Fransa Cənubi Qafqaz regionunda qarşıdurma yaratmaq, sülhü əngəlləmək kimi pozucu niyyətlərindən əl çəkmək istəmir. Uzun müddətdir bu siyasəti aparan Paris Qarabağ münaqişəsi bitsə də, yenə də öz mənfur əməllərindən əl çəkmir, Ermənistanı öldürücü silahlarla təmin edir və bu işə digər müttəfiqlərini də cəlb edir. Məqsəd aydındır - regionu barıt çəlləyinə çevirməyə can atan Fransa yeni müharibəyə təhrik edir. Təəssüf ki, Ermənistan hakimiyyəti Makronun fitvasına gedərək sülh sazişinin imzalanması üçün əldə edilən razılaşmaların yekunlaşmasını uzadır.
44 günlük Vətən müharibəsi günlərində işğalçı Ermənistana hər cür yardım göstərən, açıq şəkildə separatizmə dəstək verən Fransa, müharibədən sonra da tərəflər arasında sülh prosesini pozmaq, münaqişəni alovlandırmaq üçün addımlarını davam etdirir. Bu baxımdan Fransa rəsmilərinin Ermənistana mütəmadi səfərləri də istisna deyil. Məlum olduğu kimi, bir neçə gün əvvəl bu ölkənin xarici işlər naziri Stefan Sejurne İrəvana səfər edib. Səfərin əsas məqsədinin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi olduğu açıqlansa da, təbii ki, hədəflərin başqa olduğu heç bir şübhə doğurmur. Bu hədəflər arasında Ermənistanın Rusiyadan tamamilə qoparılması da var ki, fransalı nazirin açıqlamalarına nəzər yetirəndə bunu görmək mümkündür. Erməni həmkarı Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyanla görüşən Sejurne deyib ki, nəyin bahasına olursa-olsun, Ermənistanı Rusiyanın təzyiqlərindən qorumağa çalışacaqlar. Onun sözlərinə görə, Fransada siyasi qüvvələr arasında razılaşmanın olduğu mövzular azdır. Ermənistan mövzusu da onlardan biridir. Göründüyü kimi, fransız rəsmi ölkəsində vahid antiazərbaycan mövqeyinin olduğunu gizlətmir.
O, Ermənistanı silahlandıracaqlarını, hərbi əməkdaşlığı davam etdirəcəklərini də açıq şəkildə bəyan edib: "Ermənistan öz ərazi bütövlüyünü, əhalisini qorumağı bacarmalıdır. İki ölkənin müdafiə sahəsində əməkdaşlığı regionda vəziyyəti gərginləşdirməyə yönəlməyib, heç kimin belə niyyəti yoxdur".
Ermənistan təcavüzkar dövlətdir, 30 ilə yaxın qonşusunun ərazilərini işğalda saxlayıb, münaqişənin sülh yolu ilə həlli üçün bir addım belə atmayıb. Ermənistandan fərqli olaraq Azərbaycan heç vaxt heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib, bütün ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşıb. Fransanın antiazərbaycan kampaniyasının bir hissəsi olaraq dövriyyə buraxdığı "Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır" yalanı heç bir nəticə vermədi. Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsünü irəli sürdü, sülh sazişinin müəllifidir, belə olan halda hansı müharibə planlarından söhbət gedə bilər? Bununla belə, Bakı dəfələrlə bəyan edib ki, əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olsa, dərhal addımlar atılacaq.
İndi fransız nazir bu açıqlaması ilə, yəni "İrəvan ərazi bütövlüyünü, xalqını qorumağı bacarmalıdır" deməklə nəyi nəzərdə tutur? Kimdən qorunurlar? Region üçün ən böyük təhlükə elə Ermənistan özü deyilmi?!
Məsələnin başqa tərəfi, Paris Ermənistana 29 milyon dollar yardım ayrılacaq. Bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub. Bu, Fransanın növbəti çirkin əməlidir. Qarabağdan ermənilər öz istəkləri ilə gediblər. Amma azərbaycanlılar Ermənistandan - öz tarixi torpaqları olan Qərbi Zəngəzurdan zorla, işgəncələrə məruz qalaraq çıxarılıblar. Hələ də öz yurdlarına dönə bilmirlər və erməni müdafiəçiləri bir dəfə də olsun bu məsələni gündəmə gətirməyiblər.
Hər bir halda, məlum olan odur ki, Fransa regionda sabitliyin, əməkdaşlığın olmasını istəmir və bunu da gizlətmir. Sejurne Ermənistanı silahlandırmaqda davam edəcəklərini deyib. Fransanın riyakarlığının bir nümunəsi də prosesi pozub, sonra da sülh haqqında danışmaqdır. Müharibədən sonra sülh danışıqlarının aparıldığı Brüssel platformasını məhz Paris pozdu. Eyni zamanda, Fransa və digər havadarlarının təkidi ilə Kremlin danışıqlar üçün Moskva təkliflərindən də İrəvan imtina edir.
Fransa və Azərbaycan əleyhinə olan digər bəzi qüvvələr COP29 ərəfəsində ölkəmizə qarşı kampaniyaya başlayıblar. Məsələn, fransız XİN rəhbəri deyib ki, Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək. Bakı bundan əvvəl sülhə can atdığını göstərməlidir. Bu açıqlama özü də qərəzli kampaniyanın başladığını göstərir. Məqsəd tədbirə kölgə salmaq, Bakının sülh istəmədiyi görüntüsünü yaratmaqdır. İkincisi, Fransanın özünü sülhpərvər kimi göstərməyə çalışır. Rəsmi Bakı hər zaman bəyan edib ki, tələsik və yarımçıq sülh sazişi imzalamayacaq. Sülh sazişi üçün əsas şərt Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsidir. Çünki həmin sənəddə və digər hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Bu şərtlərlə sülh sazişinin imzalanması o deməkdir ki, İrəvan istənilən vaxt Azərbaycana qarşı yenidən ərazi iddiaları qaldıra bilər. Digər tərəfdən, Ermənistanda mövcud olan revanşist qüvvələr bundan ruhlanaraq yenidən dirçələ, baş qaldıra bilərlər. Ona görə də Azərbaycan bu formada sülh sazişi imzalamayacaq. Əlbəttə ki, Fransa, ABŞ üçün belə yarımçıq sülh sazişi əlverişli olardı. Amma Bakı bu məsələdə prinsipial mövqeyini bəyan edib, ona görə də hansısa bir kənar qüvvə heç bir halda bu məsələdə təzyiq göstərə bilməz, göstərsələr belə, heç nə əldə edə bilməyəcəklər.
Ermənistanı tam hərbiləşdirmə siyasəti aparanların Bakını yarımçıq sülhə tələsdirməsinin səbəbləri başadüşüləndir. İrəvan yeni müharibəyə hazırlanır. Belə olmasaydı, ABŞ, Avropa İttifaqı, Fransa, onların vasitəçiliyi ilə digər dövlətlər, o cümlədən, Hindistan Ermənistana silahlar tədarük etməzdilər. Fransa Ermənistana razılaşmaya uyğun olaraq SEZAR haubitsaları, radarlar, zirehli texnikalar, zenit-raket kompleksləri və s. artıq verməyə başlayıb. Kənar qüvvələrin regiona müdaxiləsinə şərait yaradan, onların bölgədəki maraqlarını reallaşdırmaları üçün meydan verən İrəvan bununla həm də sülhdən uzaqlaşır.
Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makronun da Ermənistana səfəri gözlənilir. Bir müddət əvvəl erməni mediası yazmışdı ki, Makron 21 sentyabr - müstəqillik günündə İrəvana səfər edə bilər. Məqsəd isə Ermənistanın suverenliyinə dəstək nümayiş etdirməkdir. 2021-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa lideri ilə danışıqlardan sonra həmin il sentyabrın 21-də onu İrəvanda gözlədiyini bildirib. Lakin səfər indiyədək baş tutmayıb. Fransa prezidenti sonuncu dəfə Ermənistana 2018-ci ilin oktyabrında səfər edib və Frankofoniya sammitində iştirak edib. Makronun səfəri baş tutsa, bu, heç şübhəsiz ki, Ermənistanı sülh prosesindən uzaqlaşdırmağa, Parisin regionda pozucu siyasətini gücləndirməyə, gərginlik, qarşıdurma yaratmağa xidmət edəcək.
çap et