Sentyabrın 18-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Özbəkistanlı alimlərlə görüş keçirilib. Özbəkistan Respublikasının Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin Obid Hakimovun rəhbərliyi altında Özbəkistan nümayəndə heyətini ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) qəbul edib.
Prof. N.Müzəffərli qonaqlara İqtisadiyyat İnstitutunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən fundamental elmi tədqiqatlar, dövlət qurumları ilə əməkdaşlıq, həyata keçirilən layihələr barədə geniş məlumat verib. O.Hakimov rəhbərlik etdiyi qurumun fəliyyətindən, Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədindən danışıb.
525.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri, potensial imkanlar, birgə istehsalın təşkili, qarşılıqlı faydalı ticarət, sahibkarlar və biznes strukturları arasında daha geniş əməkdaşlığın qurulması, qarşılıqlı investisiyalar, işğaldan azad olunmuş ərazilərdə xarici investorlar və biznes üçün şərait, bu sahədə iki ölkənin elmi və tədqiqat mərkəzləri ilə birgə müzakirələrin təşkili və s. müzakirə olunub. İki dost və qardaş ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin zəruriliyi və əhəmiyyəti, bunun üçün yaxşı imkanlar olduğu qeyd edilib.