Gürcüstanda parlament seçkilərinə bir ay, bir həftə qalır. Seçki yaxınlaşdıqca Gürcüstan hökumətinin müttəfiqləri ilə münasibətləri sürətlə pisləşdiyi kimi, hakim partiyanın liderləri tərəfindən cəmiyyəti qəzəbləndirəcək açıqlamalar da artır. Gürcüstan parlamentinin rəhbərliyi Tiflisdə səfərdə olan Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rotun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşməkdən imtina edib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu mövqelərini almaniyalı siyasətçinin Tiflisə bundan əvvəlki səfəri zamanı "Rusiya qanunu" adlandırılan "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbuluna qarşı etiraz aksiyasında iştirak etməsi ilə əsaslandırıb. "Bu adam gürcü xalqını təhqir edib, ona görə də onunla görüşmək istəmirik. O, hökumət əleyhinə keçirilən nümayişdə xarici siyasətçi kimi radikal müxalifəti dəstəkləməklə gürcü xalqının kilsəsini, gürcü xalqının seçilmiş hökumətini və gürcü demokratiyasını təhqir edib". Parlament sədri hesab edir ki, Maykl Rot Gürcüstana müxalifəti dəstəkləmək üçün gəlib.
Maykl Rot "Gürcü arzusu"na tənqidi münasibəti ilə tanınır. Almaniyalı siyasətçi hətta hakim partiyanı "Gürcü kabusu" adlandırmaqdan çəkinməyib. Hakim partiyanın təmsilçiləri ilə görüşə bilməyən Maykl Rot Papuaşvilinin ittihamlarını rədd edərək bildirib ki, Gürcüstana müxalifəti dəstəkləmək üçün deyil, Avropa dəyərlərini təbliğ etmək üçün gəlib. Gürcü müxalifəti ilə görüşdən çəkilən fotonu "Güclü müxalifət olmadan bütün demokratiyalar ölür" ifadəsi ilə paylaşıb.
"Gürcü arzusu" iqtidarının ABŞ-la da münasibətləri pisləşir. Birləşmiş Ştatlar Gürcüstanda dinc nümayişlərin vəhşicəsinə dağıdılması və siyasi opponentlərə qarşı repressiyalara görə hökumətin iki rəsmisinə və hakim partiyaya yaxın iki şəxsə qarşı sanksiyalar tətbiq edib. Amerika Maliyyə Nazirliyinin saytında dərc olunan məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin rəhbəri Zviad Xarazişvili və onun müavini Mileri Laqazauriyə sanksiya tətbiq edilib. Sanksiyaya məruz qalan Konstantin Morqoşiya və Zurab Maxaradze isə radikal sağçı baxışları ilə tanınır. Vaşinqtonda hesab edirlər ki, Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və öz məqsədlərinə çatmaq üçün zorakılıqdan istifadə etmək cəhdləri ölkəni Qərbdən daha uzaqlaşdırır.
Qərblə münasibətləri günü-gündən pisləşən "Gürcü arzusu"na qarşı Gürcüstan cəmiyyətində də narazılıq artır. Bunun əsas səbəbi isə "Gürcü arzusu" liderlərinin ziddiyyətli açıqlamalarıdır. Məsələn, "Gürcü arzusu" partiyasının qurucusu və lideri Bidzina İvanişvilinin 2008-ci il müharibəsinə görə gürcülərin osetinlərdən üzr istəməli olduğu bəyanatı Gürcüstan cəmiyyətində süngü ilə qarşılanıb. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili "Gürcü arzusu"nun lideri Bidzina İvanişvilinin bu təklifini Gürcüstan tarixində görünməmiş xəyanət adlandırıb. İvanişvilini satqın adlandıran Saakaşvili feysbuk səhifəsində yazıb ki, Gürcüstanda Orconikidze kimi satqınlar həmişə olub, amma heç vaxt satqın hökmdar olmayıb. "O, rusların hücumuna, insanların məhv edilməsinə, kəndlərin yerlə-yeksan edilməsinə haqq qazandırıb". Keçmiş prezident sonda qeyd edir ki, oktyabrın 26-da gürcü xalqının bu bağışlanmaz xəyanətə layiqli cavab verəcəyinə əminəm.
Gürcüstanın milli qəhrəmanı Qiorqi Antsuxelidzenin ailəsinin adından yayılan açıqlamada isə bildirilir ki, gürcülər Qiorqi Antsuxelidzenin qatillərindən heç vaxt üzr istəməzlər. Gürcüstan Silahlı Qüvvələrinin kiçik serjantı Qiorqi Antsuxelidze 2008-ci il avqustun 9-da Rusiya-Gürcüstan müharibəsində düşmənə əsir düşüb və amansız işgəncələrlə öldürülüb.
Ötən il Rusiya hərbçiləri tərəfindən öldürülən Tamaz Qinturinin qardaşı da oliqarxın açıqlamasını şəhidlərin "ruhuna tüpürmək" adlandırıb. "Qardaşım kilsəyə şam yandırmaq üçün getdi. Qayıdanda pusquya düşdü və öz avtomobilində güllələndi. Fikirləşdim ki, Rusiya bizdən üzr istəməlidir, amma əksinə, Bidzina İvanişvili bizdən osetinlərdən üzr istəməyi istəyir". Pirveli televiziyasına danışan müharibə veteranları isə daha sərt danışaraq İvanişvili hökumətini Putinin əmrini yerinə yetirən "Rusiya hökuməti" olduğunu bildiriblər. İstefada olan generaların bir qrupu isə televiziyaya açıqlamalarında bildiriblər ki, İvanişvili gürcü xalqından üzr istəməlidir.
Gürcüstanda fəaliyyət göstərən siyasi partiyalarının əksəriyyəti İvanişvilinin açıqlamasını Gürcüstanın tarixinə, xalqına və dövlətinə qarşı addım hesab edirlər. "Axali" partiyasının liderlərindən biri Nika Qvaramiya İvanişvilinin bəyanatını düşmən dəyirmanına su tökmək adlandırıb. Qvaramiya bildirib ki, "Gürcü arzusu" milləti alçaltmaq, təhqir etmək və terror etmək üçün yeganə siyasi texnologiya kimi təhdidlərdən istifadə edir.
Gürcüstan cəmiyyətinin müxtəlif təbəqələrindən İvanişvilinin bəyanatına qarşı sərt tənqidlərin səsləndiyi bir zamanda "Russia Today"ın baş redaktoru Marqarita Simonyan İvanişvilini tərifləyib.
Cənubi Osetiyanın "Ədalət naminə" partiyasının bəyanatında bildirilir ki, sadəcə olaraq üzrxahlıqla kifayətlənmək olmaz. "Gürcüstan tərəfi Cənubi Osetiya xalqına qarşı siyasətinin soyqırım olduğunu etiraf etməli, eləcə də Cənubi Osetiya Respublikasının müstəqilliyini tanımalıdır". "Vahid Osetiya" partiyasının sədri Atsamaz Bibilov isə bildirib ki, İvanişvilinin bəyanatının səmimiliyindən danışmaq üçün osetin soyqırımını və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır.
Bütün bunlar Gürcüstan cəmiyyətində İvanişviliyə qarşı qəzəbi artırır. Belə görünür ki, "Gürcü arzusu" Partiyasının liderləri 26 oktyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində Qərblə körpüləri yandırmaqla yanaşı, cəmiyyətə də meydan oxumaqdan çəkinmirlər. Müxalifət isə oktyabrın 26-da "Rus arzusu" adlandırdıqları "Gürcü arzusu" ilə vidalaşacağıqlarını bəyan edirlər. "Gürcü arzusu" liderlərinin açıqlamalarından isə belə qənaət yaranır ki, müxalifəti mühakimə etməyə hazırlaşırlar. Bütün bunlar Gürcüstanın təhlükəli hadisələr ərəfəsində, "Gürcü arzusu"nun da bu hadisələrin baş verməsində maraqlı olduğunu göstərir.