"Taliban" terror təşkilatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra milyonlarla əfqan öz ölkəsini tərk edib. Əfqan qaçqınların ən çox sığındığı ölkə isə İrandır. Qeyd edək ki, bundan əvvəl də İranın müxtəlif vilayətlərində əfqan qaçqınlar vardı. Ancaq o zaman insanlar əsasən Əfqanıstandakı sosial vəziyyətin həddən artıq ağır olmasına görə İrana köç edirdilər. "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra isə insanlar həyatlarını xilas etmək üçün ölkədən qaçmağa başladılar. Hazırda İranda nə qədər əfqanıstanlı qaçqının olduğu dəqiq məlum deyil. Ehtimallara görə, İrandakı əfqan qaçqınların sayı 2 milyondan çoxdur.
Əfqan qaçqınlar Rezavi Xorasan, Cənubi Xorasan və Sistan-Bəlucistan vilayətlərində yerləşiblər. Onların böyük hissəsi həmin ərazidəki çadır şəhərciklərində yaşayırlar. Qeyd edək ki, zaman-zaman İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çoxlu sayda video və xəbərlər yayılıb. Elə vəziyyət yaranıb ki, hətta İran hakimiyyət orqanlarının qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətləri "Taliban"nın da etirazına səbəb olub. İddialara görə, son üç ildə yüzlərlə əfqan qaçqın İranda üzləşdikləri ağır vəziyyətin qurbanı olublar.
İndi isə İran hökuməti əfqan qaçqınların ölkədən çıxarılmasına hazırlaşır. İranın Daxili İşlər Nazirliyi 2025-ci ilin mart ayına kimi İranda yaşayan əfqan qaçqınların çoxunun ölkədən deportasiya ediləcəyi barədə bəyanat yayıb. Bunun ardınca İranın bir neçə vilayətində çörək mağazaları və sexlərinə əfqanlara çörək satılmaması barədə göstəriş verilib. Bu proses isə Kirman vilayətinin Bordsir şəhərində başlayıb və bir neçə gün ərzində başqa şəhərlərə də yayılıb. "Qaçqınlara çörək satışı qadağandır, əks təqdirdə qaydanı pozanlara qarşı hüquqi ölçü götürüləcəkdir", - çörək mağazalarının qapılarına asılan lövhələrdə xəbərdarlıq edilib.
Əfqanıstandan olan qaçqınların "Taliban" qorxusuna görə öz ölkələrinə qayıtmayacağı ehtimal olunur. İrandan çıxarılacaq əfqan qaçqınların qonşu ölkələrə, xüsusilə Türkiyəyə üzə tutacağı gözlənilir. İran rəsmi şəkildə əfqan qaçqınları çıxaracağını bəyan etdikdən sonra İranın bəzi qonşuları sərhədlərini gücləndirməyə başlayıblar. İrandan on minlərlə insan axının qarşısını almaq üçün gücləndirilmiş tədbirlərə ehtiyac var.
On milyondan artıq qaçqının məskunlaşdığı Türkiyədə daha çox narahatlıq var. Çünki ölkədə bir milyondan artıq əfqan qaçqın var. İrandakı əfqan qaçqınların onların yanına getmək istəyəcəyi ehtimalı çox yüksəkdir. Türkiyə mediası hökuməti təcili tədbirlər görməyə çağırır. Ancaq belə görünür ki, Türkiyə hökuməti əfqan qaçqınları qəbul etməyə hazırdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan bildirib ki, qaçqınlar Türkiyə iqtisadiyyatının inkişafına töhfə verirlər. Bu isə rəsmi Ankaranın əfqan qaçqınlara qarşı olmadığı kimi dəyərləndirilir. İran isə əfqan qaçqınları ölkədən çıxarmaqla sosial gərginliyi aşağı salmağa çalışır.