İlahə SƏFƏRZADƏ
Müharibə ədəbiyyatı savaşın müxtəlif aspektlərini, insanlarda iz qoyduğu psixoloji zədələri dərindən analiz edərək onun təsirlərini həm fərdi, həm də ictimai səviyyədə dərindən anlatmağa çalışır. Müasir dövrdə bu mövzuda ədəbiyyatımızda realizmdən simvolizmə, şəxsi təcrübələrdən geniş sosial təhlilə qədər müxtəlif növ əsərlər yazılır. Çağdaş nəsrimizdə müharibə mövzusunda yazılmış və ən əsası baş qəhrəmanının qadın olduğu əsərlərdən biri Meyxoş Abdullahın "Əsir qadın" romanıdır. Əsərin təhlilinə keçməzdən öncə qeyd edim ki, XXI əsr Azərbaycan nəsrində müharibə mövzulu əsərlərin, demək olar ki, hamısında məğrur qadın obrazları yaradılıb. Onlar başlarına nə gəlməsindən asılı olmayaraq hər məşəqqətə dözmək bahasına olsa da, öz xarakterlərindən dönmür, mənən əyilməz və sadiqdirlər. Elinə, vətəninə, torpağına, evinə və uşağına sevgi ilə bağlıdırlar və məhz bu səbəbdən də düşmən əlinə keçən zaman əksəriyyəti bununla barışa bilməyib öz həyatına son qoymaq həddinə belə çatıblar. Təbii ki, bu obrazlar vətənin, doğma elin qadınlarının ədəbiyyatda inikasıdır.
"Əsir qadın" romanı müharibə nəticəsində əlindən hər şeyi alınmış qadının əsirlikdə dözülməz işgəncələrə məruz qalması və intiqam üçün olan mübarizəsindən bəhs edir. Üç il erməni əsirliyində yaşadıqdan sonra Rusiyanın Stavropol vilayətinin Nadejda kəndində məskunlaşıb tənha həyat tərzi sürən Səidə adlı qadından onun həyatı haqqında öyrənmək üçün gedən həmyerlisi əsirlikdə yaşadığı dəhşətləri ən xırdalıqlarına qədər öyrənməyə nail olur.
Səidənin ona danışdıqlarından məlum olur ki, müharibədən öncə ailəsi ilə birgə çox xoşbəxt ömür sürürmüş. Onların gecdən gec aman-zaman bir oğlu olub. Sonra isə amansız bir gecədə onlar xilas olmaq üçün çalışarkən düşmən əlinə keçir və Səidənin ərinin hərbçi olduğunu biləndə onun başını ailəsinin gözü qarşısında kəsirlər. Qadını isə oğlu ilə birgə əsir düşərgəsinə yerləşdirirlər. Burada onlara hər gün mənəvi, fiziki işgəncələr edirlər.
Müharibə ədəbiyyatındakı obrazlar çox vaxt öz təzadlı xarakterləri ilə seçilirlər və bu xarakterlər müharibənin təsiri ilə formalaşırlar. Ən mülayim xasiyyətli qadınlar belə çətinlik, ölüm təhlükəsi və özünüqoruma instinktinin təsiri ilə bütün qəddarlıqları edəcək həddə gəlib çata bilir.
"Əsir qadın" romanı oxucuya bir qadının əri, oğlu və namusu xatirinə nələr edə biləcəyini göstərir. Eyni zamanda bu təqdimetmə prosesi zamanı qadın obrazı Səidə öz milli kimlik xüsusiyyətlərinə, genetik koduna da tamamilə sadiq qalır.
Səidə Ukraynadan onun əsirlikdə olduğu düşərgədəki əsgərlərə hərbi təlim vermək üçün gəlmiş Olya adlı qadından gizlicə atəş açmağı, silah idarə etməyi öyrənir. Bununla o, nə vaxtsa ərinin, özünün intiqamını almağı düşünür. Yazıçı, Səidə obrazının timsalında qadının namusunu itirdikdən sonra yaşamının bir növ sona çatdığına işarə etməyə çalışsa da, hələ hər şeyin bitmədiyi qənaətində olduğunu da göstərir. Yəni öz obrazını mübariz ruhlu görmək istəyilə onu qarşısına çıxan ölüm təhlükələrindən qoruyur. Bu da əsərdə bir növ zəruri sonu hazırlamağa xidmət edir.
Hərbçilər arasında Səidəni vətənə geri göndərmək söhbəti açılanda etirazını bildirir və düşünür ki, o, artıq ruhsuz bədəndir və itirəcək heç nəyi qalmayıb: "Namus, şərəfim ləkələnəndən sonra neynirdim quruca canı ki, onun üstündə bu qədər əsim... İndi isə burada qalıb itirdiklərimin yasını tutmaq istəyirəm".
Ona görə də elə düşərgədə qalmaqla öz ölümü bahasına da olsa, düşməndən ərinin və özünün qisasını alacağını güman edir.
Müharibə mövzulu romanlarda qadın obrazlarının milli kimlik xüsusiyyətləri adətən, yaşadıqları cəmiyyətin mədəni və tarixi kontekstinə uyğun olaraq formalaşır. Yazıçının bu əsərində də qadın içində olduğu mühitin təsiri ilə hətta başqa bir insanı öldürə biləcək həddə gəlib çatır.
Əsərin davamında aydın olur ki, Ohan adlı erməni hərbçi onu oğlu ilə birgə öz evinə gətirir və yataq xəstəsi olan həyat yoldaşı Olyanın qulluğunda durmağı tapşırır. Bundan sonra Səidənin daha da pis günləri başlayır. Hər gün Ohanın təcavüzlərinə, işgəncələrinə məruz qalır. Nəhayət, Ohan hətta Səidənin oğlunun ölümünə belə bais olur.
Müəllif milliyətindən asılı olmayaraq qadın həmrəyliyini Ohanın həyat yoldaşı Valyanın timsalında göstərməyə müvəffəq olub. Valya milliyətcə rusdur, müharibəyə nifrət edir, tez-tez Ohana əsir qadının heç bir günahı olmadığını, əgər günahsız qadına işgəncələr verməyə davam edərsə, onun da fəlakətə düçar olacağını söyləyir. Onun əsir qadına dediyi sözlər də acı həqiqətləri ifadə etmək baxımından diqqətçəkəndir: "...Mənim sənə və özümə yazığım gəlir - dedi. - Çünki mən də, sən də və yüzlərlə bizim kimi biçarələr, kişilər tərəfindən qurulan "siyasət" adlı bir oyunun qurbanlarına çevrilmişik".
Müəllif, Valya obrazının dili ilə bu məsələyə öz baxış bucağını göstərməyə çalışıb və müharibələr zamanı ən çox mənəvi və fiziki zərər görənlərin də elə məhz qadınlar olduğunu vurğulayıb. Nəzərə alsaq ki, dünyaya yeni gələn körpələr də analarının psixoloji zədələrini bir neçə nəsil bir-birinə ötürür, deməli, müharibələr ümumən cəmiyyətin korlanmasına gətirib çıxara bilər.
Nəhayət, qadının etdiyi xəbərdarlıq real olur. Ohanın Rusiyada yaşayan qızı qəzaya düşərək uşağını itirir, özü isə ağır yaralanır. Yazıçı oxucunu məzlumların ahının yerdə qalmayacağına, zülm edənin ilahi ədalətin qəzəbinə tuş gələcəyinə inandırmağa çalışır. Ohan qızının yanına getmək istəyərkən Səidə onu qətlə yetirməyə nail olaraq həm öz canını hər gün davam edən fiziki işgəncədən xilas edir, həm də bundan, az da olsa, mənəvi rahatlıq tapır. O, Ohanın timsalında ərinin, oğlunun, itirilmiş gəncliyinin, məruz qaldığı təcavüzlərin, düşmən tapdağı altında qalan torpaqların intiqamını gücü çatan qədər almağın rahatlığını, qismən də olsa, dadır.
Bu hadisədən sonra da Səidə vətəninə qayıda bilmir. O, özünü bir növ ləkələnmiş hiss etdiyi üçün cismən azadlığa qovuşsa da, mənən ömrünün sonuna kimi Vətən həsrəti və acı xatirələr içində tənha və əzablı ömür sürür. Sonda oxucu Səidənin, vəfatından öncə onun həyatı ilə maraqlanan jurnalistə yazdığı məktubla tanış olur: "Bilirəm ki, nə vaxtsa qayıdacaqsınız. Ürəyimə damıb ki, qayıdan zaman məni bir daha görməyəcəksiniz. Arzuladığım və nə vaxtdı həsrətlə yolunu gözlədiyim ölüm, nəhayət ki, məni axtarıb tapacaqdır. Bu ölüm mənim üçün tanrımın ən gözəl hədiyyəsi olacaqdı.
İndi vətənə qayıtmaq istəyirəm... Əgər mümkünsə, məni vətənə götürün... Harda olsa, dəfn edin. Təki canım və ruhum bir parça vətən torpağına qovuşsun..."
Yəqin ki, əsərin ən acı səhnələrindən biri də budur. Hər halda, bu səhnə ilə müəllifin məqsədi heç də oxucunu ağlatmağa çalışmaq deyil. O, hər ruhun yalnız öz vətənində hüzura qovuşacağına işarə etməyə çalışır.
Ümumilikdə, roman müharibənin insanların həyatına gətirdiyi fəlakəti və ağrıları əks etdirmək baxımından uğurludur. Xüsusən də, qadınların bu müharibədəki çarəsizliyini və onlara qarşı törədilmiş, insanlıq adına uyğun gəlməyən əməlləri oxucuya çatdırdığı üçün təqdirəlayiqdir.