525.Az

"Bəzən insanlar obrazla şəxsiyyəti qarışdırırlar"


 

AKTYOR, APARICI İLKİN HƏSƏNİ İLƏ SÖHBƏT

"Bəzən insanlar obrazla şəxsiyyəti qarışdırırlar"<b style="color:red"></b>

- İlkin bəy, son işlərinizdən olan "Səma ilə görüş" filmində sizi fərqli obrazda gördük. Düzü, ilk dəfədir hansısa obrazınız məni bu qədər təəccübləndirirdi. Hətta bir anlıq düşündüm ki, bu istiqamət sizdə daha uğurlu alınıb. Özünüz bu haqda nə düşünürsünüz?

- Bu tipli təkliflər əvvəllər də gəlirdi, ancaq onların hamısına deyirdim ki, bir prodüser kimi başqa yerdə çəkilməyi düzgün hesab etmirəm. Əgər çəkirəmsə, özüm özüm üçün çəkərəm. Ancaq Orxan Mərdan "Səma ilə görüş" filminin ssenarisini təqdim edib heyət barədə məlumat verəndə başa düşdüm ki, bundan yaxşı təklif bu günə kimi olmayıb. Çəkilişlərə başlamazdan öncə filmin rejissoru Rüfət Şahbazova dedim ki, dostluğu, qardaşlığı bir tərəfə qoyaq, bu günə kimi çəkildiyim başqa obrazlara sonradan baxanda Şəmi müəllimin müəyyən detallarını görmüşəm, səndən bir xahişim var, görsən ki, yolum o tərəfə gedir, dərhal məni dayandırıb, başqa səmtə yönləndir.

- Şəmidən utanırsınız?

- Yox, utanmıram. Sadəcə istəmədim ki, insanlar bu filmdə Şəmidən nəsə görsünlər. İstəyirdim ki, tamaşaçılar fərqli bir İlkin görüb, əvvəlki formatı yaddan çıxartsınlar. Şəmi obrazına çox şey borcluyam. Bu obraz mənə şan-şöhrət, uğur gətirib. Ancaq indi Şəmini qoyuruq bir kənara. Çünki bizim cameədə, xüsusilə də teatrda aktyor hansısa bir rolda uğur qazanırsa, deyirlər ki, illərdir bir obrazdan çıxa bilmir. Bu filmə çəkilməklə monotonluğun üzərindən xətt çəkmək istəyirdim. Həm də istəyirdim görsünlər ki, bu tərəfimiz də var.

- Bu, bir növ özünütəsdiq cəhdi deyildi ki?

- Yox, bu, özünütəsdiq filmi olsaydı, elə özüm çəkib bəlkə də oynadığım rol üçün daha çoxunu edərdim. Bu, sadəcə olaraq bir təklif idi, düşündüm ki, niyə də burada məni başqa tərəfdən görməsinlər?

- Tamaşaçılar necə, gördüklərindən razı qaldılar?

- Filmə baxanlar çox yaxşı qarşıladılar. Təqdimatdan sonra xeyli mesajlar aldım. Tamaşaçıların çoxu bəyəndiklərini və təəcübləndiklərini yazırdı.

- Hazırda hansı işlərin üzərində çalışırsınız? Yeniliklər varmı?

- Bəli, yeni layihələrə hazırlaşırıq. Əsasən, işlərimizi sosial media üzərindən qurmağı nəzərdə tuturuq. Çünki müasir dövrdə layihələr əsasən, sponsorlar hesabına başa gəlir. Ola bilər ki, hansısa media şirkətinin çoxlu pulu var, necəsə özü-özünü maliyyələşdirir. Təbii ki, istisnalar var. Biz isə öz şirkətimizi yaradandan sırf sponsorlar hesabına nələrsə çəkmişik. Bu gün o sponsorları maraqlandıran artıq televiziya yox, sosial mediadır. İllər öncə hansısa layihəmə sponsorluq edən şirkət məndən soruşurdu ki, reklamı hansı kanalda, saat neçədə yayımlanacaq, təkrarı nə vaxt olacaq? Əvvəllər sponsorlara bu nüanslar maraqlı idisə, bu gün soruşurlar ki, reklamımı instaqramda paylaşacaqsınız? Tik-Tokda olacaq? Sizə bir nümunə deyim. Bir neçə ay öncə televiziyaya verdiyimiz layihədə reklam texniki problemlərdən dolayı yayımlanmamışdı. Aylıq hesabatlarımızı alanda gördüm ki, reklam bir dəfə texniki səbəblərdən efirə getməyib və onu sonrakı efirdə kompensasiya ediblər. Ancaq sponsorun heç xəbəri belə olmayıb. Çünki bu adam televiziyaya baxmır.

- Televiziyanın internetə uduzması məsələsi ölkəmizdə son illər daha çox aktuallaşıb. Ancaq biz sizi uzun illərdir ki, televiziyada görmürük. Halbuki sizi hər şeydən əvvəl teleaparıcı kimi tanıımışdıq.

- "Bozbaş Pikçers" ilə televiziya layihələrini paralel aparmağı fiziki olaraq çatdıra bilmirdim. Çünki hər bölümümüz bir rayonda çəkilirdi. Tamaşaçılar özləri də təəccüblənirdi ki, siz bunları necə çatdırırsınız? Həm də layihə populyarlıq qazanmağa başlamışdı. Gördüm ki, "Bozbaş Pikçers"in populyarlığı teleaparıcı İlkin Həsənininkini keçmək üzrədir. Düzdür, mən "Bozbaş"dan əvvəl İlkin Həsəninin çörəyini yeyirdim. Ancaq həmin vaxt 600 manat maaş alırdım. 2011-2012-ci illərdən söhbət gedir. O dövrdə daha çox tədbirlərlə, toylarla dolanırdım. Hər dəfə müdriyyətdən maaşımın artırılmasını istəyəndə deyirdilər ki, sənin maaşa ehtiyacın var ki, bütün gün tədbirlərdəsən. İstənilən halda mənim bu layihə ilə bağlı məqsədlərim vardı. İstəyirdim ki, bu layihəni hansısa həddə çatdırım, ondan sonra film, yaxud da konsert yolu ilə böyük tamaşaçı auditoriyasına çıxaq.

- Siz də film formatını seçdiniz.

- Bəli. Çəkdiyimiz "Ay brilliyant" filmi Azərbaycan kinoteatrlarında nümayiş olunan ilk müasir filmlərdən oldu.

- Sizin də filminiz daxil olmaqla həmin dövrdə çəkilən filmlərin əksəriyyətində ciddi çatışmazlıqlar nəzərə çarpırdı.

- Bəli, bizim filmimizdə çox böyük xətalar vardı. Tamaşaçılarımız baxıb deyirdi ki, yaxşı idi, ancaq daha yaxşı ola bilərdi. Biz də fikirləşdik ki, ikincini daha yaxşı edək. Beləcə stimul alaraq filmlərimizi çəkdik. Bilirsiniz, biz filmləri çəkəndə efir tamaşaçısını yox, kinoteatr tamaşaçısını nəzərə alırıq. Məsələn, ssenaridə müəyyən yerlər olurdu ki, həmin yerdə gülüş ola biləcəyini təxmin edirdik. Kinoteatrdakı gülüş üçün tamaşaçıya üç-dörd saniyə pauza verirdik ki, bu gülüşdən sonra hansısa sözü desək, gülüş səslərindən tamaşaçı onu eşitməyə bilər. Beş filmlə kinoteatrlara çıxdıq. "Stalinin başı" filmi ilə 150 min tamaşaçı rekordu vurduq. Bu günə kimi Azərbaycanda bu izlənmə rekordunu keçən yoxdur.

- İzlənmə sayının çoxluğu qazancın miqdarı haqqında da çox şey deyir. Necə düşünürsünüz, bu gün Azərbaycanda kinodan qazanmaq olur?

- Yox.

- Bəs niyə çəkirsiniz?

- Biz artıq heç nə çəkmirik.

- Çəkməyi düşünmürsünüz?

- Hələ ki yox. Kinoteatrlar nə vaxt desə ki, bizim sizə ehtiyacımız var, onda çəkərik.

- Sizcə, bunu nə vaxt deyəcəklər?

- İnvestorlar maliyyə kranını bağlayandan sonra başa düşəcəklər ki, bir investordan yapışıb qalmaq lazım deyil. İnkişaf edib pul qazanmaq lazımdır. Bu gün film çəkib kinoteatra verən insanları - təbii ki, keyfiyyətli filmlərdən söhbət gedir - qəhrəman adlandırıram.

- Qeyd etdiyiniz əngəllər olmasaydı, bu gün film çəkərdiniz?

- Təbii ki.

- Bəs "Bozbaş Pikçers" necə, yenidən davam etməyi düşünürsünüzmü?

- O vaxt bizim iş otağımızda bir xəritə vardı. Hər getdiyimiz rayonun adını orada işarələyirdik. Bütün xəritəni işarələmişik, təkcə Qarabağ bölgəsi qalıb. Təsəvvür edin, Naxçıvanın ən ucqar kəndlərinə belə getmişdik. Bu səbəbdən də ola bilər ki, gələcəkdə Qarabağla bağlı səkkiz-on seriyalı buraxılışlarımız olsun. Hələ ki orada quruculuq işləri gedir deyə, düşünürük ki, indi zamanı deyil. Nə vaxtsa bunu da edib, vidalaşmaq istəyirik.

- Layihəni dayandırmağınıza nə səbəb oldu?

- Əvvəllər bunu başqa komandalarda görəndə mənə çox təəccüblü gəlirdi. Anlaya bilmirdim ki, yaş, ailə statusu işin gedişatına necə təsir edə bilər? Ancaq zamanla öz işimizdə bunu gördüm. Biz hamımız bu layihəyə başlayanda subay idik. Əvvəllər hansısa rayonda iki gün çəkilişimiz olurdusa, uşaqlarla danışıb qərar verirdik ki, bir gün də artıq qalıb, istirahət edək. Ancaq ailəli statusu qazanandan sonra aktyorlar deyirdilər ki, bəlkə çəkilişləri iki gün yox, bir gün edək? Hər kəs tez bir zamanda çəkilib qayıtmaq istəyirdi. Bu da başadüşüləndir. İnsan ailəsinin yanına, evinə tələsir. Üstəlik, əvvəllər rahatlıq çox, məsuliyyət daha az idi. Ailədən sonra məsuliyyət də birə-beş artır. Düşünürsən ki, əvvəl bu işlə tək özümü təmin edirdimsə, indi bu qazancla ailəmi dolandırmalıyam. Bu səbəblərdən dolayı 2018-ci ildə heç bir dava-dalaş olmadan layihəni yekunlaşdırdıq.

- Layihə yekunlaşıb, ancaq hələ də İlkin Həsənini Şəmi obrazı ilə xarakterizə edirlər. Bu sizi qıcıqlandırmır ki?

- Mən sosial şəbəkələrdə aktivəm. Bir vətəndaş olaraq müxtəlif problemləri dəfələrlə işıqlandırmışam. Bəzən olub ki, yazdığım məsələlər mənə əngəl törədib. Təəssüf ki, bizdə məşhurların əksəriyyəti xəstə uşaqların şəkillərini, bank kartını paylaşmaqla təsəlli tapırlar ki, mən də məşhur olaraq nələrsə edirəm. Ancaq bununla məsələ yekunlaşmır. Halbuki sən məşhur biri kimi hər hansı problemə əvvəlcə münasibət bildirə, sonra isə həlli istiqamətində öz töhfəni verə bilərsən. Mən bacardığım qədər müəyyən problemlərə toxunuram. Dediklərim kimlərəsə sərf etməyəndə düşünürlər ki, nə deyək, İlkini qıcıqlandıraq. Onda yadlarına Şəmi düşür. Yazırlar ki, get Şəmiliyini elə. Sən niyə hansısa yolun bağlanmasından danışırsan? Ancaq o insanlar bilmirlər ki, bu günə kimi qaldırdığım neçə problem həll olunub. Bir də, hər yerdə İlkin Həsənli yazılır, Şəmi yazılmır ki. Bəzən insanlar obrazla şəxsiyyəti qarışdırırlar. Bəlkə də bu şərhlər məni on-on beş il öncə qıcıqlandırardı. Ancaq onlar başa düşmürlər ki, mən artıq həmin dövrü çoxdan keçmişəm, indi belə şərhlərə baxıb gülürəm.

- Çoxları sizi ekrandan tanısa da, ixtisasca rejissorsunuz, üstəlik, fotoqraf kimi də uğurlarınız var. Əvvəlcə kamera arxasından başlamısınız, sonra önünə keçib və yenidən əvvəlki yerə qayıtmısınız. Bu planlı şəkildə belə olub, yoxsa həyat belə gətirib?

- Yox, planlı olmayıb. Sadəcə zamanın nəbzinə uyğun davranmağa çalışıram. Ehtiyac olanda kamera önünə keçmişəm, yaxud da arxasında dayanmışam.

- Bəs bundan sonra harada qərar tutacaqsınız?

- Kamera önünə keçməyin vaxtıdır...

Aytac SAHƏD

 





16.09.2024    çap et  çap et