və diqqətsizlik olub, yəni qəsdən olmayıb, bəlkə sadəcə məsuliyyətsizlik olub. Yaxud da kiminsə intriqaları, ambisiyaları, gözü götürməzliyi, paxıllığı, ya nəsə bu tip pis niyyətləri olub.
Mən təxmin edirəm nə baş verib.
Ümid edirəm bir daha təkrarlanmaması üçün, bu tip proseslərdə Azərbaycan maraqlarının və sadəcə ədalətin təmin edilməsi üçün nazir Emin Əmrullayev araşdırma və tədbir görmək üçün tapşırıq verəcək.
Amma acı reallıq odur ki, biz bir çox halda özümüzünkülərə dəyər verə bilmirik.
Təsəvvür edin, Beynəlxalq Komitə seçkili qurumdur, Çin, Braziliya, Fransa kimi ölkələrin nümayəndəsi İOİ Beynəlxalq Komitəsinə seçkilərdə uduzur, bizim professor qalib gəlir, amma toplantılara və tədbirlərə getməyə pul tapmır.
Ağlasığmazdır və çox təəssüf edirəm.
Dilqəm Əhmad, jurnalist:
- Nahar edirdik. Masamızdakı gənc şəxs Qarabağ Universitetinin fəaliyyətindən həvəslə danışırdı. Soruşdum, "müəllim, sizin vəzifəniz nədir?" Dedi "Qarabağ Universitetinin rektoru Şahin Bayramov".
Şahin müəllim dedi ki, incəsənət fakültəsi Şuşada yerləşəcək. Xocalıda aqrar fakültə olacaq. Tibb fakültəsi də açacağıq.
Fəridə Aslanova-Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:
- AzTV-nin teleqram səhifəsi televizorda göstərilən AzTV-dən daha maraqlıdır.
İdeya kimindirsə, alqışlayıram. Çünki heç kəs televizoru cibində gəzdirmir. İnformasiya mənbəyi daha əlçatan olub.
Zamanla ayaqlaşmayanda, zaman adamın üstündən ayaqlayıb keçir. AzTV-nin teleqram hesabı əlimin altında, televizorun pultunu divanın altından tapıb (qardaşımın uşağı tullayıb) batereyasını taxana qədər iş-işdən keçir.
Ey gidi dünya, hər aşiqin bir dövranı var, amma görünən dağa da bələdçi olmaz. AzTV əfsanədir. Əfsanələr ölmürlər. Bədii ədəbiyyatda da belədir. Oradakı mif, əsatir və əfsanələr əbədiyaşardılar. Bəs necə yaşayırlar? Vaxt keçdikcə formasını dəyişib müxtəlif əsərlərin tərkib hissələri olsalar da, məzmunu dəyişmir. Bilmirəm, fikrimi düzgün ifadə edə bildim, ya yox? Kim də AzTV-ni cansıxıcı hesab etsə də, mənimçün xoşdur. Könül sevən göyçək olar. Düzdür, bu kanal bir zamanlar əksəriyyətimizin əlçatmaz-ünyetməz plotonik eşqi idi. Çeşid müxtəlifliyi, seçim imkanlarının var olduğu bir dönəmdə bu zirvəni qorumaq o qədər də asan iş deyil. Amma bəzi özəl kanallardakı şit, duzsuz verilişləri görəndən sonra AzTV-dən bərk yapışmışam. Uşaqlıqdan şüuraltımızda silinməz, xoş duyğular yaradan, öz sanbalını saxlayan AzTV-ni (Mədəniyyət), unutmaq olarmı? Əsla!
Səadət H.Məmmədova, jurnalist:
- Himnimizi oxuyan gözəl xanım almandır, adı Karendir. O, istedadlı və şöhrətli Manafzadələr ailəsinin gəlinidir. Tanınmış pianoçu İslam Manafov uzun illərdir Türkiyədə çalışır. Onun övladları Abuzər Manafzadə və Turan Manafzadə isə Azərbaycanın fəxri sayılan gənclərdəndir. Hər ikisi yüksək səviyyəli musiqiçidir. Abuzər Avstriyada yaşayır və musiqi sahəsində fəaliyyət göstərir. Karen Abuzərin həyat yoldaşıdır.
Hələ 4 il əvvəl biz CBC TV-də onların haqqında reportaj hazırlayanda Karen Azərbaycan dilini və bizim mahnıları öyrənirdi. Deyirdi ki, Azərbaycanı, azərbaycanlıları və milli musiqimizi çox sevir. İllər keçib, Karen Azərbaycan dilini gözəl öyrənib və gözəl də oxuyur.
Əhsən, Karen!
Sənin ifanda digər mahnılarımızı da eşitmək maraqlı olardı...
Asif Nərimanlı, jurnalist:
- Paşinyan sülh sazişi layihəsinin 13 maddəsi və preambulasının razılaşdırıldığını bildirir. Qeyd edir ki, "iki cümlədən ibarət 3 maddə qismən razılaşdırılıb, həmin maddələrdəki cümlələrdən biri də razılaşdırılıb, digəri yox".
Razılaşdırılmayan 3 maddənin nədən ibarət olduğu rəsmi şəkildə açıqlanmır. Bununla bağlı müəyən təxminlər irəli sürmək mümkündür:
1. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyası və normativ-hüququ aktlarının dəyişdirilməsidir: mümkündür ki, Ermənistan Azərbaycana qarşı adekvat tələblə çıxış edir, yaxud daxili qanunvericiliyin layihəyə salınmasını istəmir; hələ iyun ayında Ermənistan XİN bəyan edirdi ki, "sülh sazişi layihəsində "tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz" müddəası var, buna görə Konstitusiya məsələsi bura aid edilməməlidir";
Razılaşdırılmayan maddələrdən biri bu ola bilər. İstisna deyil ki, "tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz" cümləsi razılaşdırılsa da, "Konstitusiya və normatik-hüququ aktların dəyişdirilməsi" qeydinin bura daxil edilməsi müzakirə edilir.
2. Sərhədin delimitasiyasının hansı prinsiplərlə aparılmasıdır. Delimitasiya prosesi sülh sazişinin imzalanmasından sonraya saxlanılıb, lakin bunun layihədə necə əks olunması ilə bağlı fikir ayrılığını mövcudluğu aydın görünür:
- İrəvan "delimitasiyanın Alma-Ata bəyanaməsinə uyğun aparılması" (SSRİ dağılanda mövcud olan xətlər) prinsipinin layihədə əks olunmasını istəyir və bundan gələcəkdə istinad nöqtəsi kimi istifadə etməyi planlaşdırır;
- Bakı əvvəlcə layihədə delimitasiya ilə bağlı heç bir qeydin yer almasını istəmirdi, lakin 19 aprel razılaşmasından sonra vəziyyət dəyişdi. Razılaşmaya görə, delimitasiyada əsas baza prinsipi kimi Alma-Ata bəyannaməsi götürülüb, lakin qeyd olunur ki, "gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq". Bu o deməkdir ki, Bakı delimitasiyada baza prinsipinin sülh sazişində əksini tapmasına nail olmalıdır, əks təqdirdə, baza prinsipi Alma-Ata bəyannaməsi olaraq qalacaq. Mümkündür ki, rəsmi Bakı sülh sazişi layihəsində bu prinsipi dəyişmək, SSRİ dövrünün xəritələrinin əsas götürülməsi qeydini daxil etmək istəyir.
3. Bu, ən müəmmalı bənddir, çünki tərəflər arasında əsas ziddiyyətli məsələ kommunikasiyanın hansı prinsiplərlə açılması idi. Ki, qarşılıqlı razılaşma ilə bu bənd sülh sazişi layihəsindən çıxarıldı. Bu halda razılaşdırılmayan bəndlə bağlı əsas və əlavə olmaqla iki ehtimal qalır.
- əsas ehtimal: qaçqınların qayıdışı - Qərbi azərbaycanlıların qayıdışı və emənilərin yenidən Qarabağa yerləşməsi; İrəvan bu iki məsələ arasında bərabərlik qoyur, hərçənd, azərbaycanlılardan fərqli olaraq, ermənilər beynəlxalq hüquqa əsasən qaçqın statusuna malik deyil; bu məsələnin hər iki tərəf üçün əlavə çağırışlar yaradacağı fonunda onun sülh sazişi layihəsinə daxil edilməsinə münasibət "soyuq" ola bilər;
- əlavə ehtimal: üçüncü bəndlə bağlı daha az ehtimal olunan versiyalardan biri də Minsk qrupunun de-yure buraxılması ilə bağlı ola bilər. Bu, Bakıya lazımdır, çünki bu qrupun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə "dayaq nöqtəsi"nə çevrilə bilər. Məsələnin layihəyə salınması belə bir perspektivin qarşısını alacaq. Ermənistan regionda şərtlərin dəyişməsi və Azərbaycana qarşı təsir rıçağı əldə etmək ümidi ilə bu məsələdə maraqlı deyil. Bu ehtimal zəif görünsə də, istisna edilməməlidir.
Ermənistan tərəfi razılaşdırılmayan bəndləri saxlamaqla sülh sazişi layihəsinin imzalanmasını istəyir və bununla həm konstitusiya məsələsini arxa plana keçirə, həm delimitasiya prosesində istədiyibaza prinsipini qoruya, həm də razılaşdırılmayan üçüncü bəndi təxirə sala bilər. Azərbaycan isə regionda sülhün davamlı və uzunmüddətli olması üçün "menyu" yox, "paket həll" variantından çıxış edir.