Son statistik məlumatlara əsasən, ölkədə pensiya alan şəxslərin sayında azalma müşahidə edilir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 101 000 (ötən ilin iyulun 1-i vəziyyətinə 1 096 600 nəfər) pensiyaçı qeydiyyatda olub. İllik müqayisədə pensiyaçıların sayı 4400 nəfər və ya 0,4 faiz azalıb. Pensiyaçıların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 491,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub. Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Prezidentin müvafiq sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb.
Pensiyaçıların sayının azalmasının bir neçə səbəbi var. Birincisi, qeyri-qanuni yolla pensiya alan şəxslərin bu hüquqdan məhrum edilməsidir. İkincisi, pensiya yaşının mütəmadi olaraq qaldırılmasıdır. Bu, pensiyaçıların artmasına mənfi təsir göstərir.
Ekspertlər hesab edirlər ki, növbəti illərdə pensiyaçıların sayında artımlar yüksək olmaya bilər. Amma 2028-ci ildən başlayaraq ölkədə pensiyaçıların sayında artımlar müşahidə edə biləcəyik. Çünki 2026-cı ildə pensiya yaşının artımı bitəcək. 2026-cı ildən qadınların pensiya yaşı da 65 olacaq. Bu zaman sabitləşmə dövrü başlayacaq. Azalma insanların vaxtından tez ölməsi, pensiyaya çıxanların qarşısını almaqla əlaqədar deyil. Sadəcə olaraq, qanuna əsasən pensiya yaşının artırılması ilə bağlıdır.
Pensiyaçıların sayının azalması 2017-ci ildə bu sahədəki qanuna edilən dəyişikliklərlə bağlıdır. Dəyişikliyə əsasən Azərbaycanda kişilər və qadınlar 65 yaşdan pensiyaya çıxacaqlar. O zaman kişilər 63, qadınlar isə 60 yaşdan pensiya alırdı. Qərara alındı ki, kişilərin pensiya yaşı 4 il ərzində 63-dən 65-ə, qadınlarınkı isə 10 il ərzində hər il 6 ay artırılmaqla 60-dan 65-ə qaldırılsın. Kişilərdə pensiya yaşı artıq 65-ə çatıb. Qadınlarda isə hələlik pensiya yaşı 63-dür. Əvvəl 60 yaşında pensiya alan qadınlar indi 63 yaşdan pensiya alır. Deməli, ortada 3 il gecikmə var. 3 il ərzində 8-9 min adam pensiyaya çıxırdısa, artıq bu, belə deyil.
"Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Azərbaycanda əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası.
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, bu il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1,1 milyon pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizi deməkdir. Yəni Azərbaycanda hər 10 nəfərdən biri pensiyaçıdır. Onun sözlərinə görə, pensiyaçıların 64,4 faizi yaşa görə pensiya alır: "Bu o deməkdir ki, yaşa görə pensiya alan vətəndaşlarımızın sayı 709044 nəfərdir. Ötən ilin eyni dövründə bu göstərici 702920 nəfər olub. Deməli, son 1 ildə yaşa görə pensiya alanların sayı 6124 nəfər artıb".
O qeyd edib ki, əlilliyə görə pensiya alanlar ümumi pensiyaçıların 23.3 faizini təşkil edib: "Deməli, 256533 nəfər əlilliyə görə pensiya alır. Bir il əvvəl bu göstərici 258797 nəfər idi. Bu isə o deməkdir ki, əlilliyə görə pensiya alanların sayında 2264 nəfər azalma qeydə alınıb. Ailə başçısını itirməyə görə pensiya alanlar isə pensiyaçıların 12,3 faizini təşkil etməklə 135423 nəfər olub. Bu növ pensiya alanların sayında da son bir ildə artım qeydə alınıb. Göründüyü kimi, pensiyaçıların sayı 2 növ pensiya üzrə artıb, 1 növ üzrə isə azalıb. Rəsmi statistika göstərir ki, son illər əlilliyə görə pensiya alanların sayında azalma müşahidə edilməkdədir. Azalma bu sahədə tətbiq olunan yeni qaydalar və təkrar müayinələr ilə bağlıdır".
İqtisadçı-ekspert Elşad Məmmədov deyib ki, pensiyaçıların sayının azalmasına səbəb Azərbaycanda qadınların pensiya yaşının tədricən 65-ə çatdırılmasıdır. O qeyd edib ki, Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır.
"Əmək pensiyaları haqqında" Qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq.
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanda qanunvericiliyə edilən dəyişikliyə görə hər il 6 ay olmaqla, təqaüd yaşının artırılması təqaüdçülərin sayına təsir göstərən başlıca amillərdən biridir: "Təqaüd yaşına çatacaq və ya təqaüd yaşında olan yaşlı insanların müxtəlif xəstəliklər üzündən həyatdan köçməsinin də statistik rəqəmlərə təsiri var. Həmçinin qanunvericiliyə edilən bəzi dəyişikliklərlə vaxtından əvvəl təqaüdə çıxmaq məhdudlaşdırıldı, əlilliyi olan insanlar üçün müəyyən tələblər sərtləşdirildi, təsnifat dəyişdirildi, artıq pensiya birinci, ikinci və ya üçüncü qrup əlilliyə görə deyil, faiz nisbəti ilə hesablanmağa başlandı. Beləliklə, bütün bunlar təqaüdçülərin sayının azalmasına təsir edir".
Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda təqaüd sisteminə, təqaüd yaşı məsələsinə, təqaüdə çıxanların təsnifatına yenidən baxılmasına, bəlkə də təqaüd yaşının azaldılmasına ehtiyac var. Çünki ölkədə demoqrafik dinamikaya baxanda təqaüd yaşının artırılmasının o qədər də əhəmiyyəti olmadığını görürük: "Məsələn, Avropada əhali qocadır, doğuş dinamikası aşağıdır, gənclərin sayı azdır, bu da gələcəkdə iş yerləri ilə bağlı problemlər yaradacaq deyə təqaüd yaşını artırırlar. Bizdə isə bununla bağlı problem yoxdur".
İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, pensiya kateqoriyasına daxil olan bir qisim insanlar müxtəlif səbəblərdən bu qrupdan çıxır: "Vətəndaşların digər qisim də pensiya almaq hüququ qazanır. Yəni burada bir tərəfdən çıxış var, digər tərəfdən daxilolma. Xanımların yaş həddinin hər il 6 ay artırılması prosesi davam etdiyi üçün onların pensiya sisteminə daxil olmasında gecikmələr müşahidə olunur. Nəticədə qadınlar daha çox pensiya sistemindən çıxır, amma daha az daxil olur. Digər məsələ əlilliklə bağlı pensiyanın müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumun ortaya qoyduğu mövqedir. Birinci, əlilliyin müəyyənləşdirilməsi şərtləri sərtləşdirildi. İkinci, əvvəlki dövrlərdə əlilliyin verilməsi prosesində şübhələr olanda bu şəxslərin əlillik dərəcəsi dayandırıldı. I qrup əlillik xaric, əlilliyi olan pensiyaçılardan hər 5 ildən bir yoxlamadan keçmək tələb olunur. Pensiyaçıların əksəriyyəti yenidən qiymətləndirmə zamanı bu hüquqdan məhrum olur. Bu faktorların fonunda pensiyaçıların sayının azalmasını müşahidə edirik. Yumşalma ilə bağlı hər hansı bir mövqe yoxdur. Hesablama Palatasının proqnozlarından aydın olur ki, 2023-cü ildə pensiyaçıların sayı ən yaxşı halda 15 min nəfərə yaxın arta bilər. Amma böyük ehtimalla, bu proqnozlaşdırma zamanı əlilliyin təkrar qiymətləndirilməsi prosesi nəticəsində pensiya hüququndan məhrum olunanlar nəzərə alınmayıb".
Azərbaycan üçün optimal pensiya yaşı həddi necə olmalıdır?
Ekspertin dediyinə görə, hazırkı şərtlər daxilində Azərbaycan üçün ən optimal pensiya yaş həddi 60-dır: "2020-ci ilin göstəricilərindən yola çıxsaq, ölkədə orta ömür 73 ildir. Dünya ortalamasına görə, gözlənilən pensiya dövrü 14 il və ya 14 il 6 aydır. Əgər biz dünya ortalamasına uyğun olaraq 14 il 6 ay ərzində vətəndaşlara pensiya verməli olsaq, (hansı ki, digər ölkələrdə bu müddət 23 ilə çatır) burada 73 ildən 14 il 6 ayı çıxmalıyıq. Amma nəzərə almaq lazımdır ki, 2020-ci ildən yaş, gözlənilən ömür məlumatları pandemiya səbəbindən müəyyən qədər aşınmışdı. Epidemiyadan əvvəl bu göstərici təxminən 74-75 yaş arasında dəyişirdi. 14 il 6 ay çıxanda təxminən 60 yaş qalır ki, ən uyğun və ədalətli yol budur. Çünki nəzərə almaq lazımdır ki, bu gün vətəndaşlara 65 yaşında pensiya verilir. Hökumət pensiya müddətini isə qanunla 12 il təsdiq edir. Başqa sözlə, 2006-cı ildə qanunla gözlənilən pensiya dövrü 144 ay təsdiq olunub. Əslində, indiki şərtlər daxilində vətəndaşların pensiyası hesablanarkən, kapital 144-ə bölünərək daha az məbləğ müəyyən edilir, amma ödənilən dövr ən yaxşı halda cəmi 7-8 il olur. Bu da iki dəfəyə yaxın aylıq pensiya məbləğinin aşınmasına gətirib çıxarır".
SEVİNC