525.Az

Fortepiano dillərində keçən 70 illik ömür


 

Fortepiano dillərində keçən 70 illik ömür<b style="color:red"></b>

Yubiley münasibəti yazılmalı olan bu məqalə, keçən il Türkiyədəki qorxunc zəlzələ sayəsində təəssüf ki, xoş məramımızı alt-üst etdi. 50 mindən artıq türk insanı uçqun, dağıntı altında can verdi, itkin düşdü, evləri başlarına yıxıldı. Cənazəsi belə tapılmayanlar oldu, kimsəsizlər qəbiristanlığında neçə min insan anonim olaraq dəfn edildi.

Sentyabrın 22-də yetmiş yaşına qədəm qoyması, ülvi niyyətimizi yerinə gətirməyə imkan vermədi. Psixoloji sarsıntılar, üzüntülər bizləri qəm, kədər aurası ilə çuğladı, nə qələm ala bildik, nə yubiley məqaləsi yaza bildik ki, mənəvi borcumuzu yerinə yetirək.

Yubilyarımızın ismini Azərbaycan fortepiano nümayəndələri yaxşı tanıyırlar. Bu ad professor Əfqan Zəki Salehdir. Bir müddət Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmiş, daha sonra qardaş Türkiyəmizin fərqli qurumlarında Edirne Universitetində, Harran Universitetində, son illərdə isə Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında neçə-neçə tələbələrə xeyir-dua verərək sənətin ifaçılıq aləmində ayaqda qala bilməsi üçün zəhmətini əsirgəməmiş, bir çox tələbələri fərqli beynəlxalq yarışlarda mükafatlara layiq görülmüşdür. Ceylan Yılmaz və Bahar adlı tələbəmizin xarici ölkədəki yarışda fəxri ad alması Qaziantep şəhərində, xüsusilə də universitetimizdə böyük sensasiya ilə qarşılandı. Rektorluqda bu münasibətlə görüş keçirildi. Hal-hazırda Qaziantep şəhərində fortepiano mütəxəssisi kimi özəl bir musiqi qurumunda Əfqan müəllimin öyrətdikləri proqramla dərs keçilir. Bu fakt neçə-neçə tələbələrə də şamil edilə bilər. Çünki Əfqan müəllimin nəzərdə tutduğu və gecə-günüz çalışdığı tələbələr Anadolunun fərqli musiqi qurumlarından xoş səsi-sədası gəlməklə, Əfqan müəllimin çəkdiyi zəhməti doğrultmaqdadırlar. Bu məqalənin yazarı kimi bütün bu dediyim faktların canlı şahidiyəm. Hazırlayacağı xüsusi tələbələri öncədən seçdikdən sonra onlara sənətin ən incə mətləblərini öyrətməklə bu sənətin asan olmadığını xatırladıb, onları ifaçılıq sənətinin ən üst məqamına çatıra bilməsi üçün təşviq edir, müşahidələrini bir an olsa da, diqqətdən kənar saxlamır. Çünki bir zamanlar tələbə ikən özünə qarşı amansız münasibət, 7-8 saat hər gün məşq etmək asan məsələ deyildi. Bu məşqlər yalnız səbir və fanatik çalışmalar tələb edirdi.

Oxucularımızın nəzərinə çatdırmaq istərdim ki, Konservatoriyada ixtisas fənnindən dərs aldığı pedaqoq, Üzeyir Hacıbəyovun 1935-ci ildə şəxsi təşəbbüsü ilə S.Peterburqdan (Leninqrad) dəvət edilmiş Azərbaycanın Xalq artisti Mayor Rəfailoviç Brenner idi.

Mayor Rəfailoviç Brenner (1907-1973)

Azərbaycanın tanınmış pianoçuları arasında fərqlənən məşhur sənətkar, Brennerin tələbəsi olması ilə də fəxr edirdi, gecə-gündüz çalışırdı ki, müəlliminin etimadını doğrultsun. Bu məramla tələbəlik həyatını sürdürən Əfqan Zəki Saleh, ustad timsallı müəllimi, haqqın rəhmətinə qovuşduğu zaman mənəvi cəhətcə dərin bir sarsıntıya qapılmışdı. Hətta təhsilini yarımçıq qoymaq dərəcəsinə kimi gəlmiş, konservatoriyadan ayrılmaq istəmişdi. Bu sənətdən əbədi əl çəkməyi belə qərarlaşdırmışdı. Nəhayət Azərbaycanın Xalq artistləri - professor Fərhad Bədəlbəyli, Zöhrab Adıgözəlzadə və bir çox tanınmış mütəxəssislərin, qohum-əqrəbalarının tövsiyəsi bu yanlış fikirlərdən əl çəkə bilməsinə vəsilə oldu. Bütün bunlar mənim tədris aldığım 1976-81-ci illərin epizodik xatirəsidir ki, oxucularla paylaşmaq istədim.

Gəncə şəhər Qəmbər Hüseynli adına musiqi texnikumunu 20 yaşında fərqlənmə diplomu ilə bitirib Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasına daxil olmaq üçün Azərbaycanın Xalq artisti Səid Rüstəmova tardan imtahan verib 5 aldıqdan sonra, tələbəsi professor Oqtay Quliyevin sinfinə düşdüyüm zaman özümü bəxtəvər sanırdım. Oqtay müəllim də bir zamanlar tar üzrə beynəlxalq müsabiqənin qalibi olduğu üçün əziz müəllimin adını doğrultmaq üçün çox çalışmaq lazım idi. Fəqət hansı sinfi açırdımsa, tələbələrin məşq etdiyinin şahidi olurdum. Boş sinif tapmaq müşkül məsələ idi. Hər sinifdə gənc skripkaçılar (Tərlan Qəzənfəroğlu Quliyev, Seyran və b.), piano siniflərində isə Zaqafqaziya müsabiqəsinin qalibləri Firuz Məmmədovun, Əfqan Zəki Salehin, Teymur Şəmsiyevin Şopenin etüdləri başda olmaqla digər Avropa bəstəkarlarının (İ.S.Bax, L.V.Bethoven, V.A.Motsart, F.Lizst və s.) mükəmməl əsərlərinin fortepianoda hayqırışlı səslənməsi, texniki pasajlarla zəngin bu mürəkkəb xarakterli musiqilərin professional ifa edilə bilməsi üçün sanki bir yarış meydanına çevirmişdilər. İsmini xatırladığım tələbələr o dönəmdə Konservatoriyada “əjdaha” tələbələr kimi tanınırdı. Gecə saat 2-3 radələrinə kimi fanatik məşqlərini hər gün davam etdirirdilər. Bu çalışmaların təsirilə öz-özümə deyirdim ki, Azərbaycan Dövlət Konservatoriyasında tələbəlik həyatı belə imiş. Qərara gəldim ki, mən də gecə 2-3 radələrinə kimi tarda məşq edib Oqtay müəllimin tapşırıqlarını layiqincə yerinə yetirəcəm. Bu məşqlər sayəsində də Əfqan müəllimi tar ixtisasında həyatımın gənclik illərinin örnəyi, ömrümün yolgöstərəni olduğunu səmimiyyətlə etiraf etməliyəm. Hətta bütün fənlər üzrə çox çalışırdım ki, birdən konservatoriyadan xaric edərlər. Bu həyəcan, qorxu sayəsində də 1981-ci ildə fərqlənmə diplomu ilə bitirdiyim zaman rektorum, hər zaman rəhmətlə andığım professor Elmira xanım Abbasovanın xeyir-duası sayəsində sentyabrın 1-dən pedaqoji fəaliyyətə başlamış oldum.

Tale elə gətirdi ki, Əfqan müəllimlə görüşümüz 2013-cü ildə may ayının 4-də 60 illik yubileyi münasibəti ilə Şanlurfanın Harran Universitetində təşkil olunmuş Bahar şənliklərində nəsib oldu. Bu mərasimə SSRİ və Azərbaycan bəstəkarlar ittifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor Babək Osmanoğlu Qurbanovla iştirak etmək üçün rəsmi dəvət aldıq. İlk dəfə üzbəüz görüşdən sonra Babək müəllimin Əfqan haqda məruzəsindən sonra konsert çıxışımız zamanı fortepianoda məni professionalca müşayiət etməsi xatirəmdə əbədi yer almışdır. Rektor Xəlil Mutlunun da iştirak etdiyi o mərasimdə Əfqan Zəki Saleh T.Quliyevin “İlk Bahar”, S.Rüstəmovun “Oxu tar”, “Qaytağı” əsərlərini çalmağım üçün möhtəşəm təcrübəyə malik müşayiətçilik performansını ən üst səviyyədə sərgilədi.

(soldan sağa) Prof.Dr. İlqar Cəmiloğlu, Prof.Dr. Əfqan Zəki Saleh.

Həmin gecədə hətta Babək müəllimin 75 yaşında bəstələdiyi “Şərq Romansı”nı və “Keşkə” adlı əsərini özünün müşayiəti ilə ilk dəfə Harran Universitetində səsləndirdik.

(soldan sağa) Prof.Dr. İlqar Cəmiloğlu, Prof.Dr. Babək Qurbanov. Harran Universiteti 04.05.2013

(soldan sağa) Fərhad Ağamalızadə-Tan Berq (skripka), Prof.Dr. İlqar İmamverdiyev (tar), vokalist tələbə, Prof.Dr. İbrahim Xəlil Mutlu (Harran universiteti rektoru), Prof.Dr. Babək Qurbanov (məruzəçi və pianoçu),  Prof.Dr. Əfqan Zəki Saleh (fortepiano), İlkər Gültəkin (vokalist)

Yeri gəlmişkən bu konsertin bir bölümü isə Əfqan müəllimin solo ifasına ayrılmışdır. Fortepianodakı peşəkarlığını musiqişünas alimimiz Babək Qurbanov da yaxından izləyib bu vətən oğlumuzun bacarığına sənətin ən üst səviyyəsində olduğunu canlı olaraq müşahidə etdi. Sanki Əfqan müəllimi yenidən kəşf etməklə sevincinin həddi-hududu yox idi. Bir neçə gün öncə təsadüfən arxivimdə önümə çıxan bir əlyazmasının Əfqan müəllimin 60 illiyinə həsr etdiyinin sevincini yaşadım. 20 aprel 2013-cü ildə yazılmış, fəqət yayımlanmamış yeganə məqaləni oxucularımızla paylaşmaq istərdim. Əsl musiqişünas kimi Əfqan müəllimin ifaçılıq imkanlarını və xarakterik məziyyətlərini qələmə alması və filosof təfəkkürü ilə detallı olaraq, orijinal fikirlərini paylaşması Babək müəllimin alim peşəkarlığının təntənəsi hesab edirəm. Məhz bu il Babək Osmanoğlunun 85 illiyi və Əfqan müəllimin də 70 ilinin tamam olması münasibəti ilə bu məqalənin aktual olduğu fikirindəyəm. Sağlığında Babək müəllimin 3 kitabının musiqi redaktorluğunu üzərinə almış Əfqan Zəki Saleh bu əsərlər üzərində aylarla çalışdığının, nota yazmağımda isə mənə doğru yol göstərməsi sayəsində “Əsərlər məcmuəsi” (2009), “Bəstəkarın pyeslər məcmuəsi” (2017), “İ.S.Baxın xatirəsinə 5 fuqa”nı (2018) Türkiyə və Azərbaycan musiqiçiləri ən əlamətdar töhfə oldu. Babək Qurbanovun Qarabağ savaşında canlarını fəda etmiş qəhrəman əsgərlərimizin şərəfinə bəstələdiyi “Şəhidlər” adlı əsəri başda olmaqla “Sənsiz” və bir çox əsərlərin böyük bir qisminin, məhz professor Əfqan Zəki Salehin repertuarında yer aldığını da qeyd etmək istərdim. Babək müəllimin Əfqan müəllimin sənəti və ifaçılığı haqda fikirləri:

«Universitetdə təşkil olunmuş konsertdə Əfqan müəllim gözlənilmədən fortepiano üçün bəstələdiyim və heç yerdə ifa olunmamış “Sənsiz” əsərimi yüksək peşəkarlıqla ifa etdi. Təbii ki, burada söhbət ümumiyyətlə əsərimin bədii-estetik dəyərindən getmir, əksinə, Əfqan bəyin bir sənətkar kimi insani keyfiyyətləri, başqalarına xoşbəxtlik, sevinc bəxş etmək istəyi, eləcə də onun tamaşaçıları yeni və yeni əsərlərlə tanış etmək arzusu.

Əfqan Zəki Salehin yaradıcılıq palitrası son dərəcə genişdir, yəni müasir və peşəkar fortepiano ifaçısı üçün tələb olunan bütün bədii-estetik xüsusiyyətləri onun ifaçılıq fəaliyyətində tapmaq mümkündür. İlk öncə onun ifa etdiyi əsərlərin fərdi təfsiri ilə bağlı fikirlərimi açıqlamaq istərdim.

Əfqan Bəy ifa etdiyi əsərlərə heç vaxt formal şəkildə yanaşmır. Bu əsərlərin yazılma tarixi, bəstəkarın hansı tarixi dövrə aid olması, hansı dünyagörüşünü ifadə etməsi, onun klassizm, romantizm və ya  modern axımlara üstünlük verməsi kimi sosyo-kültürəl məsələlər daha çox maraqlandırır. Bu problemləri ilk olaraq özü üçün aydınlaşdırdıqdan sonra birbaşa əsərlər üzərində işləməyə çalışır. Bu səbəblərdən dolayı onun ifa etdiyi əsərlər orijinala, daha doğrusu, onları yaradan bəstəkarın - müəllifin yaradıcılıq istəyinə daha çox uyğun gəlir.

Əfqan bəyin repertuarına nəzər saldıqda onun nə qədər əhatəli olduğunu, burada klassik bəstəkarların, romantiklərin, müasir bəstəkarların, çağdaş Azərbaycan və Türk bəstəkarlarının əsərlərinin yer aldığını görə bilərik. İ.S.Bax, L.V.Bethoven, V.A.Motsart, F.Lizst, F.Şopen kimi dahi bəstəkarların dünya musiqi mədəniyyətində özünəməxsus yeri olan ən mürəkkəb əsərlərini bir daha bu siyahıda görə bilərik. Əfqan bəyi adi pianoçulardan fərqləndirən digər cəhət onun virtuoz sənətkar olmasıdır. Başqa sözlə desək, sürətli tempdə yazılmış əsərləri böyük ustalıqla, məharətlə ifa etmək bacarığıdır. Təbii ki, belə sənətkarlıq göydən düşmür, uzunmüddətli və mütəmadi çalışmaların, yaradıcılıq axtarışlarındakı fəaliyyətin nəticəsində yarana bilər. Əfqan bəyin ifa etdiyi bir çox əsərlərdə özünü ifadə edən bu səciyyəvi cəhəti biz aydın hiss edirik.

Lakin sənətkar virtuoz ifanı məqsəd kimi görmür, ona bir vasitə  olaraq kimi, daha doğrusu, ifa etdiyi əsərin ideya-emosional məzmununun ifadəsinə xidmət edə biləcək bədii-estetik vasitə kimi görür və irihəcmli əsərlərdə (konsert, sonata və s.) ondan məntiqlə, yerli-yerində istifadə etməyə üstünlük verir.

Əfqan Zəki Saleh ilk dəfə qarşılaşdığı, tanış olmadığı əsərləri məşq etmədən ifa edə bilən sənətkardır. Şübhəsiz ki, bu məharət ona vaxta qənaət baxımından əsərlərini qısa müdət ərzində və tez bir zamanda öyrənmək üçün geniş imkanlar açır. Bu qabiliyyət həm də ona mürəkkəb və zəngin ritmik formalardan ibarət (lad-maqam baxımından müxtəlif mədəniyyətlərə və kompozisiya əsərlərinə malik olan) əsərləri belə tez və qüsursuz ifa etməyə şərait yaradır.

Əfqan bəyin müşayiətçilik fəaliyyətini də xüsusi qeyd etmək istərdik. Burada onun ansambl duyumu, qarşı tərəfi yaxından eşitmək hissi, ifa zamanı musiqi əsərinin ideya-emosional məzmununun əsas obrazının ifadəsinə xüsusi diqqət yetirilməsi kimi xüsusiyyətlər üstünlük təşkil edir. Eyni zamanda, sənətçi heç vaxt ansambl hissini itirmir, ifaçılıq istedadını nümayiş etdirmək üçün hansı musiqi alətindən istifadə etməsindən asılı olmayaraq, solo ifaçıya hər cür dəstəyini verməklə, köməklik göstərə bilər.

Mükəmməl ansambl hissi Əfqan müəllimin simfonik orkestrlə ifaçılıq fəaliyyəti zamanı özünü aydın göstərir. Şübhəsiz ki, sənətkarın xüsusilə respublika və beynəlxalq müsabiqələrdə, konsertlərdə uğur qazanmasında bu yaradıcılıq xüsusiyyətinin böyük rolu olmuşdur. Qeyd etmək lazımdır ki, Əfqan Zəki  Saleh fortepiano kimi mürəkkəb bir musiqi alətində bir çox beynəlxalq müsabiqələrdə musiqi mədəniyyətimizi uğurla təmsil etmiş və yüksək mükafatlara layiq görülmüşdür.

Bütün yuxarıda dediklərimiz bir daha Əfqan Zəki Salehin çoxşaxəli və universal musiqiçi olmasını təsdiqləməklə, onun elmi-pedaqoji fəaliyyət sahəsində də uğur qazanmasına vəsilə olması təsadüfi deyildir. İnanırıq ki, onun yetişdirdiyi tələbələr öz müəllimlərindən çox şey öyrənirlər.

Əfqan Zəki Saleh gənc yaşlarından öz sənətini kamil bilən peşəkar pedaqoqlardan fortepiano dərsi almış, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Azərbaycanın Xalq artisti, Mayor Rəfailoviç Brennerin sinfində fortepiano ixtisası üzrə dərs almışdır.Əfqan Zəki Saleh Polifonik musiqinin və ifaçılıq sənətinin sirlərini müəllimlərindən mükəmməl öyrəndiyi üçün o, ifa prosesində bir mütəxəssis musiqiçi kimi hər sahədə öz məharətini göstərə bilir.    Təsadüfi deyil ki, bilavasitə pedaqoji fəaliyyət illərində qazandığı estetik biliklərə malik olduğundan, onlardan səmərəli və yaradıcılıqla istifadə edə bildiyindən və fərdi istedadına görə ifa etdiyi əsərlər daha cəlbedici, daha emosional və duyğusal səslənir. Məhz ifaçılıq sənətində bu kimi sənətkarlıq məziyyətləri də Əfqan bəyin beynəlxalq yarışlarda belə yüksək mükafatlar qazana bilməsinə səbəb olur.

Professor Əfqan Zəki Saleh

Bu gün Əfqan Zəki Saleh çoxşaxəli yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. İnanırıq ki, o, bundan sonra da musiqi sivilizasiyamızın inkişafında həmişə olduğu kimi fəal fəaliyyətini davam etdirəcək və yeni gənc musiqiçilərin yetişdirilməsində uğurların ardınca  yeni nailiyyətlər əldə edəcəkdir. Professor Əfqan Zəki  Salehə sağlamlıq, xoşbəxtlik, pedaqoji və ifaçılıq fəaliyyətlərində yüksək estetik zirvələri fəth etməyi arzu edirik.

Babək Qurbanov

Fəlsəfə Elmləri Doktoru, SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü 

20.04.2013 / Qaziantep”.

Unudulmaz elm xadimimiz, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun professor Əfqan Zəki Saleh haqda, onun möhtəşəm ifaçılığının bəzi sənətkarlıq xüsusiyyətlərini, sənətşünas-musiqişünas səviyyəsindəki mükəmməl təhlilinin və  dəyərli fikirlərinin müqabilində 70 illik yubileyi üçün yazdığım məqaləmin yekun cümləsi olaraq belə demək ürəyimdən gəldi:

Pianoyla qoşa yaşa, yüz il yaşa,

Əfqan müəllim, Əfqan müəllim.

İlqar Cəmiloğlu İmamverdiyev

Sənətşünaslıq Elmləri Doktoru,

Qaziantep Universiteti TMDK-nın professoru

14.09.2024

 





21.09.2024    çap et  çap et