Əli Xəlilovun elmi-pedaqoji fəaliyyəti haqqında çox danışmaq olar. Lakin onun elmi fəaliyyətinin əsas mərhələləri haqqında qısaca məlumat vermək istəyirəm.
Əli müəllim 1934-cü ildə sentyabr ayının 15-də Azərbaycanın öz təbiətinə görə füsunkar guşələrindən biri olan Gədəbəy rayonunun Şınıx mahalının İsalı kəndində kolxozçu ailəsində anadan olmuşdur.
O, 6 yaşında 1-ci sinfə gedib və 16 yaşında Cayrəsullu orta məktəbinin 10-cu sinfini əla qiymətlərlə bitirib.
Ə.Xəlilov, onun həmyerlisi olan akademik Firudin Köçərlinin məsləhəti ilə 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsində yeni açılmış “Neft-qaz” şöbəsinə qəbul olmuşdur.
Universiteti əla qiymətlərlə bitirdikdən sonra o, təyinatla Başqırdıstanın “İşimbayneft” mədənlər idarəsində əvvəlcə qazmaçının köməkçisi, sonra isə geoloq vəzifəsində çalışmışdır. Daha sonra Bakıya məzuniyyətdə olarkən təsadüfü bir görüş onun həyatında həlledici rol oynayır.
Belə ki, Əli müəllim keçdiyi həyat yolunda hələ 60-cı illərdə görkəmli alim olmuş Xudu Məmmədovun elmi fəaliyyət yolu ilə getmək arzusu ilə düşünürdü. Bakıda məzuniyyətdə olduğu zaman şəxsən Xudu müəllimi tanımasa da, Elmlər Akademiyasının İdarə heyətinin binası yaxınlığında təsadüfən tanışlığı yaranır.
Ə.Xəlilov öz arzusunu Xudu müəllimə bildirir və onun tövsiyəsi ilə bir il də Başqırdıstanda işlədikdən sonra Bakıya qayıtmaq qərarına gəlir.
O, “Azneft”-in baş geoloqu Baba Babazadənin qəbulunda olur. Məhşur geoloq və gözəl insan Baba Babazadə Əli müəllimin arzusunu nəzərə alaraq ona Başqırdıstandan köçürmə yolu ilə işə düzəltmək üçün məktub verir və o, “Azneft”ə köçürmə yolu ilə “Şirvan neft” mədənlər birliyində işə düzəlir.
Daha sonra Ə.Xəlilovu “Fiziki-kimyəvi və “Qeyri-üzvi kimya” (indiki Kataliz və qeyri-üzvi kimya İnstitutu) İnstitutunun direktoru MEA-nın müxbir üzvü Heydər Əfəndiyevin dəstəyi ilə analitik laboratoriyasına elmi işçi vəzifəsinə götürürlər. Bir il işlədikdən sonra Əli müəllim aspiranturaya daxil olur və Moskva şəhərinə SSRİ EA-nın “Analitik kimya və Geokimya” institutuna ezam edilir.
Əli müəllimin həyatının və elmi fəaliyyətinin ən məzmunlu və ən çətin anları aspirantura dövründə başlayır. Belə ki, ona elmi mövzu kimi “Рентгеноструктурное исследование минералов групп Мурманита-Ломоносовита” təklif olunur. Bu mövzunun seçilməsini bu mineralları ilk dəfə Rusiyanın Xibin massivində tapan laboratoriya müdiri, Geoloji-mineraloji elmlər doktoru V.İ.Gerasimovski məsləhət görmüşdür. Belə ki, bu qrup minerallar Xibin massivinin geokimyası və mineralogiyasının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir.
Əli Xəlilovun bu mövzu haqqında heç bir təsəvvürü yox idi. Sən demə rəsmi məlumatlara görə, Əli müəllimdən əvvəl akademik N.V.Belovun və G.M.E.doktoru V.İ.Semyonovun dediyinə görə, 6 laboratoriya bu mövzu üzərində işləyib və heç bir nəticə əldə etməyib. Bu qrup mineralların kristallik quruluşlarının tədqiqi ilə məşğul olan tədqiqatçıların uğursuzluqları Xudu müəllimə də məlum imiş. Lakin mineralların mükəmməl monokristallarının olmaması problemin həllini çətinləşdirib. Əli müəllimin səmərəli fəaliyyəti nəticəsində bu mineralların kristalik quruluşları açılmışdır.
Müdafiə zamanı Əli müəllimin əsas opponenti olan akademik N.V.Belov etiraf edərək deyib ki, “Ə.Xəlilov çox mürəkkəb və maraqlı quruluşu olan mineralların quruluşunu açmaqla bizim hamımızan daha inadkar olduğunu sübut etdi”.
Elmi işin müdafiəsindən sonra, Moskva şəhərində daimi qeydiyyatı olmayan şəxslərə işlə təmin olunması qadağan olduğuna baxmayaraq, Elmi Şuranı aparan İnstitutun direktoru akademik, Lenin mükafatı lauratı A.P.Vinoqradov Əli müəllimi yanına çağırıb deyir ki, “Mən istəyirəm ki, sən bizim institutda qalıb işləyəsən. O ki, qaldı qeydiyyat probleminə, mən özüm prezident M.V.Keldişlə danışaram”. Beləliklə, onu Moskvada saxladılar və institutun yeni təşkil olunmuş “Kosmik tədqiqatlar” şöbəsinə işə qəbul etdilər.
Lakin, onun bacarıqlı elm xadimi kimi daima elmi fəaliyyətini Moskvada davam etdirməsinə həm Xudu müəllim, həm də “Qeyri-üzvi və Fiziki kimya” İnstitutunun direktoru H.Əfəndiyev də razı olmadı və bu bacarıqlı elmi fəaliyyətini Azərbaycanda davam etdirməsini tövsiyyə etdilər.
Vətənə qayıtdıqdan sonra Əli müəllim BDU-nun prorektoru Q.Sultanovun təklifi ilə Universitetin “İzotop” Elmi-tədqiqat şöbəsinin rəhbəri təyin olunur.
Müəyyən vaxt keçdikdən sonra onu MEA-nın xüsusi sərəncamı ilə NKPİ-na köçürürlər. Orada o, Rentgen struktur analiz laboratoriyası yaradır.
Lakin onun ən böyük arzusu Moskvada dünya şöhrətli “Analitik kimya və Geokimya” İnstitutunda gördüyü və işlədiyi laboratoriya yaratmaq idi. O, bu barədə Xudu müəllimlə məsləhərləşir və belə qərara gəlirlər ki, bu laboratoriyanı MEA-nın Geologiya İnstitutunda yaratsınlar. Bu haqda Geologiya İnstitutunun direktoru akademik A.Əlizadə ilə məsləhətləşmələr aparılır və bu məsələ EA-nın Rəyasət heyətinin qərarı ilə həll edilir.
Daha sonra 1980-cı ildə Əli müəllim Əlcazair Xalq Demokratik Respublikasına ezam olunur və orada “Elmi-tədqiqat” institutunda işləməyə başlayır. Bir ildən sonra onu orada işləyən Sovet mütəxəssislərinin rəhbəri təyin edirlər. 5 illik iş müqaviləsi bitdikdən sonra Əli müəllimə təklif edirlər ki, Əlcəzairdə daimi qalıb işləsin. Lakin Əli müəllim razı olmayıb vətənə qayıdır və MEA-nın Geologiya institutunda elmi fəaliyyətini davam etdirir.
Əlcəzairdə işlədiyi müddətdə elmi və təşkilatçılıq nailiyyətlərinə görə Əli müəllim SSRİ Neft Sənayesi nazirliyinin fəxri fərmanı ilə təltif olunur.
Azərbaycana qayıtdıqdan sonra Geologiya institutunda, eyni zamanda Memarlıq və Tikinti Materialları Universitetində, Müdafiə Nazirliyində, Məhkəmə Ekspertizası və kriminalistika İnstitutunda, “Keramika” MMC-də fəaliyyətini davam etdirir.
2001-ci ildə onun təşəbbüsü ilə yaradılmış “Diatomit” Elmi istehsalat Birliyinin (EİB) (Hal-hazırda “Azbentonit” MMC) təsisçilərindən biri olmuş və EİB-nin prezidenti işləmişdir.
Burada işləyərkən ən müasir analitik cihazlardan təşkil olunmuş “Analitik mərkəz və texnoloji sınaq” laboratoriyası yaratmışdır. Bu cihazların köməyi ilə qeyri-filiz mineral xammalların yüksək səviyyədə analizi ilə yanaşı, ilk dəfə Azərbaycan ərazisində radioaktiv element uranın və bir sıra nadir elementlərin (osmium, sürmə, selen, vanadium, molibden), dəmir filizi üçün qırmızı boya xammalı olan siderit, Qobustan rayonu ərazisində seolit (klinoptilolit), Xızı rayonu ərazisində Opal-kristobalit yataqlarının təzahürünü aşkar etmişdir.
“Azbentonit” MMC-nin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmiş və bu istehsalat birliyinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Son vaxtlar Əli müəllim qısa zamanda opoka, uran, Mn-li siderit, vulkan külü, seolit yataqları, Şəmkir nantronitin və s. təzahürünü aşkar etmişdir. Hal-hazırda o, bu mineral xammallarının tətbiq sahəsinin tədqiqi və eyni zamanda Bəylər bentonit yatağının mineralogiya, kristallokimyası və ondan nanomaterialların alınma texnologiyasının tədqiqi ilə məşğul olur.
Dünyada ilk dəfə Böyük Qafqazın Cənubi Şərqində (Xızının) qeyri adi teksturaya malik Bentonit gil yatağını kəşf edib. Adətən Bentonit gilləri tekstur mineralına görə laylı olurlar, lakin kəşf olunmuş yataq gil şar formaları teksturalıdır. Bunun səbəbi isə şar formalı gilin mərkəzində şarstrukturalı SiO2-in olmasıdır. Əli müəllim həm də ilk dəfə həmin zonada bir sıra nadir və radioaktiv elementlərin (o cümlədən U(uran) və Os (osmium) yatağını da kəşf etmişdir.
Əli müəllim təxminən 85-ə qədər elmi məqalənin müəllifir. Bir sıra Beynəlxalq konfranslarda elmi məruzə ilə çıxış etmişdir.
Əli müəllimin elmi fəaliyyətinin ən çox diqqəti cəlb edən cəhəti onun nəzəri elmlə tətbiqi elmi birləşdirmək bacarığıdır. Bu baxımdan bir daha təkrar da olsa o, hesab edir ki, onun ən böyük elmi nailiyyətləri mükəmməl monokraistalları olmayan bir sıra Ti-silikat minerallarının kristallik quruluşlarının eksperimental üsulla açılması və 3 mürəkkəb kristallik quruluşa malik İnnelit, Yosumurait, Erriksonit minarellarının kimyəvi müqayisə üsulu ilə onların kristallik quruluşlarının açılması olub. Sonradan onun verdiyi nəzəri quruluşlar Yapon və Rus alimləri tərəfindən təsdiq olunmuşdur. Onun 7 elmi işi Beynəlxalq standartlara daxil olmşdur. Onun tətbiqi elm baxımından diqqəti cəlb edən nailiyyətlərinə aşağıdakıları aid etmək olar. Gədəbəy rayonu ərazisində Montmorillonit, Maqnetit minerallarının və vulkan külü mineral xammalının tapılması, bahar palçıq vulkanında ilk dəfə (dünyada ikinci dəfə) Bassanit, Lökbatan palçıq vulkanında siderit filizinin tapılması, Şəmkir rayonu ərazisində Nontranit, Maqnetit minerallarının tapılması. Son vaxtlar Böyük Qafqazın Cənubi-Şərq yamacında Bentonit, Opoka, Mn-li siderit mineral xammalının radioaktiv və bir sıra nadir elementləri aşkar olunmuşdur. Eyni zamanda müxtəlif tikinti materialları ilə məşğul olan zavodlar üçün mineral xammalın tapılması, tədqiqi və tətbiqinə kömək etmişdir.
Onun elmi tədqiqi işlərinin ən təqdirə layiq Azərbaycanın müxtəlif elmi idarələrinin müasir avadanlıqlarla təchiz olunması və laboratoriyaların olan xidmətidir.