Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Baxıram ki, "Azviki problemi"nin həlli düz istiqamətdə getmir.
Fərid bəyin və digər ictimai fəalların problemi, yəni çox sayda şəhidlərin məqalələrinin bir anda silinməsini qabartması və ictimailəşdirməsi, davamlı olaraq gündəmdə saxlaması doğru bir yanaşma idi.
Bununla belə, qlobal bir platformanın lokal icmasında yaranan problemin həlli istiqamətində hazırda tutulan yol ağlabatan deyil.
Ehtiyat edirəm ki, sonda biz bir problemi həll etmək istədiyimiz zaman Azərbaycan maraqlarına cavab verməyən başqa bir problemlə üzləşərik.
Mən problemin həlli ilə bağlı ilk gündən qeydlərimi yazmışdım.
Bir daha vurğulamaq istərdim ki, problem "3000 şəhid məqaləsinin" silinməsində yox, "Azviki" icmasının idarəçiləri arasında yaranan böhranla, icma ilə idarəçilər arasında yaranan narazılıqla, bu böhranın dərinləşməsindən doğan, ölkəmizin maraqlarına cavab verməyən nəticələrlə bağlıdır.
Yəni görünən odur ki, bizim dostlarımız nəticədən daha çox yapışıblar.
Əgər biz böhranı aradan qaldırmasaq, indiki nəticə öz həllini tapsa da, gələcəkdə digər problemlər qaçılmaz olacaq.
Amma qlobal resurs üçün, onun bəlli qaydaları var və konflikt həll edən qurumları var.
İcmada böhran olanda mütləq bu üst səviyyədə həllini tapmalıdır. "Azviki" icmasında sağlam, demokratik, şəffaf, kollegial və icma üzvlərinin hamısının özünüidarəsinə əsaslanan bir mühit formalaşdırmaq çox vacibdir.
Aşağı səviyyədə idarəçilərə davamlı təzyiqlər, gözümçıxdıya salmaq, "xain elan etmək" yolverilməzdir.
Bir daha bildirirəm, "Azviki" icması Azərbaycan maraqlarının reallaşmasında pulsuz-parasız, ictimai əsaslarla xeyli faydalı işlər görüblər.
Baxdım ki Mətbuat Şurasının sədri Rəşad Məcid də haqlı olaraq bu məqamları doğru hesab etməyib.
Bir daha bildirirəm ki, bizdə baş verənlərə uyğun digər ölkələrdə də bu tip problemlər olub. Vikipediyada konkret bu tip problemlərin həlli qaydaları nəzərdə tutulub.
Ümid edirəm Fərid Pərdəşünas növbəti addımlarda bunları nəzərə alacaq.
Biz gərək problemin sivil qaydada, Vikipediya qaydaları çərçivəsində və Azərbaycan maraqlarını nəzərə almaqla həllinə üstünlük verək.
Rahil Kərimov, jurnalist:
- Vikipediyaçılar deyir ki, şəhidlərin məqalələri ensiklopedik yükü olmadığı üçün silinib. Yəni vikipediyanın qaydaları bunu tələb edir.
Sual olunur: bəs onda niyə yaradılmışdı?
Cavab: Vətən müharibəsi vaxtı şəhidlər haqda informasiya qıtlığı vardı. Bundan ən çox əziyyət çəkən media idi. 2900-dən çox şəhidin bir neçəsi xalq arasında populyar idi. Belə məqamda məhz vikipediyaçılar önə çıxaraq yüzlərlə şəhid haqda məqalə yaradıb onları xalqa tanıtdırmış oldular. Onlar bunun nə vaxtsa silinəcəyini bilə-bilə bunu ediblər. Haqqına danışmaq lazım.
Məhz onların yaratdığı həmin məqalələrin əsasında bu gün şəhidlərimizdən bəhs edən iki böyük portal yaradılıb.
Vikipediyaçılar deyir ki, "2900-dan çox şəhidin səhifəsinə nəzarət etmək olmur. Vikipediya fondu isə zaman-zaman bizə təzyiq edirdi. Ona görə də biz fərdi məqalələri silib hamısını vahid bir siyahıda cəmləşdiririk. Lakin bütün şəhid məqalələri silinməyib. Xalq arasında populyar olanlar qalır (Mübariz, Polad, Arəstə, Xudayar, İlqar və b.)
Ortaya yenə suallar çıxır:
* Həqiqətən Vikipediya fondunun təzyiqi olubmu?
* Bizim vikipediyaçılar həmin məqalələrin ömrünü uzada bilərdilərmi?
Fərid Pərdəşünasın vikipediyaçılarla şəxsi müstəvidə olan savaşı bu mövzuda onun obyektivliyini yüngülvari şübhə altına alır. Sanki Fərid şəhid mövzusunu manipulyasiya edərək vikipediyaçılardan (həm də) öz qisasını alır. Demirəm belədir. Deyirəm, sanki belə təəssürat yaranır.
Fəridin bu ölkə, bu xalq üçün faydası varmı? Şübhəsiz var. Öz sahəsi üzrə dəfələrlə maraqlı paylaşımlar, müsahibələr verib. Yaratdığı Texnot layihəsi illərdir öz çəkisini saxlayır.
Vikipediyaçıların bu ölkə, bu xalq üçün faydası varmı? Şübhəsiz var. İllərdir müxtəlif mövzularda vikipediyadan faydalanmayan yoxdur yəqin. Çətinə düşəndə açıb vikipediadan nə qədər məlumat almışıq. Elə həmin şəhidlərin çoxunu bu xalq ilk dəfə vikipediyadan tanıyıb. Gərək əməyi, haqqı danmayaq.
Yəni dostlardan biri demişkən, biz vikipediya fəallarını itirməməli, qazanmalıyıq. Onları həssas mövzuda qırğına vermək yox, dinləmək lazımdır. Emosiyasız və təmkinlə dinləmək.
Vikipediyaçılar isə əgər məqalələri həqiqətən onlardan asılı olmayan şərtlər və qaydalar əsasında silməli olublarsa, yəni haqlı olduqlarına əmindirlərsə, bunu etməzdən əvvəl 5-10 dəqiqəlik bir videomüraciət və ya yazılı izahat verib xalqı xəbərdar edərdilər. Çünki şəhid mövzusunun həssas olduğunu bilirlər. Öncədən ətraflı izahat olsaydı, məsələ bu qədər böyüməzdi də.
Mövzu genişdir. Daha da uzatmaq istəmirəm.
Amma ümid edirəm ki, vikipediyaçılar şəhid ailələrinin həssaslığını anlayıb hansısa adekvat addımlar atacaqlar.
Dövlət isə bu mövzuda maksimum təmkinli davranacaq.
İbrahim Nəbioğlu, jurnalist:
- Universitet fondlarının həcmi:
Harvard Universiteti - 50,9 milyard dollar
Yale Universiteti - 41,4 milyard dollar
Stenford Universiteti - 36,3 milyard dollar
Princeton Universiteti - 35,8 milyard dollar
Rusiyanın bütün ali təhsilnin büdcəsi 7,9 milyard dollardır.
Xaqani Səfəroğlu, jurnalist:
- "Susun..." - Bayden Putinlə bağlı sual verən müxbirə acıqlandı
lll
Xaqani adı niyə Xəqani yazılır??
Sözün kökü qədim türk sözü olan "Xaqan"dır. Yəni padşah, hökmdar.
Xaqani Şirvani də şeirində yazır:
"İstəmirəm adımı çağırsınlar Xaqani
Mən yoxsullar şairiyəm, Xəlqaniyəm, Xəlqani..."
Tak çto, yoldaşlar. bu ad Xaqani kimi yazılmalıdır. "Ə" yoxdur.
Adın yiyələrindən biri kimi adımın düzgün yazılmasını istəyirəm.
Aida Qasımova, professor:
- Dostlar, düz 40 gün Kislovodskdə həm dincəldim, həm də bəzi işlərimi davam etdirdim. Sap-sağlam Bakıya dönərkən sanki Osvensimin zəhərli qaz kamerasına düşdüm. Dörd gündür faringit, laringit kəskin vəziyyət alıb, səsim batıb.
Bakıda havanın çirkliliyi kritik həddədir, sanki şəhərə qarşı kimyəvi silah işlənib. Biz cəhənnəm, axı körpə uşaqlar var. Bu məsələ lazımi qurumları düşündürməlidir. Mənim təkliflərim bunlardır:
1) Binə aeroportuna təcili sürətli "elektriçka" çəkilsin.
2) İş yeri 3 km-dən az məsafədə yerləşən insanlara işə maşınla gedib-gəlmək qadağan edilsin və cərimə tətbiq edilsin.
3) Şəhərdə avtobuslar trolleybus və tramvaylarla əvəz edilsin.
4) Məktəb avtobusları işə düşsün
Sizin təklifləriniz nədir?
Zaur Əliyev, dosent:
- Niyə AMEA, niyə alimlər?
Son günlər elmi-tarixi yazılar az yazıram, çünki çox inciyirəm, həvəsdən düşürəm. Elə hiss edirəm ki, nə qədər yazsam da, ölkə üçün lazımsız adamam.
Bəzi insanlar görürəm yazırlar ki, Azərbaycanda elmlər akademiyasında alimlər çalışmırlar. Əlbəttə, nöqsanlar hər bir idarədə var, hər bir sistemdə var. Lakin məni maraqlandıran bir sual var:
Ölkədə müxtəlif dövlət qurumların nəzdində nə qədər elmi müəssisə və mərkəz olmasına baxmayaraq, niyə məhz AMEA və niyə biz hədəf alınırıq? Başa düşmək olmur ki, nə Azərbaycan elmi haqqında deyilən bütün tənqidi fikirlər yalnız AMEA-a ünvanlanır.
Lakin nəzərə almaq lazımdır ki, respublikada 130-dan çox elmi müəssisə, AMEA-da isə cəmi 11 elmi tədqiqat institutu var. Məqsəd elmin inkişafıdırsa buyurun tabeçiliyinizdə olan işləri də siz də ortaya qoyun, Elmlər Akademiyası da. Görün nə qədər elmi işlər, elmi araşdırmalar, kitablar, məqalələr, xaricdə məqalələr dərc edilib AMEA-da.
AMEA-nı elə adamlar ittiham edirlər ki, ömürlərində elmi bir əsər oxumayıblar. Ay balam AMEA ölkənin zehni mərkəzidir. AMEA alimləri bu ölkənin müstəqilliyini quran və qoruyan insanlardır. AMEA alimləri ermənilərə qarşı informasiya müharibəsində ortaya ciddi işlər qoyan şəxslərdir. Bəli, AMEA nöqsanlar var, bu nöqsanların bazasını isə maddi zəiflik durur.
AMEA-da çalışanlar ömürlərini elmə həsr edənlərdir. İllərdir aşağılayıcı maaşa baxmayaraq, elmi atmamış və öz peşələrinə sevgilərini qoruyub saxlamışlar.
Dünyada elmə ayrılan diqqət bizdə AMEA üçün ayrılsa idi, biz indi böyük işlər görmüşük idi. Ayda 300-600 manat arası maaş alan, heç bir sosial dəstəyi olmayan alimlər hələ bu qədər işlər görür, kitablar yazılır, tədqiqatlar ortaya qoyulur, xaricdə nüfuzlu jurnallarda məqalələr dərc edilir. Bu qədər zəhməti niyə görməzdən gəlirsiz?
Onsuz da Azərbaycanda ən aşağı təbəqə, ən son yerdə duran şəxslər alimlərdir. Ölkədə bir çox sahələr var ki, maaşları az olsa da, öz sahələri üzrə gəlir əldə edə bilirlər. Məsəl üçün orta məktəb müəllimləri də az maaş almasına baxmayaraq, repetitorluq edib pul qazana bilər, həkimlər özəl xəstəxanada işləyib pul qazana bilər. Fəhlələr də günə ən azı 20 manat qazana bilər. Aylıq hesablasaq, 250-500 manat maaş alan alimlər (500 alan elmi dərəcəsi və elmi adı olanlardır, ölkə də cəmi minə qədər ola-olmaya) ən aşağı təbəqə sayılır. Humanitar və ictimai elmlər sahəsində çalışan biz alimlərin heç yerdən gəlir əldə etmək imkanımız yoxdur. Ölkədə alim zavallı və zəlil şəxslərdir. Bunu niyə görməzdən gəlib AMEA-nın üstünə düşmüsünüz?
Buna baxmayaraq, AMEA-nın Beynəlxalq reytinqlərdə göstərilən elmi məhsuldarlığı digər elmi müəssisələrin və ali məktəblərin birlikdə əldə etdikləri elmi məhsuldarlıqdan daha da üstündür.