Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar keçiriləcək.
525.az xəbər verir ki, “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində təşkil edilən seminar tarixi-mədəni əhəmiyyətə və Azərbaycan xalqı üçün mənəvi dəyərə malik olan Şuşa şəhərində təşkil ediləcək.
Dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılması məqsədilə keçiriləcək seminarda “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?”, “Dini radikalizmlə mübarizə və media”, “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzularında sessiyalar baş tutacaq.
Seminar çərçivəsində peşəkar media mütəxəssisləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək, interaktiv müzakirələr aparılacaq, habelə işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil ediləcək.
Qeyd edək ki, ikigünlük seminara 30-dan çox media nümayəndəsi qatılacaq.
Sevinc Qarayeva