(Əvvəli ötən çərşənbə sayımızda)
Ellinist çarları heykəltaraşlara himayəçilik edirdilər və onlar da varlı şəhər sakinlərinə çevrilirdilər. Minlərlə heykəllər bütün Ellin dünyasına yayılmışdı. Onlar hətta kiçik şəhərlərdə də bəzək xatirinə qoyulurdu. Ellin heykəltaraşları geniş səyahət edirdilər, varlı hamilər tərəfindən onlara maddi mükafat təqdim edilirdi. Klassik dövrün texniki bacarığının köməyi ilə ellinist heykəltaraşları b.e.ə. V əsrin klassisizm ideyalarından, daha emosional və realist olan incəsənətə keçirdilər. Qoca qadınların, sərxoşların və oyun oynayan çox sayda kiçik uşaqların heykəllərini yaradırdılar. Onlar həm də çılpaq qadınların təsvirində bədən gözəlliyini yeni qaydada vurğulayırdılar.
Aleksandr Makedoniyalının Hindistanın qərbinə yürüşü ilə bəzi yunan təsirləri bu əraziyə də daxil oldu. Bu xüsusən Ellinistik erada baş verdi. B.e.ə. I əsrdə hind heykəltaraşları Buddanın heykəllərini yaratmağa başladılar. Əfqanıstanda, Bamyanda qoyulmuş Buddanın nəhəng heykəli birinci dəfə hakimiyyətə gələn taliblər tərəfindən partladılmışdı ki, islam dininə görə insanın təsviri qadağandır.
Hind arxitekturası isə məbədləri bəzəmək üçün erotik səhnələri təsvir edən heykəlciklərdən ibarət kompozisiyalara böyük üstünlük verirdi.
Yunanların iftixar mənbəyi olan Akropol özünün arxitektura inciləri ilə fərqlənir. Periklin dövründə Akropolun planlaşdırılması (b.e.ə. V əsr) və tikintisi vahid düşünülmüş bir qayda üzrə gedirdi. Tikinti böyük heykəltaraş Fidinin ümumi rəhbərliyi altında qısa müddətə başa çatdı. Akropolun əsas tikintisi b.e.ə. 449-421-ci ildə tikilən və ilahi Afinaya həsr olunmuş Parfenon idi. Parfenon, dorik ordeni üslubunda olan sütunlarla əhatə olunmuşdu. İçəridə Fidinin işi olan Afinanın heykəli dururdu. Binanın xaricini frezlər bəzəyirdi. Parfenon öz simmetriyası və proporsiyası ilə seçilirdi və arxitektura incisi olduğundan, bu sənətin etalonu kimi qəbul olunmuşdur.
Asimmetrik qayda, Akropolda müxtəlif allahların səcdəgahını yerləşdirməyə imkan verdi. Propiley sarayının dorik frontonu ion ordeninin proporsiyası ilə əkslik təşkil edirdi.
Yunanların ən nəhəng heykəllərindən biri Rodos adasındakı Gelios heykəli idi, o, həm də Rodos Kolossu adlanırdı. B.e.ə. 304-cü ildə rodoslular Makedoniya çarı I Demetrinin hücumunu dəf etmişdilər. Bu qələbənin xatirəsinə görə Rodos limanına girişdə Günəş allahı Geliosun nəhəng heykəli qoyulmuşdu. Bu heykəl qədim dünyanın 7 möcüzəsindən biri idi. Bürüncdən tökülmüş və ayaqları ilə limanın qapısında iki dayaq üzərində dayanmış heykəlin üstündə "Koloss" sözü yazılmışdı.
Digər bir heykəltaraşlıq incisi isə Venera Miloslu heykəlidir. Parisdə Luvrun girəcəyini bəzəyən bu çılpaq qadının təsviri gec Ellin dövrünün heykəlidir. Bu gözəllik simvolu olan qadın bədəninin heyrətamiz cizgilərini əks etdirdiyindən, ilahəyə bənzər qadın bədəninin etalonu rolunu oynayır.
Laokoon heykəl kompozisiyası isə Troya müharibəsində yunanların "Troya atı" hədiyyəsini qəbul etməyin əleyhinə çıxan Troya kahini Laokoonun allahlar tərəfindən cəzalandırılması səhnəsini təsvir edir. Yunanlar 9 il ərzində Troya ilə müharibə etsələr də, heç nəyə nail olmamışdılar. Bu vaxt hiyləgər İtaka çarı Odissey öz həmvətənlərinin köməyinə gəldi və troyalılara ağac materialdan olan nəhəng at bağışlamağı təklif etdi. Atın qarnı yunan əsgərləri ilə doldurulacaq və at şəhərin qapısından içəri salındıqdan sonra, gecə həmin əsgərlər çıxıb, yunanlara bağlı saxlanılan şəhər qapısını açacaqdılar.
Laokoon bu hiyləgərliyi anladığından, öz troyalılarına hədiyyədən imtina etməyi təkid etdi. Lakin şəhərlilər onun xahişinə məhəl qoymayıb, hədiyyəni qəbul etdilər və Troya məğlubiyyətlə və dağılmaqla üzləşdi. Bundan əvvəl yunanlara kömək edən allahlar Laokoonu cəzalandırmaq üçün ilan göndərdilər, ilan Troya kahinini və onun iki oğlunu sancıb, məhv etdi.
Yunanlar sonralar Laakonun cəza səhnəsini təsvir edən heykəltaraşlıq kompleksi yaratmışdılar. Vatikanda Müqəddəs Pyotr kilsəsi tikilərkən, onun bünövrəsi üçün torpaq qazılanda həmin heykəlin Roma kopiyası tapılmışdı və bu kompozisiya Florensiyanın Uffitsi qalereyasında da nümayiş etdirilir.
Roma incəsənəti
Romalılar yunan mədəniyyəti ənənəsini davam etdirib, onu daha da inkişaf etdirdilər. Axı onlar incəsənət ilhamına görə yunanlardan asılı idilər, həm də Ellinist incəsənəti üslubunun bir çox cəhətlərinə uyğunlaşmağı bacarmışdılar. Romalılar arxitekturada, yüksək praktiki incəsənətdə xeyli irəli getdilər. Üstəlik, onlar həqiqətən məşhur yollar çəkdilər, yunanlar isə onlardan fərqli olaraq, dəniz yollarına üstünlük verdiklərindən quru yollara o qədər fikir vermirdilər, romalılar həm də möhkəm körpülər və öz icadları olan akveduklar tikdilər, tikintidə etrusklardan götürdükləri alaqapılardan istifadə edirdilər. Onlar inşaatda ilk dəfə betondan istifadə etməyə başladılar, bu, onlara nəhəng amfiteatrlar, ictimai hamamlar və yaşayış binaları tikməyə imkan verdi. Axırıncı, Romanın zəhmətkeş əhalisini yaşayış yeri ilə təmin etməyə xidmət edirdi.
Romalılar yunanlarda olan heykəl zövqünə də yiyələndilər, onlar heykəli təkcə ictimai binalarda deyil, həmçinin öz evlərində saxlayırdılar. Orijinal əsərlərlə təchizata tələb genişləndikdə, yunan heykəllərinin reproduksiyalarını yaratmaq dəbi meydana gəldi. Romalıların öz portret heykəlləri realizmin geniş tətbiqi ilə xarakterizə olunurdu. Romalılar yunan heykəltaraşlığının yüksək zirvəsinə qalxa bilmədilər. Yunan heykəlləri mükəmməlliyi və cazibədarlığı ilə seçilirdi, Roma heykəltaraşlığı isə onun solğun təqlidi idi.
Erkən Roma imperiyasında incəsənət
Romalılar rəsmlərin və heykəllərin orijinal olmasına az fikir verirdilər. Çoxlu əsərləri yunan rəssamları və sənətkarları tərəfindən yaradılmışdı. Divar rəsmləri və varlıların evlərindəki freskalar realistik qaydada olmaqla, təbiət mənzərəsini, portretləri və mifoloji əhvalatların səhnələrini təsvir edirdi.
Arxitekturada onlar yunanları təqlid edirdilər, sütunlarda düzbucaqlı quruluşlardan istifadə edirdilər. Bunlar dorik ordenini xatırladırdı. Romalılar öz imperiya ərazilərində 50 min millik yol şəbəkəsi yaratmışdılar. Avropanın müasir yol şəbəkəsi qədim romalıların tikdikləri yollara əsaslanır. Romada körpülərlə yanaşı, bir düjün akveduk tikmişdilər, onlar əhalini su ilə təmin edirdi.
Roma yunanlardan sonra Avropa sivilizasiyasının inkişafına böyük töhfə vermişdi. Zaman keçdikcə qədim romalıların istedadı yenə də Orta əsrlərin sonunda gur canlanaraq, dünya mədəniyyətinə əvəzsiz xidmət göstərdi. Qərbi Roma imperiyası məhv edildikdən min il sonra Renessansın meydana gəlməsi, Florensiya və Romanın bu sahədəki töhfələri ölçüyə sığmazdır. Bu şəhərlərdə yaşayıb, yaradan dahi rəssamlar, heykəltaraşlar, arxitektorlar bu gün də öz əsərləri ilə bəşəriyyətin iftixar mənbəyi olaraq qalırlar.
Kolizey - B.e. 80-ci ilində Romada Flavilərin tikdirdiyi bu nəhəng amfiteatr istifadəyə verildi, sonralar o, Kolizey adını aldı. 57 metr hündürlüyündə olan amfiteatrın göbəyinin eni 524 metrə çatır. Bira 50 min tamaşaçı tuturdu.
Kolizey 4 nəhəng yarusdan ibarət idi, arenanın altında həm də vəhşi heyvanları saxlamaq üçün qəfəslər var idi. Birinci yarusdakı yerlər imperator heyəti və yüksək məmurlar üçün, ikinci yarus görkəmli alimlər üçün, üçüncü və dördüncü yaruslar isə xalq üçün idi. Kolizeydə Romanın 45 ictimai bayramının hamısı keçirilirdi, qladiator döyüşləri gedirdi. Qladiatorlar təkcə bir-birilə deyil, yırtıcı vəhşi heyvanlarla da vuruşurdular. İlk vaxtlarda döyüşlər allahların şərəfinə təşkil edilirdi, sonralar isə romalıların ən sevimli əyləncələrinə çevrildi.
Panteon. B.e. 115-125-ci illərində imperator Adrian tərəfindən Panteon bərpa edilmişdi. Bu dəyirmi yunan məbədinə bənzər sütunları, 43 metr ölçüsündə olan qübbə tamamlayırdı. Onun yarıqlarından işıq binanın içərisinə yayılırdı. Burada digər görkəmli tarixi şəxsiyyətlərin qəbirləri ilə yanaşı, böyük rəssam Rafaelin də qəbri vardır.
Bizans imperiyası
Burada şəhərsalma və arxitektura böyük inkişafa nail oldu. 532-ci ildəki Nika üsyanı Konstantinopolu çox dağıtdığından, imperator Yustinian şəhəri yenidən tikdi və ona yeni, tam fərqli və gözəl görünüş verdi. Buna qədər də şəhərdə nəhəng saray kompleksi var idi, İppodrom adlanan nəhəng arena və yüzlərlə kilsə var idi. İndiki İstanbul da elə bil ki, öz sələfi olan məşhur şəhərin dini binalar tikmək sahəsindəki ənənəsini davam etdirir, burada da beş əsr əvvəl tikilmiş məscidlərə sayı-hesabı olmayan yeniləri əlavə olunmuşdur. Hava limanından gəlib şəhərə daxil olarkən məscid minarələrinin nazik karandaşa bənzər silueti şəhərə əlavə gözəllik verir, göz oxşayır.
Yustinian çoxlu yeni binalar tikdirdi, yollar çəkdirdi, körpülər, divarlar, ictimai hamamlar, məhkəmə binaları tikdirdi. Binaların altında yerləşən nəhəng rezervuar şəhəri su ehtiyatı ilə təmin edirdi. Şəhərdə çox sayda xəstəxana, məktəb binaları, monastırlar və kilsələr meydana gəldi. Kilsə tikintisinə Yustinianın böyük ehtirası var idi. 34 yeni kilsə tikdirmiş və ya bərpa etdirmişdi. İmperatorun ən böyük nailiyyəti isə məşhur Hagia Sophia - Müqəddəs Müdriklik kilsəsi idi. Onun tikintisi 537-ci ildə başa çatdırıldı. Kilsə yunan arxitekturası üslubunda layihələnmişdi, Qərb arxitekturasının sadə tavanlı bazilikalarından radikal dərəcədə fərqlənirdi. Onun mərkəzi dörd nəhəng sütundan ibarət idi, onları isə daha nəhəng qübbə taclandırırdı. Qübbə elə bil ki, məkanı əhatə edən səmada üzürdü.
Binanın daxilindəki işıq elə təsəvvür yaradırdı ki, o heç də möhkəm bünövrə üzərində qərar tutmamışdır. Elə bil ki, burada məhəbbət məskunlaşmışdı. İçəridəki qaranlıq mühit gözə görünməyən bir işığa qərq olmuşdu, həm də belə inam yaradırdı ki, dünya, elə bil ki, özünü gizli saxlanan bir ruhla işıqlandırır.
Aya Sofiya kilsəsi son 1500 il ərzində zəzələlərə də təslim olmamışdır, bina isə çox seysmik aktivliyi ilə seçilən zonada tikilmişdir. Kilsəni VI əsrdə baş verən zəlzələ, həmçinin 1999- cuildəki olduqca güclü zəlzələ İstanbula böyük ziyan vursa da, Aya Sofiyanı dağıda bilməmişdir. Bir cəhəti də qeyd etmək lazımdır ki, ona qədər belə nəhəng bir bina tikilməmişdi.
Yustinianın Konstantinopolu abadlaşdırmaq, gözəlləşdirmək sahəsindəki fəaliyyəti, onun zəngin irsi bu gün də onlara heyranlıqla tamaşa edənlərdə, ona qarşı sönməz ehtiram hissləri yaradır. Aya Sofiya öz təyinatını dəfələrlə dəyişsə də, onun təmin etdiyi gözəllik ruhu, ona valeh olma, hər şeyi məhv edən, solduran, yaddan çıxaran zamanın təsirinə məruz qalmadan, öz monumentallığını və möhtəşəmliyini qoruyub saxlayır.
(Ardı var)