Sevinc BAĞIRLI
BDU Jurnalistika fakültəsinin lll kurs tələbəsi
Əziz birinci kurs tələbələri!
İlk növbədə sizi Azərbaycanın ali təhsil müəssisələri sırasında birinci yer tutan, yüz beş illik qocaman tarixə sahib olan Bakı Dövlət Universitetinə, Universitetin Jurnalistika fakültəsinə qəbul olmağınız münasibətilə təbrik edirəm. Universitet tələbəsi adını qazanmaq hər gəncin özünü qurmaq prosesinin, həyata atılmaq nöqtəsinin ilkidir. Həm də siz elə bir universitet və elə bir fakültəni seçmisiniz ki, bu universitet və bu fakültə bir sıra keyfiyyətləri ilə seçilməkdədir. Siz jurnalistika kimi bir fakültəni seçməklə tələbəyə sevgi və qayğı ilə yanaşı, ideal bir təhsil məkanına düşmüsünüz.
Bu fakültədə nəinki tələbə-müəllim münasibətlərini, həm də dost və əməkdaş münasibəti görəcəksiniz. Bu fakültənin müəllimləri tarixən heç vaxt tələbədən yaxşı oxumaq tələbindən başqa nəsə ummayıblar. Bu fakültənin əsasını qoymuş Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi kimi alim-müəllimlər həm də bir təmizlik, dürüstlük məktəbinin əsasını yaratmışlar. Bu məktəbi uğurla davam etdirən bugünkü müəllimlərimizi mən üçüncü kurs tələbəsi kimi çox yaxından tanıyıram. Fakültəmizin dekanı, professor Vüqar Əliyev, ustad müəllimlərimiz - Akif Rüstəmov, Mirakif Babayev, Cahangir Məmmədli, Qulu Məhərrəmli kimi media mühitinin hörmət bəslədiyi insanlar sizə dərs deyəcəklər. Bir az keçəcək və siz dərhal bu fakültənin kollektivinin tələbələrə olan qayğı və sevgisinin şahidi olacaqsınız. Bu fakültədə siz medianın bütün sahələrinin - qəzetçiliyin, televiziyanın, raidonun və internet dünyasının sirlərini öyrənəcəksiniz. Siz burada media nümayəndələri ilə görüşlərdə iştirak edəcəksiniz, ayrı-ayrı qəzet redaktorları, televiziya rəhbərləri sizə birbaşa öz iş yerlərində jurnalistika dərsləri keçəcək. Bu fakültədə siz müasir avadanlıqla təmin olunmuş televiziya studiyasında, “Mətbuat Şurası”, “Xalq qəzeti”, “Füyuzat Mərkəzi” kimi xüsusi auditoriyalarda maraqlı tədbirlərdə iştirak edəcəksiniz. Bəli, siz burada çox şey öyrənəcəksiniz. Amma bunların hamısının başında bir keyfiyyət dayanacaq; təmizlik, saflıq, jurnalistika peşəsinin ləyaqətini qorumaq keyfiyyəti! Və sonda əlavə etmək istəyirəm ki, nə olur olsun, düşdüyünüz mühitdən, vəziyyətdən asılı olmayaraq, birinci növbədə öz əqidənizə, ikinci növbədə peşə ləyaqətinizə sadiq qalın.
Sizə bu yolda uğurlar arzulayıram! Yolunuz açıq olsun!