İnklüziv təhsil uşaqların cinsi, etnik, dini və mədəni mənşəyindən, sosial-iqtisadi statusundan, əlilliyi olub-olmamasından, qabiliyyətindən və ehtiyaclarından asılı olmayaraq, həmyaşıdları ilə birlikdə yaxınlıqdakı ümumi təhsil müəssisələrində eyni sinifdə təhsilə cəlb olunmasıdır. Başqa sözlə desək, inklüziv təhsil hər bir uşağın təhsil almaq hüququna əsaslanaraq, əlilliyi olmayan və olan bütün uşaqların keyfiyyətli təhsilə çıxışını və seqreqasiya, ayrı-seçkiliyin olmadığı mühitdə bərabər inkişafını təşviq edən təhsil modelidir. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi olan uşaqların əlilliyi olmayan həmyaşıdları ilə birlikdə təhsili hər kəs üçün səmərəli tədris formasıdır. Belə ki, bütün uşaqların eyni sinifdə həyata keçirilən tədris prosesində iştirakı təhsilverənləri şagirdlərə fərdi yanaşmağa sövq edir. Əlavə olaraq, müxtəlif araşdırmaların nəticələri göstərir ki, əlilliyi olan uşaqlarla əlilliyi olmayan uşaqların birgə inklüziv sinifdə oxuması fərqliliyə münasibəti dəyişməyə, özünə hörmətin və həmyaşıdların qəbulunun yaxşılaşdırılmasına səbəb olur ki, bu, sosial yöndən ədalətli, ayrı-seçkiliyə yol verməyən cəmiyyətin qurulmasına töhfə verir.
Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, dövlət tərəfindən ilk növbədə sağlamlıq imkanları məhdud olan bütün şəxslərin cəmiyyətdə iştirak səviyyəsinin artırılması işləri görülür. İnklüziv cəmiyyətdə bütün insanlar özünün dəyərli olduğunu hiss edir. Fərdi fərqlərə hörmət olunduğunu və əsas ehtiyaclarının ödənildiyini görür. Cəmiyyət heç kimi təcrid etmir və məhdudlaşdırmır. İnklüzivlik əlilliyi olan şəxslərdə özünəinamı artırır və digər əlilliyi olmayan şəxslərlə bərabərhüquqlu olmasını təmin edir. İnklüziv təhsil əlilliyi olanların yalnız təhsil hüquqlarını dəstəkləməklə bitmir, eyni zamanda onların cəmiyyətdə inteqrasiyasını, müstəqil şəkildə qərar vermə imkanlarını, hüquqlarını öyrətmək məqsədi daşıyır.
İnklüziv təhsil üzrə mütəxəssis Elnarə Məmmədova deyir ki, inkişaf etmiş ölkələrinin inklüziv təhsildə hazırkı vəziyyətə niyə və necə gəldiyini başa düşmədən onların təcrübələrindən yararlandıqda o ölkədəki effekti almaq olmur. O, həmçinin vurğulayır ki, inkişaf etmiş ölkələrin çoxunda inklüzivlik anlayışına Azərbaycandakı kimi sadəcə əlilliyi olan insanlar daxil edilmir: "Belə ki, inklüzivliyin təməl fəlsəfəsi, hər bir fərdin müxtəlifliyinə baxmayaraq, cəmiyyətdə özünü qəbul edilən, dəyərli və təhlükəsiz hiss etməsinə imkan verən düşüncə və hərəkətləri formalaşdırmaqdır. Cəmiyyətdəki insan müxtəlifliyi isə sadəcə əlilliklə məhdudlaşmır. Buraya müxtəlif dinə, irqə malik olanlar, ana dili o ölkənin rəsmi dilindən fərqli olan insanlar - buna çoxmillətliliyi, miqrant və məcburi köçkünləri misal göstərmək olar - əlilliyi olan və olmayanlar, ailədə məktəbə ilk dəfə gedən uşaqlar, ölkə daxilində bir şəhər və ya rayondan digərinə köç edənlər daxildir. Bu siyahını uzatmaq da olar. Yəni məktəbə gedən uşaqlar müxtəlif kimliklərə məxsus olurlar. İnkişaf etmiş ölkələrin bir çoxunda təhsil sistemində işləyənlər bu müxtəlifliklərdən xəbərdardırlar və onların özəlliklərini başa düşdükləri üçün bu müxtəlifliyin təhsil kurikulumunda necə dəyişikliklərə yol açdığını görmək olur".
Onun sözlərinə görə, ölkələrdə mövcud şərait və prioritetlərə əsasən dövlət inklüziv təhsilin təşkili elementlərini dəyişə bilir: "Məsələn, ilk olaraq, qonşu ölkə Türkiyəyə baxaq. Orada Suriyadan gələn məcburi köçkünlərin yeni mədəniyyətə adaptasiya olmaları, uşaqların təhsilə cəlbi ilə bağlı köklü problemlər var. Suriyalı uşaqlar türkcə danışa bilmir və beləcə yerlilərlə qaynayıb-qarışmaq, qarşılıqlı mədəniyyət anlaşması çətinləşib. Türkiyənin inklüziv təhsil proqramlarına baxsanız, görərsiniz ki, onlarda inklüziv proqramların əsas hədəfi suriyalı uşaqların məktəbə necə cəlb olunması ilə bağlıdır. Əlilliyi olan uşaqların kütləvi məktəblərdəki təhsilə cəlbi də proqramlarda var, amma əsas vurğu suriyalı uşaqların təhsilə cəlbi ilə bağlıdır. Çünki ölkəni bu gün ən çox narahat edən məsələlərdən biri budur. Almaniya nümunəsinə baxdıqda isə orada inklüziv təhsil proqramında araşdırmaların çoxunun immiqrant uşaqların inklüziv təhsil çərçivəsində məktəbə cəlbinə yönəldiyini görürük. Ölkəyə immiqrantlar gələnə qədər inklüziv təhsil modelində əlilliyi olan uşaqların kütləvi şəkildə məktəblərdə təhsilə cəlb olunmasına görə İtaliya uğurlu sayılırdı. Belə ki, ölkəyə immiqrant köçü başlayanda məlum oldu ki, italyalıların inklüziv təhsil üçün əsasını qoyduğu hüquq və təhsil sistemi əslində immiqrant uşaqların təhsilə cəlbi məsələsində bir qədər axsayır. Yəni bu ölkələrin hazırkı vəziyyəti onların inklüziv təhsil sistemini necə təşkil edəcəyinə ciddi şəkildə təsir edir".
Bu yanaşmanı dərk edib qəbul etmək asan deyil: "Bunun da tarixi səbəbləri var. Tarixə baxanda görürük ki, inkişaf etmiş ölkələrdə belə illərlə əlilliyi olan uşaqlara bacarıqsız, zəif intellektual səviyyəli biri kimi yanaşılıb. Buna elmdə tibbi yanaşma deyilir. Yəni problem insanın fiziki əlilliyindədir. İnsan bu problemini düzəltməlidir ki, "normal" təhsildən də istifadə etsin. Məsələn, eşitməyən adam eşitməlidir ki, bütün həmyaşıdları kimi təhsildən istifadə edə bilsin. Amma ötən əsrin ortalarından Amerikada baş qaldıran sivil vətəndaş hərəkatı sayəsində bir çox ölkələrdə bu yanaşmaların yerini sosial adlı yanaşma aldı".
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Anar Xələfov bildirib ki, inklüziv təhsilə ehtiyacı olan uşaqların müəyyənləşdirilməsi üçün bir çox halda poliklinikalarla əlaqə saxlanılır: "Bildiyiniz kimi, yerli təhsil idarəetmə orqanlarının nəzdində yerlərdə psixoloji-tibbi-pedaqoji komissiyalar fəaliyyət göstərir və onlar poliklinikalarla əməkdaşlıq çərçivəsində sağlamlıq imkanları məhdud olan 6 yaşı tamam olmuş uşaqları müəyyənləşdirirlər. Bundan sonra onlar inklüziv təhsilə cəlb olunurlar".
İnklüziv təhsil üzrə mütəxəssis Elnarə Məmmədova isə qeyd edib ki, inklüzivlik sadəcə siniflə məhdudlaşmır: "İnklüzivlik sinif, məktəb və məktəb icmaları səviyyəsində olmalıdır. Sinifdə inklüziv ortam yaradıb, sinifdən kənara çıxanda uşağa diskriminativ yanaşılırsa, bu, o uşaqda travma yarada bilər. Ona görə deyərdim, inklüziv bacarıq məktəb ortamında çalışan, qapıçısından tutmuş məktəb direktoruna qədər hər kəsin malik olmalı olduğu bacarıqlardır. Dünya təcrübəsində inklüziv təhsil sahəsindəki təhsil işçilərinin malik olmalı olduğu bir sıra ümumi təməl bacarıqlar var. Bu bacarıqlar yenə əvvəldə qeyd etdiyim kimi, ölkədən ölkəyə dəyişə bilər".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə əsasən, əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyaya əsasən, əlilliyi olan şəxslər - müxtəlif maneələrlə qarşılaşdığı zaman onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam, səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslərdir. Konvensiyanın 12-ci maddəsinə əsasən iştirakçı dövlətlər əlilliyi olan şəxslərin həyatın bütün sahələrində digərləri ilə bərabər səviyyədə hüquq qabiliyyətinə malik olduğunu tanıyırlar. Bu səbəbdən əlilliyi olan şəxslərin həyat səviyyəsi, təhsil səviyyəsi və onlara göstərilən xidmətin keyfiyyəti bir ölkənin səhiyyə, təhsil, iqtisadi inkişaf göstəricilərində mühüm yer tutur. Bunun nəticəsidir ki, həm milli, həm də beynəlxalq səviyyədə əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təminatlar artırılır. Ancaq təkcə əlilliyi olan insanların gündəlik həyatlarını düzgün davam etdirmələrini təmin etmək kifayət deyil, həm də əmək bazarları bu insanları lazımi vəzifələrdə və şəraitdə işlə, imkanlarla təmin edə bilməlidir. Çünki lazımi şərait yaradıldıqda cəmiyyətin bir parçası olan əliliyi olan şəxslər həm iqtisadi, həm də sosial məhsullar istehsal edə bilirlər.
Xarici təcrübə haqqında məlumat verən həmsöhbətimiz deyir ki, digər ölkələrdə əsasən, əlillərin imtiyazları işəgötürənlər tərəfindən deyil, dövlətin yaratdığı fondlar vasitəsilə ödənilir: "Məsələn, əlilliyi olan şəxs qrupundan asılı olmayaraq, ildə başqaları 21 gün ödənişli məzuniyyətə getdiyi halda, onlar 42 gün gedir. Bu da işəgötürənlərin əlavə xərclərini artırır. Onlar da üzdə deməsələr də, belə şəxsləri işə götürməkdə həvəsli deyillər. Bu baxımdan, məsələnin maddi tərəfini dövlət tərəfindən yaradılan fondlar qarşılamalıdırlar. İkinci problem ondan ibarətdir ki, əlil arabasından istifadə edənlər üçün bizdə uyğunlaşdırılmış müəssisə yoxdur. Müəssisələrimizin girişində pandus olmur, liftlər, qapılar fiziki qüsurlu şəxsin istifadəsinə uyğun deyil. Yeni inzibati məhkəmə binaları tikiləndə qismən nəzərə alınır. Üçüncü qrup əlillər üçün ümumiyyətlə, şəhərdə, qəsəbələrdə hərəkət məhdudiyyətləri var. Şəhər infrastrukturu, ictimai nəqliyyat, səkilər, hərəkət yerləri onların istifadəsinə uyğunlaşdırılmayıb. Eyni zamanda, elə əlilliyi olan şəxslər var ki, onlara yardım edilməlidir ki, işləyə bilsinlər. Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, problemin həlli üçün bir çox ölkələrdə sosial müəssisələr fəaliyyət göstərir. Sovet dönəmində də gözdən əlillərin, eşitmə və nitq məhdudiyyətli insanların cəmləşdiyi məhdudiyyətli cəmiyyətlər və bu cəmiyyətlərin özlərinin müəssisəsi var idi. Fiziki əngəli olanlar bu müəssisədə çalışıb pul qazanırdılar".
O vurğulayıb ki, bu problemlərin aradan qaldırılması üçün hökumət tərəfindən silsilə tədbirlər görülsə də, xüsusilə əmək bazarına daxil olmaq və əmək bazarında qalmaqda qarşıya çıxanəngəllər hələ də ciddi problem olaraq qalmaqdadır. Bu səbəbdən bu maneələrin müəyyən edilməsi və onların həlli üçün təkliflərin irəli sürülməsi böyük əhəmiyyət kəsb edir: "Bu sənəddə Azərbaycanda əmək bazarında əlilliyin vəziyyəti və əlilliyi olan şəxslərin əmək bazarında üzləşdiyi problemlər təhlil edilərək bu istiqamətdə həyata keçirilən uğurlu təcrübələr əsasında tövsiyələr verilir".
Sevinc QARAYEVA