Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən 525.az-a bildirilib ki, bu ali təhsil müəssisəsinin rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə özbəkistanlı nümayəndə heyətinə universitetdəki tədris prosesi, ixtisaslar, bakalavriat, magistratura və doktorantura proqramları, müəllimlərin diferensial əməkhaqqı sistemi reytinqi, elmi fəaliyyətin stimullaşdırlması, beynəlxalq əlaqələr, ikili diplom proqramları, filiallar, rəqəmsal universitet və digər təhsil imkanları barədə məlumat verilib.
Obid Hakimov UNEC-in imkanlarını yüksək qiymətləndirərək, səfərin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı liderlər arasında bir sıra sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə olunub. Qonaq UNEC-in ölkənin aparıcı universitetlərindən olduğunu nəzərə alaraq, bu ali təhsil müəssisəsi ilə Özbəkistan universitetlərinin əməkdaşlığının hər iki ölkənin təhsilinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı İqtisad Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında UNEC-də tətbiq edilən rəqəmsal universitet modelinin, təhsil proseslərinin rəqəmsallaşdırılmasının, tələbələr üçün vahid pəncərə sisteminin, müəllimlərin reytinqi və elmi fəaliyyətin təşviqi sisteminin, yazılı imtahanların elektronlaşdırılması modelinin Özbəkistanda tətbiq edilməsi təklif olunub və bu istiqamətdə müzakirələrin davam etdirilməsinə qərar verilib.
Sevinc Qarayeva