Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva və Şərqşünaslıq İnstitutunun kollektivi XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
525.az xəbər verir ki, anım mərasimində çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan şərqşünaslığında ərəbşünaslıq sahəsinin çox inkişaf etdiyini bildirərək, onun ədəbiyyat istiqamətinin fundamentinin görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın elmi əsərləri ilə qoyulduğunu, Aida xanımın bu istiqamətin inkişafında əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
Professor Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığında bir məktəb yaratdığını, mühacir ədəbiyyatının tədqiqində yeni yol açdığını deyən akademik İsa Həbibbəyli alimin dünya elmində ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsinə böyük töhfələr verdiyini, Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirdiyini qeyd edib.
Akademik Gövhər Baxşəliyeva böyük alim Aida İmanquliyevanın həm ictimai fəaliyyəti, həm şəxsi keyfiyyətləri baxımından başqalarından fərqlənən, parlaq bir şəxsiyyət olduğunu deyib. Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında silinməz iz qoyduğunu söyləyən G.Baxşəliyeva, elmi fəaliyyətini ərəb ədəbiyyatının tədqiqinə həsr edən 3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalənin müəllifinin ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənən ilk alimimiz olduğunu qeyd edib.
Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladan G.Baxşəliyeva əlavə edib ki, o, Azərbaycan elmini dünya səviyyəsində təmsil edən gözəl alim idi.
G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin şərqşünaslarımız üçün çox ağır olduğunu, alimlərimizin onun əziz xatirəsini daim uca tutduqlarını deyib.
Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova Aida İmanquliyevanın dəyərli elmi fəaliyyətindən bəhs edib, onun gənc şərqşünaslara göstərdiyi qayğıdan danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüb.