Professor Bəkir Çobanzadənin istedadlı tələbəsi, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, sovet dövrü Azərbaycan dilçiliyini yaradanlardan biri, Azərbaycan EA-nın dilçilik sahəsində ilk akademiki, milli elmimizi dünya miqyasında tanıdan parlaq şəxsiyyət, görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 115 illiyi tamamlandı.
Məmmədağa Şirəliyev 1909-cu il sentyabrın 13-də (bəzi mənbələrə görə 19-da) Şamaxı şəhərində doğulub. O, 1927-ci ildə Bakıda orta məktəbi başa vuraraq Azərbaycan Dövlət Universitetinin (BDU - o zaman belə adlanırdı) Şərq fakültəsinin dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə oranı bitirib. 2 il Ağdam rayonunda dil-ədəbiyyat müəllimi işlədikdən sonra 1933-cü ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (APİ) aspiranturasına daxil olub. Aspirantura illərindən sonra həmin institutda Azərbaycan dili fənnindən dərs deyib.
Məmmədağa müəllim ömrünün 30 ildən çoxunu respublikamızın müxtəlif ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxuyub. 1933-41-ci illərdə APİ-də müəllim, dekan müavini, dekan, 1941-45-ci illərdə və 1949-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində (BDU-da) Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya fakültəsinin dekanı, Universitetin rektor müavini, 1949-cu ildə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb. M.Şirəliyev ali məktəblərdə yüksək vəzifələr tutsa da, onun 1950-ci illərdən sonrakı fəaliyyəti (1950-1991) Azərbaycan dilçilik elminin inkişaf və zənginləşməsi işinə həsr olunub.
O, 1952-1960-cı illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun dialektologiya şöbəsinin müdiri vəzifəsində işləyib, həmin illərdə BDU-nun (o zamankı ADU) professoru olub. M.Şirəliyev 1960-1968-ci illərdə (1968-ci ilin fevral ayına qədər) Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru, 1968-ci ilin fevral ayından 1969-cu ilin oktyabrına kimi Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışıb. 1969-cu ildə Azərbaycan EA-da müstəqil Dilçilik İnstitutu təşkil olunduqdan sonra 1988-ci ilə qədər həmin instituta rəhbərlik edib. Bütövlükdə 31 il Dilçilik İnstitutunun direktoru olub.
M.Şirəliyev 1949-cu ildə Azərbaycan EA-nın müxbir, 1962-ci ildə isə həqiqi üzvü seçilib, 1960-cı ildə Azərbaycanın Əməkdar elm xadimi adına, "Azərbaycan dialektologiyasının əsasları" monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülüb. 1944-cü ildə "Qafqazın müdafiəsinə görə" və İkinci Dünya müharibəsində "Əmək igidliyinə görə" (1941-45) medalları ilə, 1946-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1954-cü ildə "Şərəf nişanı" ordeni ilə təltif olunub.
1953-1954-cü dərs ilində M.Şirəliyev Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya Universitetinin türk filologiyası kafedrasının müdiri vəzifəsində çalışıb, 1957-ci ildə Türk Dil Qurumunun VIII qurultayında nümayəndə kimi iştirak edib və bu qurumun müxbir üzvü seçilib.
Akademik M.Şirəliyevin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin yaranması, inkişafı və çiçəklənməsində böyük xidmətlər göstərib. Bu elmin bir çox yeni sahələrinin diferensiallaşıb müstəqil elm kimi formalaşmasında, Azərbaycan dilçiliyinin dünyada, xüsusilə türkdilli ölkələrdə tanınmasında, onun müqayisəyəgəlməz əməyi elmi ictimaiyyətə yaxşı bəllidir.
Görkəmli elm xadiminin adı dialektologiya, ədəbi dil tarixi, müasir Azərbaycan dili, türkoloji dilçilik, ümumi dilçilik, Azərbaycan dilinin qrammatikası və habelə nitq mədəniyyəti, orfoepiya məsələləri, üslubiyyat, Azərbaycan dilinin dialektoloji atlasının və başqa sahələrin mötəbər tədqiqatçıları sırasında iftixarla, şərəflə çəkilir. Onu elmi yaradıcılığı, elmi irsi, türkologiya elminin ən dəyərli əsərləri sırasına daxildir. M.Şirəliyev 200-dən çox elmi əsərin, 8 kitabın müəllifi, 21 kollektiv monoqrafiyanın əsas müəlliflərindən biri və redaktoru olub.
Dilçiliyimizin əksər sahələrinin yaranıb zənginləşməsində Məmmədağa müəllimin özünəməxsus, seçilən xidmətləri olsa da, o, dilçilik arenasında daha çox görkəmli dialektoloq kimi tanınıb, bu sahədə fəaliyyəti ona böyük şöhrət qazandırıb. Onun 1941-ci ildə namizədlik dissertasiyası kimi müdafiəyə təqdim etdiyi "Bakı dialekti" araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və alim, heç bir tərəddüdsüz, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdü. Obrazlı şəkildə ifadə etsək, rus ədəbiyyatında hekayə M.V.Qoqolun "Şinel"indən, Azərbaycan nəsri Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxdığı kimi, dialektologiyaya həsr olunmuş sonrakı hər bir araşdırma da Məmmədağa Şirəliyevin "Bakı dialekti" monoqrafiyasından doğulub. M.Şirəliyevin bu tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə də digər türk respublikalarında dialektoloji araşdırmalar, xüsusilə monoqrafik tədqiqatlar üçün bir örnək, etalon kimi dəyərlidir.
O, ekspedisiya yolu ilə də Azərbaycan dialektlərini öyrənmək üçün 1933-1958-ci illərdə fasilələrlə Qafqaz ərazisində, o cümlədən, Azərbaycanın rayonlarında elmi səfərlərə başçılıq etmiş, materiallar toplamışdı. Onu, haqlı olaraq, Azərbaycan dialektologiyası məktəbinin qurucusu sayırlar. Bu gün onun bu sahədəki "Bakı dialekti" (1949, 1957)", Azərbaycan dialektologiyasının əsasları" (1962, 1968, 2006), "Dialektı i qovorı azerbaydjanskoqo əzıka" (1983) və başqa əsərləri Azərbaycan dilçiliyinin nadir nüsxələrə çevrilmiş inciləri sırasındadır. M.Şirəliyev həmçinin türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi ideyasının müəllifidir. Onun rəhbərliyi və şəxsi təşəbbüsü ilə Azərbaycan dialektoloqları bu işə başlamış və 20 il gərgin əmək sərf etməklə 128 xəritədən ibarət "Azərbaycan dilinin dialektoloji atlası"nı 1990-cı ildə nəşr etdirməyə müvəffəq olmuşlar. Bu atlasın redaktorları akademik M.Şirəliyev və professor M.İslamovdur. Bu atlas dünya türkologiyasında ilk təcrübə, ilk nümunə olduğundan dünyanın görkəmli dilçiləri tərəfindən sonsuz maraqla qarşılanıb və yüksək elmi qiymət qazanıb. Azərbaycan dilçilərinin bu uğurundan sonra akademik M.Şirəliyev haqlı olaraq keçmiş SSRİ məkanındakı türk dillərinin ümumi dilçilik atlasının yaradılmasına rəhbərlik etmiş və həmin atlas üzrə təşkil olunmuş komissiyanın sədri seçilmişdi.
M.Şirəliyev sözün əsl mənasında böyük şəxsiyyət və pedaqoq idi. Elmi fəaliyyəti ilə yanaşı, Məmmədağa Şirəliyev həm də pedaqoji işdə, təhsil sahəsində də xalqımıza əvəzsiz xidmətlər göstərib. Onun professor Muxtar Hüseynzadə ilə birgə yazdıqları "Azərbaycan dilinin qrammatikası" (II hissə, sintaksis) orta məktəb dərsliyi 1940-cı ildən çap olunmağa başlayaraq 50 ildən artıq müddətdə tədris işinə alternativsiz xidmət edib. Həmin dərslik bu gün də elmi-pedaqoji dəyərini saxlamaqdadır.
Azərbaycan dilinin dialektoloji lüğətlərinin tərtibi və nəşri sahəsində də akademik M.Şirəliyevin dəyərli xidmətləri var. Belə ki, o, 1964-cü ildə çapdan çıxmış bircildlik Azərbaycan dilinin dialektoloji lüğəti"nin redaktoru olub. Sonralar bu lüğətin sözlüyü artırılaraq Ankarada 1999-2000-ci ildə ikicildlik kimi nəşr edilib. Bəllidir ki, XX əsrin 60-70-ci illərində Bakı şəhəri hələ sovet dönəmində də türkologiyanın mərkəzi sayıldığına görə və akademik M.Şirəliyevin türkologiya elminin inkişafında dəyərli xidmətləri, onun böyük nüfuzu nəzərə alınaraq "Sovetskaə törkoloqiə" (indi "Türkologiya" adı ilə çıxır) ümumittifaq jurnalı 1970-ci ildən Bakı şəhərində nəşr olunmağa başladı və baş redaktoru isə, təbii ki, M.Şirəliyev oldu. O, düz 20 il bu jurnalın baş redaktoru vəzifəsində çalışdı.
Görkəmli elm xadimi M.Şirəliyevin Azərbaycan dilinin tətbiqi məsələlərinə aid dəyərli araşdırmaları və kitabları vardır. Onun əlifba, terminologiya, orfoqrafiya, durğu işarələri, orfoepiya, bədii əsərlərin dili, nitq mədəniyyəti, lüğətçilik və dilçilik məsələlərinə aid apardığı tədqiqatlar Azərbaycan dilçiliyini zənginləşdirib.
Akademik M.Şirəliyevin yüksəkixtisaslı dilçi kadrların, xüsusən dialektoloqların hazırlanmasında da xidmətləri böyükdür. Onlarla doktorun elmi məsləhətçisi və 40-dan yuxarı elmlər namizədinin elmi rəhbəri olub (bu sətirlərin müəllifinin də elmi rəhbəri olmuş Məmmədağa müəllimi hər zaman minnətdarlıqla xatırlayır və ruhu şad olsun deyirəm). Akademiklər Ağamusa Axundov, Tofiq Hacıyev, professorlar Rəhilə Məhərrəmova, Musa Adilov, Musa İslamov, Məmməd Qasımov, Müseyib Məmmədov, Qəzənfər Paşayev və başqa alimlərin elmi rəhbəri məhz M.Şirəliyev idi. Onun rəhbərliyi ilə həmçinin türkdilli respublika və vilayətlərdə çoxlu elmlər namizədi və elmlər doktoru yetişib. Özbək, qaraqalpaq, tatar, qazax, türkmən, çuvaş, başqırd, Qaraçay-balkar, qumuq, yakut (saxa) dilçi kadrlarının hazırlanmasında M.Şirəliyevin nəcib əməyi unudulmazdır. Buna bariz nümunə olaraq göstərmək istərdik ki, Qaraqalpaq, Muxtar Respublikasının Ali Soveti akademik M.Şirəliyevi bu respublika üçün kadrlar yetişdirməsinə və anadan olmasının 70 illiyinə görə 1979-cu ildə fəxri fərmanla təltif etmişdi.
Akademik M.Şirəliyev 1991-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişdi. Məmmədağa müəllimin müasirləri onun yüksək elmi duyumunu, həssaslığını bu gün də heyrətlə, məhəbbətlə xatırlayırlar. Akademik Məmmədağa Şirəliyev belə bir insan idi: diqqətli, tələbkar, son dərəcə qayğıkeş, səmimi, nikbin, yüksək həyat eşqi ilə yaşayan, həssas...
115 illik yubileyini qeyd etdiyimiz dünya şöhrətli türkoloq, böyük Azərbaycan dilçisi, görkəmli akademik Məmmədağa Şirəliyevin əziz xatirəsi heç bir zaman unudulmayacaq, həmişə məhəbbətlə yad ediləcək, elmi ictimaiyyətin, onun tələbələrinin və onu tanıyanların qəlbində əbədi yaşayacaq. M.Şirəliyevin elmi irsi hər zaman dilçiliyimiz üçün örnəkdir, dəyərlidir və gərəklidir.