On səkkizinci yüzilliyin ortalarında parçalanmış Azərbaycan torpağında yaranan kiçik feodal dövlətlərindən biri də Qarabağdan sonra ikinci böyük və qüvvətli xanlıq olan Quba xanlığı idi. 1758-ci ildə xanlığın başında duran Hüseynəli xanın vəfatından sonra onun yerinə iyirmi iki yaşlı oğlu Fətəli keçdi və həmin vaxtdan da xanlığın iqtisadi və siyasi qüdrəti sürətlə artmağa başladı. Uzaqgörən və tədbirli bir siyasi xadim kimi o, hərbi işə xeyli vaxt və güc sərf edərək saysız-hesabsız qoşun topladı, paytaxtını alınmaz bir qalaya çevirdi. Fətəli xan gələcək məqsədinə tezliklə çatmaq, yəni bütöv Azərbaycana sahib olmaq üçün ətraf yerləri də öz torpaqlarına qatdı, xanlığın ərazisini xeyli genişləndirdi. Taxt-taca yiyələnəndən bir il keçmiş qonşu Dərbənd hakimi Məhəmmədhüseyn xanı devirib, şəhəri tutdu. Bununla o, xalq arasında eyni zamanda Dərbəndli Fətəli xan kimi də tanınmağa başladı.
Qubalı Fətəli xan qarşıdakı zəfərlər üçün igid, cəngavər tayfaları da özünə cəlb etmək istəyirdi. Ona görə də o, Muğan çölündə yaşayan köçəri şahsevənlərin böyük bir qismini Quba xanlığı ərazisinə köçürmüş və onlar da həmişə Fətəli xana arxa-kömək durmuş, xanlığın hərbi və siyasi həyatında böyük rol oynamışlar.
Qan tökmədən bəzi tayfaları özünə tərəf çəkən Fətəli xanın ən ağıllı tədbirlərindən biri də qonşu Qaraqaytaq əmiri Həmzə ilə yaxınlaşmaq idi. Bu məqsədlə də o, Əmir Həmzənin bacısı Tutu Bikəni özünə arvad eləmişdi. Əmir Həmzə isə Fətəli xanın bacısı Xədicə Bikəyə elçi göndərmiş, lakin Quba xanı öz bacısını ona yox, bakılı I Mirzə Məhəmməd xanın oğlu Məlik Məhəmmədə vermişdi. Elə buna görə də Əmir Həmzə ilə Fətəli xanın arasında düşmənçilik yaranmışdı. Lakin bu cür ailə münaqişələri Fətəli xanın planlarına mane ola bilməmişdi və elə qohumluq vasitələri ilə də bir neçə il ərzində o, Dərbəndən Kür çayınadək Xəzər dənizi sahilinin böyük bir hissəsinə sahib olmuşdu.
Qonşu Dağıstan feodalları ilə də dostluq əlaqələrinə girən Fətəli xan şimal sərhədlərini möhkəmləndirəndən sonra Şamaxı hakimi Ağası xandan onun xanlığını dağlılardan qoruduğu üçün bac-xərac tələb elədi. Ağası xan bundan imtina etdiyinə görə o, Şəki xanı ilə birləşərək 1767-ci ildə Şirvan şəhərinə yeridi. Şamaxını ələ keçirib, Şirvan torpaqlarını Şəki xan ilə dədə malı kimi yarı böldü və mövqeyini daha da möhkəmlətmək üçün Dərbənddən xeyli adamı bura köçürtdü.
Qubalı Fətəli xanın uğurları artdıqca onu gözü götürməyənlərin sayı da çoxalırdı. 1774-cü ildə Dağıstanın bir neçə feodal hakimi aralarında ittifaq yaradaraq Quba üzərinə basqın etdi. Şamaxı hakimi Ağası xan da öz köhnə düşmənindən qisas almaq məqsədilə bu fürsətdən istifadə edərək ona qarşı çıxdı. Ancaq Fətəli xan onu qabaqlayıb, bakılıların və salyanlıların köməyi ilə qoşunlarını onun üzərinə yeritdi. Bu güclü hücumun qarşısını ala bilməyən Ağası xan qaçıb gizlənməyə məcbur oldu. Fətəli xanın Şirvanda olmasından istifadə edən Qaraqaytaq hakimi Əmir Həmzə isə qazıqumuqlu Məhəmməd xan və tabasaranlı Rüstəm bəylə sazişə girərək Dərbənd üzərinə hücuma hazırlaşırdı. Dərbəndi ləzgilərə verməmək üçün Fətəli xan Şamaxıdan şimala tərəf hərəkət elədi. Ləzgilərlə döyüşlərdə Quba xanı üstünlüyü əvvəlcə ələ aldı, lakin bir neçə gündən sonra Xudat yaxınlığında məğlub olaraq geri - Salyana çəkildi. Qazıqumuqlu Məhəmməd xan Qubanın böyük bir hissəsini ələ keçirdi, Əmir Həmzə isə Dərbəndi mühasirəyə aldı. Əri burda olmadığı üçün Fətəli xanın arvadı və Əmir Həmzənin bacısı Tutu Bikə xanım bu zaman kişi libasında Dərbəndin müdafiəsinə başçılıq edirdi. Qardaşla bacı arasında döyüş gedirdi, qardaşla bacı bir-biri ilə düşmən kimi qarşılaşırdı. Qadın Tutu Bikə kişi Əmir Həmzədən müdafiə olunur, şəhərini qoruyurdu. Kişi Əmir Həmzə isə qadın Tutu Bikəyə qalib gələ bilmirdi. Ona görə də Əmir Həmzə şəhəri güclə yox, bicliyə əl atmaqla almaq istəyirdi. Lakin hiylələrinin baş tutmadığını görən Qaraqaytaq hakimi planını dəyişib, qəflətən Bakıya doğru irəliləməyə başladı.
1775-ci ildə Fətəli xan Salyanda olarkən dərbəndli Mirzə bəy Bayatı hərbi kömək üçün II Yekaterinanın yanına göndərdi və özü də Dərbəndə qayıtdı. Bunu eşidən Əmir Həmzə dərhal Bakıdan Dərbənd üzərinə hücuma keçdi. Rus çariçəsi general-mayor De-Medemin başçılığı ilə qubalılara hərbi qüvvə göndərdi. Fətəli xan rus qoşunlarının köməyilə şəhəri mühasirədən çıxarıb, Əmir Həmzəni məğlub edərək itaət əlaməti kimi Dərbənd qalasının açarlarını II Yekaterinaya göndərdi. Lakin rus çariçəsi cənub qonşuları Türkiyə və İranla münasibətlərini korlamamaq üçün Dərbəndin açarlarını geri qaytardı və Rusiya dövlətinin himayəsinə girmək barədə Quba xanının xahişini rədd elədi...
Qubalı Fətəli xanın ən çox ehtiyat etdiyi və çəkindiyi Qarabağ hakimi İbrahimxəlil xan idi. Ona görə o, bu xanlığı da nəyin bahasına olursa-olsun, ram etməyi öz planına daxil etmişdi. Hətta bir neçə dəfə Qarabağa qoşun çəkmiş, lakin qarabağlıların iradəsini qıra bilməmişdi. Və Fətəli xan artıq başa düşmüşdü ki, İbrahimxəlil xana heç vaxt qalib gələ bilməz, çünki onun həm müttəfiqləri çox idi, həm də güclü qoşunu vardı. Və onu da başa düşürdü ki, İbrahimxəlil xanla havayı yerdən düşmən mövqeyində dayanır. Öz səhvlərini gec də olsa, dərk edən Quba xanı Qarabağ xanı ilə barışmaq fikrinə düşdü və 1779-cu ilin əvvəllərində elə bu məqsədlə də Bakıya - yeznəsi Məlik Məhəmməd xanın yanına gəldi. Dərdini açıb söylədi, İbrahimxəlil xana qarşı çıxdığı üçün peşmançılıq çəkdiyini və onunla barışmaq fikrində olduğunu da bildirdi. Dedi ki, Qarabağ xanı ilə küsü saxlamağın heç bir mənası yoxdur. Mən indi-indi başa düşürəm ki, İbrahimxəlil xan kimi qüdrətli bir adama heç vaxt mənim dişim bata bilməz. Digər tərəfdən də biz niyə bir-birimizlə ümu-küsü saxlamalıyıq ki, ümumi düşmənlərimiz də qıraqdan baxıb, bizə gülə, fürsət tapan kimi üstümüzə qoşun çəkə. Elə bilirdim ki, İbrahimxəlil xan məni qabaqlayıb, özü barışıq təklifi edər, ancaq görürəm ki, o da qabağından yeyən, heç kəsə baş əyən kişi deyil. Nə olar, birimiz od olanda, birimiz də su olmalıyıq. Bu işi yoluna qoymaq lazımdır. Səhvimizi boynumuza almalı və mütləq barışmalıyıq. Sonra gec olar... Ona görə də barışıq üçün onun yanına elçi göndərməyə məcburam. Bəlkə, bu elçiliyi elə sən özün eləyəsən, ay Məlik Məhəmməd, çünki başqa heç kəsə inamım, etibarım qalmayıb.
Fətəli xanın elçilik təklifi ürəyindən olmasa da, Məlik Məhəmməd xan bundan boyun qaçıra bilmədi və ertəsi gün yubanmadan iki nəfər də yaxın və etibarlı adamıyla Şuşaya yola düşdü. İbrahimxəlil xan Bakıdan gələn elçiləri özünəməxsus qonaqpərvərliklə, yüksək hörmət və izzətlə qarşıladı. Lakin danışıqlar zamanı Məlik Məhəmmədin dikbaşlığı və lovğalığı İbrahimxəlil xanı heç də açmadı. Sözləri çəpləşdi. Qarabağ xanı qəzəblənib, onları zindana salmağı əmr elədi...
Bu xəbər Qubaya - Fətəli xana çatdı. O, ürəyində İbrahimxəlil xanı asıb-kəssə də, Qarabağa hücuma hələlik cürət eləmədi, işin sonunu gözləməyə başladı. Çünki bilirdi ki, bu addımı tezliklə atsa, onun hakimiyyətinə son qoyula və bu, onun torpaqlarının itirilməsi ilə nəticələnə bilər. Ona görə də əlverişli məqam gözləməyə başladı.
Bakılı elçilərin həbs olunmasından bir ilə yaxın vaxt keçirdi. Ancaq onların buraxılması barədə Qarabağdan heç bir xəbər-ətər gəlmirdi. Fətəli xanın isə səbri artıq tükənmişdi. Ona görə də o, əl altından İbrahimxəlil xanla müharibəyə hazırlıq görürdü. 1780-ci ilin əvvəllərində Tarku Şamxalı və Şamaxı xanları ilə ittifaqa girib, səkkiz minlik qoşunla Qarabağa hücuma keçdi. Lakin İbrahimxəlil xanın müttəfiqi, Gürcüstan çarı II İrakli oğlu Georginin başçılığı ilə beş min nəfərdən ibarət gürcü qoşununu müttəfiqinə köməyə göndərdi. Birləşmiş qoşunlar Kür çayı sahilində Quba-Şirvan dəstələrini darmadağın edib, geri qaytardılar. Həmin ilin avqustunda onlar yenidən Qarabağa hücum etdilər, ancaq yenə də əvvəlki kimi geri qaytarıldılar. Nəhayət, 1781-ci ildə Fətəli xan bütün gücünü toplayıb, müttəfiqlərinin köməyi ilə Qarabağa yenidən hücum elədi. Cəmi üçcə nəfərə görə havayı qan tökməmək və Qarabağ torpağını növbəti döyüş meydanına çevirməmək üçün İbrahimxəlil xan dustaqları zindandan buraxdırdı və onlar ikillik həbsdən sonra Bakıya qayıtdılar. Lakin əsəblərini cilovlaya bilməyən və İbrahimxəlil xana günü-gündən nifrəti artan Fətəli xan həmin ilin martında yenidən hücuma keçdi və öz müttəfiqləri tərəfindən kömək gəlmədiyinə görə məğlub oldu.
Fətəli xan İbrahimxəlil xana qalib gəlmək üçün dərindən-qabıqdan çıxır, özünə yeni müttəfiqlər axtarırdı. 1784-cü ilin yayında, o, II İrakliyə Qarabağa birlikdə hücum eləməyi təklif elədi. Həmin vaxt isə İbrahimxəlil xan keçmiş Şamaxı xanları Məhəmməd Səidin və Ağası xanın öz yerlərinə bərqərar olmaları üçün Çar-Balakən hakimi Ömər xanla birlikdə Şirvan torpaqlarına yaxınlaşırdı. Burda iki düşmən qabaqlaşdı. Fətəli xan mühasirəyə alındı. Qırx beş gündən sonra muzdlu akuşalıların və müttəfiqi şamxal Bamatın köməyi ilə Quba xanı mühasirədən çıxdı və dərhal da sülh bağlandı...
Pənahəli xanın vəfatından sonra Qarabağda hakimiyyət uğrunda İbrahimxəlil xanla qardaşı Mehrəli bəy arasında səltənət davası gedirdi. İki qardaş bir-birinə qatı düşmən kəsilmişdi. Bir-birinə bata bilməyən qardaşlar özlərinə müttəfiq axtarırdılar. Özünü İbrahimxəlil xanın qarşısında gücsüz və zəif hesab edən Mehrəli bəy əlacsız qalıb, İrana üz tutmuş, Kərim xan Zəndə pənah aparmışdı. İran hökmdarı da söz vermişdi ki, Mehrəli bəyə köməyini əsirgəməyəcək. Lakin ölkədəki daxili çəkişmələr Kərim xana göz açmağa imkan vermirdi. Mehrəli bəy isə oturub, kömək gözləyirdi. Nəhayət, Kərim xan Ərdəbil hakimi Hidayətulla xana əmr elədi ki, Mehrəli bəyə hərbi kömək versin. Lakin 1779-cu ildə Kərim xan Zəndin qəflətən vəfatı Mehrəli bəyin bütün planlarını alt-üst elədi. İrandan artıq heç bir kömək ala bilməyəcəyini anlayan Mehrəli bəy indi də Şimali Azərbaycan xanlıqlarında himayə axtarmağa başladı. O, Ağa Məhəmməd xan Qacar tərəfindən daim təqib olunan Hidayətulla xanla birlikdə qubalı Fətəli xana üz tutdu. Mehrəli bəy bilirdi ki, Fətəli xan qardaşı ilə düşmənçilik etdiyindən ona mütləq kömək verəcək.
...Fətəli xan Mehrəli bəyi çox səmimi qarşıladı və onun fikirlərini dinləyib, halı oldu. Mehrəli bəyi bir neçə dəfə sınaqdan keçirdi, özü ilə hərbi səfərlərə apardı. Nəhayət, 1785-ci ildə Mehrəli bəyə güclü suvari qoşun verib, Qarabağ üzərinə göndərdi, özü isə Gəncə istiqamətində hücuma keçdi. Fətəli xan bu yürüşdən əvvəl üç dəfə İbrahimxəlil xanın üzərinə hücum etmiş, ancaq hər dəfə də məğlub olmuşdu. Bu dəfə də belə oldu. Mehrəli bəyin başçılığı ilə Quba qoşunları Əsgərana qədər gələ bildi və burda baş verən döyüşdən sonra Qarabağ süvariləri onları qovub, Kür çayının o biri üzünə adladılar. Bu məğlubiyyətin əvəzini çıxmaq üçün Fətəli xan İbrahimxəlil xanın müttəfiqi, Şamaxı hakimi Ağası xanın üzərinə qoşun yeritdi. Döyüşlərdə Mehrəli bəy də iştirak edirdi. O, mühüm bir tapşırığı yerinə yetirib, geri qayıdarkən Ağası xanın böyük oğlu Əhməd bəy tərəfindən öldürüldü. Fətəli xan İbrahim xanla barışmaq və yaxınlaşmaq üçün bu hadisədən diplomatik surətdə istifadə edərək Mehrəli bəyin cənazəsini xüsusi hörmət və ehtiramla Şuşaya yola saldı. İbrahimxəlil xan Fətəli xanın bu hərəkətini alqışladı, onunla barışdı. Bu barışıq nəticəsində hər iki xan ittifaqa girib, Ağası xanıın üzərinə hücum edərək Şamaxını tutdu.
Mehrəli bəyin oğlu "Batmanqılınc" ləqəbli Məhəmməd bəy Cavanşir atasının qatillərinindən intiqam almaq üçün Şirvana yollandı. Məhəmməd bəyin sorağını alan Fətəli xan onu öz yanına dəvət eləyib, Şamaxı xanına qarşı mübarizəyə qaldırdı. 1785-ci ildə Fətəli xanın göstərişi ilə Məhəmməd bəy Ağası xanla iki oğlunu qətlə yetirib, Qarabağa döndü...
On səkkizinci yüzilliyin səksəninci illərində Qubalı Fətəli xanın nüfuz dairəsi xeyli artmış, o, Bakı, Dərbənd, Salyan, Şamaxı və sair yerləri özünə tabe etmişdi. Artıq Şəki hakimi, Tabasaran feodalları, Muğan, Talış, Gilan xanları da ona itaət göstərirdilər. Fətəli xan, hətta cənub xanlıqlarına da yürüş etmiş və heç bir müqavimətə rast gəlmədən Ərdəbil və Meşkin şəhərlərini də tutmuşdu. Onun qarşısına qoyduğu əsas məqsəd isə bir neçə xanlığı tutandan sonra Şirvanşahlar dövlətini yenidən yaratmaq və Şamaxını onun paytaxtı elan etmək idi. Bunun üçün Fətəli xan Salyan, Dərbənd, Quba, hətta əlli il əvvəl Nadir şah tərəfindən salınmış Yeni Şamaxının (Ağsunun) da əhalisini bura köçürməyə başlamışdı...
Lakin Fətəli xanın planları həyata keçmədi. Həm də qarşıda Qarabağ kimi möhtəşəm bir xanlıq dururdu. Fətəli xanın gələcək planlarına mane olmaq üçün İbrahimxəlil xan Şamaxını onun əlindən almaq istəyirdi. Qarabağ xanının məqsədini bilən Fətəli xan 1789-cü ilin əvvəllərində onu tam məğlub etmək üçün Gürcüstan çarı II İrakli, şəkili Məhəmmədhüseyn xan və gəncəli Cavad xanla danışığa girib, görüşmək üçün Gəncəyə yollandı. Müttəfiqlər Şəmkir yaxınlığında görüşdülər və yayqabağı Qarabağa hücum etmək planlaşdırıldı. Lakin Fətəli xan geri qayıdarkən qızdırma xəstəliyinə tutuldu. O, Qubaya yox, birbaşa Bakıya - bacısının yanına gəldi. Getdikcə şiddətlənən xəstəlik Novruz bayramı günü 53 yaşında onun ömrünə son qoydu. Bacısı Xədicə Bikə, bacısı oğlu və kürəkəni II Mirzə Məhəmməd onun dəfnini çox təntənəli şəkildə keçirdilər. Fətəli xan Bibiheybət məscidinin həyətindəki qəbiristanlıqda bastırıldı. Sonralar məscid sökülərkən deyildiyinə görə, Fətəli xanın qəbrinin başdaşısı Azərbaycan Tarix Muzeyinə gətirildi.