Sentyabrın 11-də Özbəkistanda prezident Şavkat Mirziyoyevin sədrliyi ilə yoxsulluğun azaldılmasına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən prezident Şavkat Mirziyoyev bildirib ki, yoxsulluğu tək pul paylamaqla həll etmək olmaz, problemin səbəbi başqadır, həll yolları da fərqli olmalıdır. Bu fikrini təsdiqləmək üçün prezident bildirib ki, hazırda 3-5 milyon soma qədər aylıq əmək haqqı təklif edən müəssisələrdə 250 min boş iş yeri var: "Amma kasıb ailənin işləyən üzvlərinin 35 faizi təhsilsiz olduğu üçün bu iş yerlərinə qəbul edilmirlər. İşləmək istəyən qadınların 43 faizi uşaq baxımı ilə məşğul olduqları üçün işə gedə bilmir".
Buna görə də prezident bildirib ki, ailələri yoxsulluqdan çıxarmaq üçün müxtəlif həll yolları olmalıdır.
Qeyd edək ki, yoxsulluğun ləğv edilməsi istiqamətində yolların tapılması üçün aparılan araşdırmalar çox maraqlı məlumatlar üzə çıxarıb. Məlum olub ki, kasıb ailələrin 83 faizinin böyük torpaq sahəsi olsa da, onların 62 faizinin su, 48 faizinin işıq, 50 faizinin isə mərkəzi bazara getməkdə problemləri var. Bu problemlər isə böyük torpaq sahələrinə malik ailələrin mənfət götürməsinə imkan vermir.
Digər bir problem ölkənin regionaları arasında vəziyyətin fərqli olmasıdır. Buna görə də müşavirədə dövlət başçısı yoxsulluğun aradan qaldırılması ilə bağlı vəziyyətin heç də bütün rayonlarda eyni olmadığını vurğulayaraq, rayon icra hakimiyyətlərinin rəhbərlərini, onların iqtisadiyyat və kənd təsərrüfatı məsələləri üzrə müavinlərini bu istiqamətdə işlərinin çox ləng getdiyinə görə tənqid edib.
Özbəkistanda yoxsulluq, sosial-iqtisadi gerilik radikal dini cərəyanların güclənməsinə səbəb olur. Rəsmi Daşkəndi narahat edən də budur. Son zamanlar "İŞİD Xorasan Vilayəti"nin güclənməsi, bölgə ölkələrində tərəfdarlarının artmasının əsas səbəbi də yoxsulluq göstərilir. Ekspertlər hesab edir ki, radikal dini cərəyanlar yoxsul və savadsızlıqdan istifadə edərək təbliğatlarını genişləndirirlər. Yoxsul və savadsız insanlar düşdükləri vəziyyətdən çıxış yolunu dinə qapanmaqda görürlər. Ekspertlər yoxsulluğu və savadsızlığı ləğv etmədən ölkədə radikal dini cərəyanlarla mübarizədə uğur qazanmağın mümkün olmayacağını qeyd edirlər. Buna görə də prezident Şavkat Mirziyoyev yoxsulluğun ləğv edilməsini əsas vəzifələrdən biri elan edib. İqtisadçıların fikrincə, Özbəkistan hökuməti təkbaşına bu vəzifənin öhdəsindən gələ bilməz. Bunun üçün ölkəyə sərmayə və texnologiya cəlb olunmalıdır.