Elə insanlar var ki, ömür boyu ömürlərə işıq, nur seli daşıyırlar. Belə insanlara işıqlı insanlar deyirlər. O da işıq idi. Həssas ürəyi, iti zəkası, kövrək qəlbi, duyğu və düşüncələri ilə.
Həmişə tələsirdi xeyirxahlıq etməyə, kiminsə hayına-harayına yetməyə. Publisistik yazılarından, maraqlı hekayələrindən boy verirdi. Ləyaqət, təvazö qaynağı idi. Hamı onun parlaq gələcəyinə inanırdı. Amma bəxti, qisməti, taleyi gətirmədi.
Mən olmasam əgər şəhid,
Sevərmi heç Vətən məni.
- deyən Fuad Musazadə qısa, şərəfli, parlaq şimşək ömrü yaşadı. Onun vaxtsız-vədəsiz ölümü anası - tanınmış şair Sədaqət xanımı şam kimi əritdi, sərv boyunu əydi, şeirlərini, niskilli sətirlərini gözüyaşlı qoydu.
"Mənim sən adlı qanadlarım vardı bir vaxtlar, oğlum! Pəmbə-pəmbə, qırmızı-qırmızı buludlardan yuxarıda uçardım. "Gecələr soyuqdan titrəyib əsən tənha yazıq ulduzlara, gözdən uzaq ulduzlara" pıçıltılarımla layla deyərdim. Sən adlı qanadlarımla göylərin yeddinci qatındaydım. Enməkmi yadıma düşürdü, oğlum? Elə uçur, uçurdum.
Boy atdın, böyüdün, fəxrim, qürurum, güvəncim oldun. Hər addımda yaxşılıq etməyə, insanları ucaltmağa, yaşatmağa tələsdin. Sən təkcə öz ananı yox, bütün anaları sevərdin. Kaş ki bu qədər sevimli, həssas, duyğulu olmayaydın. Bəlkə onda sənsizlik mənə bu qədər məşəqqətli, ağrılı, əzablı görünməzdi, oğlum! Mən indi yarpaqları tökülmüş, qolları şaqqalanmış, ayaq üstə qurumuş ağaclara bənzəyirəm. Qış gəlməsə də, qəlbimdə soyuq rüzgarlar əsir. Sənsiz dünyam dağım-dağım dağılıb. Sən mənim Vətənim idin. İndi əbədi qürbətdəyəm, oğlum!"
Bu göynərtili, qəlb dağlayan yaralı sətirlər gözünün ağı-qarası, Ay işığı balasını - Fuadını itirmiş qələm dostumuz, Azərbaycan Yazıçılar Birliyinin Üzvü, Azərbaycan Dillər Universitetinin baş müəllimi Sədaqət Fuadındır.
Bir ana üçün yeganə övladını, özü də Fuad kimi bir oğulu itirmək dözülməz dərddir, məşəqqətdir. Məşhur bayatıda deyildiyi kimi:
Qara dərdim,
Ağ sərdim, qara dərdim.
Dağlarda qarmı qalar
Söyləsəm, qara dərdim.
Fuad Şahin oğlu Musazadə 1988-ci il iyulun 11-də Bakı şəhərində doğulmuşdu. Orta təhsilini Bakı Türk Anadolu Liseyində almış, sonra Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr və magistr pilləsini qırmızı diplomla bitirmiş, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Hüquq və Beynəlxalq Əlaqələr Departamentində koordinator kimi çalışmış, bir neçə il Avroviziya mahnı yarışmasında Azərbaycan nümayəndə heyətinin mətbuat katibi olmuşdu. Sonralar bir neçə təşkilatlarda məsul vəzifələrdə çalışan Fuad Musazadənin son iş yeri Azərbaycan Televiziyası olmuşdu.
Sadəliyi, səmimiliyi, nəcibliyi, kübarlığı, yüksək mədəniyyəti, peşəkarlığı, istedadı ilə hamının sevimlisi olan bu gənc jurnalist təkcə öz həmkarları arasında yox, həm də xarici media nümayəndələri arasında seçilirdi. Bir neçə xarici dilləri mükəmməl bilən Fuad Musazadənin Avropanın tanınmış media nümayəndələri arasında neçə-neçə dostları, tanışları vardı. Azərbaycan həqiqətlərini, Qarabağ harayını bu dostları vasitəsilə dünyaya çatdıran Fuad elə xidməti vəzifəsini yerinə yetirərkən -rumıniyalı jurnalist dostu ilə işgüzar görüşə tələsərkən avtomobil qəzasında faciəli şəkildə həlak oldu.
19 sentyabr 2019-cu il... Fuadın son gedişi, sonuncu səfəri. O, öncül durnalar kimi həmişə uçuşda idi, elə qanadlanmaq, uçmaq, çox sevdiyi bu yerləri, göyləri, ana yurdu qucmaq, bağrına basmaq istəyirdi. Köksündən vurulan yaralı durna ömrünə bənzədi ömrü. Cəmi 31 il yaşadı Fuad bu dünyada. Ondan bizlərə işıqlı, kövrək, unudulmaz xatirələr yadigar qaldı. Sədaqət xanımın bu göynərtili misralarında deyildiyi kimi:
Onun ruhundaydı məğrur görünmək,
Onun ruhundaydı dosta sədaqət.
Hər yerdə başını uca etdiyi
Etibar, təvazö, bir də ləyaqət.
Həyat onun üçün yaşaya bilmək...
Bilirdi ayrılıq çox ansız gəlir.
Bəzən çovğun, tufan dağlar başına,
Elə sakit-sakit, dumansız gəlir.
Bilirdi nağılın bir sonu olur,
Ömür əmanətdi günlər içində.
Onu xatirələr yaşadır indi
Göz yaşı axıdan güllər içində.
Zülfüqar ŞAHSEVƏNLİ