Ermənistan hakimiyyətinin xarici siyasət kursu onu çətin vəziyyətə salıb. Bu siyasətin nəticəsində ölkədə daxili gərginlik də artmaqdadır. Baş nazir Nikol Paşinyan müstəqil xarici siyasət xətti apara bilmir, Qərblə Rusiya arasında vurnuxur, xarici dairələrin əlində alətə çevrilir. Bir tərəfdən Rusiyadan tamamilə qopmaq istəmir, digər tərəfdən isə Qərbə inteqrasiyadan danışır.
Məlumdur ki, Ermənistan Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT), Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Üstəgəl, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası mövcuddur. Eyni zamanda, iqtisadiyyatı demək olar ki, tam şəkildə Rusiyadan asılıdır. Bu günlərdə iki ölkə arasında ticarət əlaqələri üzrə açıqlanan rəqəmlər də İrəvan və Moskvanın iqtisadi-ticari əlaqələrinin artım tempini göstərmiş oldu. Belə ki, İrəvanda olan Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirdi ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb. Bu il artım tempi daha da yüksəlib. Overçukun sözlərinə görə, bu ilin birinci yarısında Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 8,4 milyard dollar olub. İlin sonuna isə bu rəqəmin 14-16 milyard dollara çatdırılması nəzərdə tutulub. Müqayisə üçün 2020-ci ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi cəmi 2,3 milyard dollar təşkil edib.
Ermənistan Qərbdən və onun strukturlarından da maliyyə yardımları alır, açıq şəkildə Rusiyaya qarşı çıxır, bölgədə onun maraqlarına zidd addımlar atır. Bu günlərdə Paşinyan KTMT ilə bağlı növbəti dəfə daha sərt tonda bəyanat verdi. O dedi ki, Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub. Paşinyan vurğulayıb ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır və ölkəsi bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır.
Moskvadan reaksiyalar isə belə oldu ki, Kreml bəyan etdi ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur, Ermənistan yaxın tərəfdaşdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Paşinyanın bəyanatını sağlam düşüncəyə zidd adlandırıb. "Mənə elə gəlir ki, bu bəyanatlar sağlam düşüncəyə və reallığa ziddir. Çünki əgər sizi, xüsusən də milli təhlükəsizliyi bir şey təhdid edirsə, Ermənistanın hələ də KTMT-də qaldığını deməyin nə mənası var?"
Paşinyan bu bəyanatı Ümumdünya Erməni Forumunda çıxışı zamanı verib. O, eyni zamanda deyib ki, dünyada Ermənistanın təhlükəsizliyini təmin edə biləcək ölkə və ya hərbi blok yoxdur.
Yada salaq ki, Paşinyan KTMT-nı öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı fəaliyyətsizlikdə ittiham edərək 2023-cü ildə Qərblə yaxınlaşmanı sürətləndirməyə başlayıb. Rusiya və KTMT-yə qarşı gedərək Azərbaycanla şərti sərhədə Avropa İttifaqının Müşahidə Missiyasını yerləşdirib. ABŞ-nin yük təyyarələri İrəvana hərbi texnika və avadanlıq daşıyıb.
Ermənistan bundan əvvəl KTMT-də fəaliyyətini dondurduğunu və onu maliyyələşdirməkdən imtina etdiyini açıqlayıb. Rəsmi İrəvan bəyan edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü il 23 noyabr tarixli "KTMT-2024 büdcəsi haqqında" qərarına qoşulmaqdan imtina edir və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. Bununla yanaşı, bu qərarın məhdud tərkibdə qəbul olunmasına etiraz etməyəcək.
Ermənistanın bu siyasəti ölkə daxilində də birmənalı qarşılanmır. Məsələn, erməni politoloq Suren Surenyants Paşinyanın KTMT-nı Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaratması barədə bəyanatını avantüra hesab edir: "Mübaliğəsiz, bu bəyanat da Paşinyanın müharibədən əvvəl apardığı avantürist siyasətinin nəticəsi olan "artsax Ermənistandır və nöqtə" ifadəsi qədər avantürist və təhlükələrlə doludur. Sözümüzdən və mövqeyimizdən heç nəyin asılı olmadığı, onsuz da müharibə olacağı düşüncəsində olan həmin adamlar istər-istəməz dövlətçiliyimizin varlığını şübhə altına alırlar. Paşinyanın müharibədən əvvəlki avantürasının nəticəsi, Azərbaycan, Türkiyə və ATƏT-in Minsk Qrupunun həmsədrliyinə qarşı bu cür fikirlər səsləndirməsi "artsax"ın itirilməsinə səbəb oldu. Onun sonuncu bəyanatlarında isə ölkənin strateji oriyentasiyasını dəyişmək niyyətləri ümumiləşdirilib. Bunun nəticələrini Ermənistan öz əraziləri və suverenliyi hesabına ödəyəcək. Paşinyan dəli deyil, psix deyil, çox gözəl anlayır ki, Ermənistana təhlükə Rusiyadan yox, Azərbaycan və Türkiyədən gəlir. Amma o, Vaşinqtonun təkidi və tələbi ilə Rusiya qoşunlarını Ermənistan-İran sərhədindən çıxarmaq niyyətinin səbəblərini əsaslandırmaq üçün başqa ritorikadan istifadə edə bilməz".
Rusiyalı politoloq Andrey Perla isə deyib: "Ermənistandan gələn son xəbərləri oxuyanda başa düşürsən ki, Paşinyan həmişə Rusiyanın Ermənistanı xatırlamasını gözləyir, yalnız öz ölkəsinin vətəndaşlarından fərqli olaraq, bundan çox qorxur. Rusiya qərb sərhədində daha mühüm işlərlə məşğul olduğu halda, Paşinyan ölkəmizlə mümkün qədər çox əlaqələri kəsməyə tələsir və onları Qərblə əlaqələrlə əvəz edir".
O düşünür ki, Ermənistan hökumət başçısının bəyanatı onun artıq tanış olan siyasətinə tamamilə uyğundur: "Maraqlı olan Paşinyanın dedikləri yox, ermənilərin bu çıxışlara necə reaksiya verəcəyidir. Biz artıq bilirik ki, etiraz olmayacaq. Maraqlıdır, indi Rusiya Ermənistanla nə edəcək? Ağlabatan davranış üçün yalnız iki seçim var. Birincisi, Paşinyanın dediklərinə əhəmiyyət verməmək və sanki hər şey normaldır, Ermənistan Rusiyanın təsir dairəsində qalırmış kimi davranmaqdır.
Həm KTMT çərçivəsində, həm də Aİİ çərçivəsində əməkdaşlığı davam etdirmək. KTMT ilə bağlı bunlar sözlərdir, heç kim beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri ləğv etməyib, Aİİ ilə bağlı isə bütün iqtisadi öhdəliklər qüvvədədir, bəyanat da verilməyib. İstənilən halda indiki şəraitdə Ermənistanda Fransa, Amerika və NATO-nun hərbi bazasının peyda olmasını təsəvvür etmək rusların öz hərbi bazalarını könüllü olaraq geri çəkməsindən daha çətindir.
İkinci variant isə çoxluğun seçdiyi hökumət rəhbərinə hörmətlə yanaşmaq, çiyinlərimizi çəkib Ermənistanı öz taleyinə buraxmaqdır. Bunu seçsələr, bir neçə ildən sonra Ermənistan özü sağ qala bilsə, yenidən Rusiyaya tərəf çevriləcək. Qərbin bütün cəhdlərinə baxmayaraq, eynilə Gürcüstanda baş verənlər kimi. Biz qətiyyən heç nə etmədik, orda xarici agentlər haqqında qanun qəbul edildi, Moskva ilə hava əlaqəsi bərpa olundu, geniş yayılmış LGBT-i ilə mübarizə aparılır və Avropa seçimi yoxdur. Çünki Rusiya ilə əlaqələr daha sərfəlidir, kim nə deyə bilər. İndi Paşinyan təkcə bəyanatlarla çıxış etmir, özünü "Rusiyanın təsirinə qarşı mübarizə" aparan kimi göstərir. Sentyabrın 18-də Ermənistan hakimiyyəti bir qrup şəxsi "silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd" ittihamı ilə saxlandığını elan edib. Bu şəxslərin Rusiyada təlim keçdiyi iddia edilir. Təxribat göz qabağındadır - amma bu təxribata təslim olmağa dəyərmi? Nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin davam etməsini istəyən çox sayda insan var".
Politoloqa görə, bu adamların motivləri kifayət qədər başa düşüləndir, çünki Ermənistanın Rusiyadan başqa heç yeri yoxdur ki, öz məşhur konyakını ixrac etsin və Rusiyadan başqa turist axını əldə edəcək yer yoxdur. Həm də ruslardan başqa Ermənistanı düşmənlərindən qoruyacaq ciddi qüvvədən əsər-əlamət yoxdur: "Digər tərəfdən, Azərbaycan və Türkiyə ilə münasibətləri korlamaq üçün heç bir əsas yoxdur. Yeri gəlmişkən, Türkiyə indi NATO və Aİ-dən getdikcə daha da uzaqlaşır, BRİKS və Rusiyaya yaxınlaşır. Ermənistan rəhbərliyi də öz növbəsində əks istiqamətə getməyə çalışır - ona görə də müdaxilə etməyə dəyərmi? Bu vəziyyətdə Ermənistanı öz taleyinə buraxmaq məntiqlidir. Heç olmasa bir müddət".
Xatırladaq ki, sentyabrın 18-də Ermənistan İstintaq Komitəsi respublikada hakimiyyəti ələ keçirmək məqsədi ilə iştirakçılar toplayan və onların Rusiyada təlimini təşkil edən qrupun zərərsizləşdirildiyini açıqlayıb. Ekspertlər bunu Ermənistanın Rusiyadan uzaqlaşmaq üçün oyunu kimi dəyərləndirirlər.
Yeri gəlmişkən, XİN rəsmisi Mariya Zaxarova İrəvanın Rusiyada Ermənistanda hakimiyyəti silahlı ələ keçirməyə qrup hazırlanması ilə bağlı bəyanatlarını istehza ilə şərh edərkən deyib: "Ümid edirəm ki, "Comedy Club"ın, (Erməni diasporunun TNT kanalında yayımladığı yumoristik şou proqram - red) bağlanmasının səbəbi bu deyil?"
Göründüyü kimi, Ermənistan Rusiya ilə Qərb arasında oynamaqda davam edir və hər iki tərəfdən faydalanır. Amma bu cür oyunların yaxşı sonluqla bitmədiyinə dair də çoxlu nümunələr var. Ermənistanı da pis aqibət gözləyir, artıq bunu işartıları var.
çap et