Müstəqil, suveren dövlətimizin istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycançılıq vahid Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçib.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi. Həmin dövrdə Heydər Əliyev ölkədən kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxladı. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır. İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilib.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.
Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Azərbaycançılıq özündə "vətəndaşlıq", "vətənpərvərlik", "loyallıq", habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, Azərbaycançılıq Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, ifrat millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideologiyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin əsaslarının gücləndirilməsinə xidmət edir. Azərbaycançılığın xalqımızın milli-tarixi sərvəti olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi-ideoloji əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycançılığın məzmununu müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Lakin azərbaycançılıq ideologiyası Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, ölkəmizin güclənməsini istəyən insanları birləşdirir.
C.Məmmədov bildirir ki, azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir: "Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyinə, birliyinə və hüquqi, demokratik dövlət kimi inkişafına xidmət edən hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Azərbaycançılıq milli məsuliyyəti də özündə ehtiva edir. Bu məqamda, vurğulamaq yerinə düşər ki, azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də daşıyır. Bu ideologiya Azərbaycan Respublikasında azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Məlumdur ki, müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa da təsir göstərir. Çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir".
Millət vəkili Hicran Hüseynovaya görə, müəllifi Ulu öndər Heydər Əliyev olan Azərbaycançılığın əsasında vətənə sevgi, dövlətə xidmət və xalqa etimad kimi mühüm baza elementləri dayanır. Heydər Əliyev siyasi fəaliyyətinin ən çətin anlarında bu elementlərə sadiqliyini nümayiş etdirərək xalqımızı və dövlətimizi ciddi böhranalardan xilas edib. 1990-cı illərdə Azərbaycanda vətəndaş müharibəsinin mövcud olduğu çətin zamanda məhz Ümummilli lider Heydər Əliyev özünün dərin zəkası və təcrübəsi əsasında bu qarşıdurmanı aradan qaldırdı. Sonrakı illərdə dövlət çevrilişinə və müstəqilliyimizə ciddi təhdidlər yarananda Ulu öndər məhz xalqa arxalanaraq suverenliyimizi qoruyub-saxlaya bildi. Bütün qeyd olunan faktlar Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə və milli mənəvi dəyərlərinə nə qədər sıx bağlı olduğunu sübut edən faktların yalnız bir qismidir: "Ömürünün bütün çağlarında Ümummilli lider öz siyasətində Azərbaycan xalqını və dövlətçilik ənənələrini, tariximizi, mədəniyyətimizi və dini dəyərlərimizi hər zaman üstün tutub. Bütün bunlar Heydər Əliyev siyasətinin başlıca prinsipləri olub. Yeni Azərbaycan gəncləri hər zaman bu siyasəti örnək olaraq özlərinə nümunə götürməlidirlər. Bizi gələcək üfüqlərə apara biləcək siyasət və ideya Heydər Əliyev tərəfindən bizə miras qalmış azərbaycançılıq fəlsəfəsi və siyasəti olacaq. Müasir dünya görüşünə, texnoloji təsəvvürlərə malik olmaq, müasir inkişafın nəbzini tutmağı bacarmaq, eyni zamanda Azərbaycan xalqının milli dəyərlərinə söykənərək milli inkişaf prioritetlərimiz haqqında aydın təsəvvürlərə malik olaraq töhfə vermək istəyi, qabiliyyəti azərbaycançılıq ideologiyasının elementləri kimi nəzərdən keçirilə bilər. Ümumiyyətlə, azərbaycançılıq ideologiyası sadəcə oturuşmuş elementlərdən ibarət deyil. Heydər Əliyev hər zaman inkişaf dəyişikliklərini dəstəkləyən lider olub. Bizim milli ideologiyamız da dövrün tələblərinə uyğun yeni elementlərə hər zaman açıq olub. Təsadüfi deyil ki, müasir bilik-bacarıqlar, dünya görüşünə sahiblənmək, bütün bunlarla yanaşı, milli identiklik elementləri haqqında aydın təsüvvürlərə malik olaraq onları qoruyub-saxlamaq, davranışlarında istinad etmək, düşünürəm, elə azərbaycançılıq ideologiyasının aşıladığı məqamlardandır. Heydər Əliyev həm Azərbaycanın unikal, məğlubiyyətsiz inkişaf strategiyasını müəyyənləşdirməklə, həm bu strategiyanın həyata keçirilməsinin hərəkətverici qüvvəsi, ümummilli inkişafın əsas drayverlərindən olan milli ideologiya - azərbaycançılıq ideologiyasını formalaşdırmaqla Azərbaycan xalqının, dövlətinin qarşısında misilsiz xidmət göstərib. Biz bu gün həm ideoloji dəyərlərimizə söykənərək, həm də milli inkişaf strategiyamızın tələblərinə, ruhuna uyğun davranaraq hər zaman müxtəlif istiqamətlərdə potensialımızı artırmaqda, mövqelərimizi gücləndirməkdəyik".
Sevinc QARAYEVA