Yeni tədris ilinin ilk zəngi yola saldığımız həftənin bazar ertəsi çalındı. Bir həftə boyunca sosial şəbəkələrdə səhifələr çiçək açdı, işıqlandı körpə şəkilləri ilə. Ənənəvi olaraq hər il çalınan ilk zəngin səsi məşhurundan sıravi vətəndaşına kimi hər kəsin mürgüdə olan məktəb xatirələrini oyadır. Kimimiz fotolara, kimimiz yaddaşımıza sarılırıq xatirələri yeniləmək üçün. Özümüzdən ağır çantalarımızı arxamızca sürüyə-sürüyə girdiyimiz məktəb qapılarından 11 il sonra xoş-naxoş xatirələrlə atılırıq həyat məktəbinə.
Məktəb uşaqlığımızdan sosiallaşdığımız ən əhəmiyyətli mühitlərdən biridir. Orada yaşadığımız hər şey gələcəyimizi müəyyənləşdirir.
"Qaçqın məktəbi"ndə də, sonralar çox arzusunda olduğum "yerli məktəbi"ndə də acılı-şirinli yüzlərlə xatirəm var. Amma sonralar şagird olaraq getdiyim heç bir məktəbdə ilk gün də, son gün də nədənsə mənim üçün xüsusi bir məna ifadə etmədi. Hətta uzun illər məktəb xatirələrimi yaddaşımın ən ucqar nöqtəsində gizlədim. Yaşa dolduqca unutmaq üçün saf-çürük etdiyi hər şeyin "tozunu almağa" gərək duyur insan və zaman dəyişdikcə bəzi anlayışlara yüklədiyimiz məna da dəyişilir. Anlayırıq ki, məktəbin həyatımızdakı yeri sadəcə nostalgiyadan ibarət deyil. 11 il boyunca daxil olduğumuz bina, oturduğumuz parta, qarşısına çıxdığımız lövhə bizi addım-addım həyata yaxınlaşdırıb, qismən də olsa onun reallıqlarına hazırlayıb.
Bu il artıq iki övladım məktəbə gedir. 1-ci sinifə başlayan oğlumun və 4-cü sinifdə oxuyan qızımın əlindən tutub onları məktəbə apararkən orta məktəb xatirələrim gözlərim önündən axıb keçdi.
Orta məktəbdə oxuduğum illər ölkənin qarışıq və sıxıntılı illəri idi. Başımızdan uğursuz bir müharibə və ard-arda miqyasa sığmayan faciələr keçmişdi. Övladlarıma xatirələri danışarkən bir yandan da onlara nə qədər şanslı uşaqlar olduqlarını başa salmağa çalışıram indi. Həqqətən də müstəqil, azad, işğaldan xilas olan torpaqlarda böyüdükləri üçün indiki uşaqlar çox şanslıdır.
Mənim ilk dərs günüm isə müharibə dövrünə təsadüf etmişdi. 1994-cü il sentyabrın 1-də Bilgəhdə yerləşən "Qağayı" sanatoriyasındakı qaçqın düşərgəsinin Şuşa məktəbində çalınıb ilk zəngim. Heç bir həyəcanım, təlaşım yox idi. Səhərlər obaşdan oyanırdım. O günlər bit düşdüyü üçün başımı dibdən qırxmışdılar. Uzun saçlarının ucuna iri bantlar vurulan qızların yanından o "rəzil" görkəmimlə keçib, "qaçqın" statuslu məktəbə gedəndə, bir Allah bilir, necə ürəksiz və həvəssiz olurdum. Səhərlər yanından ötüb getdiyim ikimərtəbəli, böyük həyətli orta məktəbi görəndən sonra "Qağayı" uşaq sanatoriyasındakı beş-altı otaqdan ibarət məktəbin təzək iyi verən dəhlizindən içəri girmək istəmirdim. Sovet hökuməti illərində sanatoriyanın anbarı olan otaqlardan biri bizim sinif otağımız idi. Otaqda cəmi 6 parta olduğu üçün ənənədən kənara çıxıb partada üç-üç otururduq. Pəncərələrinə müşəmbə tutulan otaq o qədər xudmani idi ki, soyuq havalarda nəfəsimiz otağı isitməyə kifayət edirdi. Mən əlifbanı da, həyatı da həmin darısqal sinif otaqlarında öyrənməyə başlamışam.
Yağış yağanda sinif otaqlarının ortasında ləyənləri sıra ilə düzməli olsaq da, suyun, palçığın içindəki çadır məktəblərlə müqayisədə bizim anbar-məktəbimiz daha səliqəli idi.
Amma mən gözümə çox əzəmətli görünən, Bilgəhdəki o böyük məktəbdə oxumaq istəyimi heç cür gizlədə bilmirdim. Bu elə şiddətli arzu idi ki, hər il sinif yoldaşlarıma gələn il artıq o məktəbdə oxuyacağımla bağlı yalanlar danışırdım.
Uşaqların mənə zillənən həsəd dolu baxışlarından onların da ürəyindən o məktəbdə oxumaq keçdiyini oxumaq çətin deyildi. Onları inandırdığım üçün qürrələnirdim. Amma digərlərinə nisbətən daha ayıq olan sinif yoldaşım günlərin birində mənim yalanımı ifşa etdi və aramızda mübahisə düşdü. İş əlbəyaxa davaya qədər gedib çıxdı. Məni hirsli sinif yoldaşlarımın əlindən sinif rəhbərim Sənubər müəllim xilas elədi. Ömrümün ən çətin dörd ilini Laçından olan bu bəstəboy, qarayanız qadının nəvazişi altında keçirmişəm.
"Riyaziyyat dəqiq elmdir. Zəncirvari elm də deyirlər. Əgər bu zəncirin bir halqası qopdusa, əlaqə itir". Belə deyirdi Sənubər müəllim. Mən riyaziyyatdan çox zəifəm. Çünki bizim riyaziyyat dərslərimiz həmişə suyun gələn vaxtına düşürdü və Sənubər müəllim hamı kimi qaçıb su növbəsində dururdu.
Belə zamanlarda hərdən Rəhim müəllim onun dadına çatardı. Su növbəsində dayanan Sənubər müəllimi əvəz edir, ya da sinifləri birləşdirirdi. İki sinif birləşəndə dərs anlamaq mümkünsüz olurdu.
Riyaziyyatı olmasa da, həyat dərsini çox tez öyrəndik. Məsələn, biz müəllimlərin məktəbdə yaşamadığını, yemək yediyini, ayaqyoluna getdiyini, yəni heç də müqəddəs olmadığını bilirdik artıq. Sənubər müəllimlə eyni dəhlizdə yaşayan, ümumi ayaqyolundan çıxanda üz-üzə gələn uşaqlar idik. Gedib müəllimindən tum, çörək alan şagirdlər olmuşuq.
Günortaya qədər məktəbdə olan Sənubər müəllim, günortadan sonra çörək satan Sənubər idi.
Şəhər məktəbində isə həyatın tam başqa tərəfi ilə tanış olmuşdum. Çox həvəsində olduğum şəhər məktəbində dərslər daha keyfiyyətli olsa da, məncə, insan münasibətlərində natamamlıq var idi. Kitabdan öyrəndiklərimlə deyil, insanlardan öyrəndiklərimlə həyata qarşı "immunitet" qazanmışdım. Amma balaca şagird ikən aldığım travmalar səbəbindən məktəbdə ilk zəngim çalınanda necə həyəcansız idimsə, son zəngim vurulanda da o qədər bezgin və yorğun idim.
Məktəb illəri başa çatar-çatmaz həyat məktəbi başlayır hər birimizin ömründə. Həyat məktəbindəki dərslər isə məktəb həyatındakı dərslərlə müqayisədə daha qarışıq, daha çətindir. Məktəb həyatında əvvəl dərsimizi öyrənib imtahana giririksə, həyat məktəbində əvvəl "imtahan verib" sonra "dərsimizi alırıq". Məktəb həyatında bir dərsdən sinifdə qalanlara növbəti şans verildiyi halda, həyat məktəbində ilk fürsəti qaçırıb sonuncu qatara minə bilməyənlərə ikinci şans haqqı verilmir. Məktəb həyatında keçirilməyən dərslərdən sual verilmir, amma həyat məktəbində sual yarana biləcək hər mövzuya hakim olmalısan.
Biz ümumiyyətlə məktəblərdə aldığımız təhsilin nəzəri xarakter daşıdığını düşünürük. Ancaq ötən illər bizə bunun heç də belə olmadığını göstərir. Zamanla öyrəndiyimiz hər bir məlumat real həyatda istifadə edə biləcəyimiz çox dəyərli təlimlərə çevrilir. Həyat məktəbində sinifdə qalmamaq üçün məktəb həyatında bizə kimlərin yol göstərdiyi də çox əhəmiyyətlidir. Odur ki, müəllim təkcə dərs izah edən yox, həm də yol göstərən, şagirdlərə öz mahiyyətlərini dərk etmələrinə kömək edən, ilham verən insanlar olmalıdır.
"Şagirdin uğur qazanması üçün dərsi sevməyi, dərsi sevə bilməyi üçün müəllimi sevməyi, müəllimi sevməyi üçün isə müəllimin şagirdini sevməyi lazımdır. Şagirdini sevdiyin zaman onu öyrətmək də daha asandır" deyib yaxşı müəllimlərdən biri. Həqiqətən də, sevginin, diqqətin uşaqlar üzərində təsirli gücü var. Bu gücdən istifadə edə bilmək üçün şagirdə dəyər vermək lazımdır. Şagirdi təhqir edən, alçaldan, yoldaşlarının yanında pis hala salan müəllim bu dövr üçün nümunə ola bilməz.
Demokratik cəmiyyətin özünəməxsus dəyərləri var və bu cəmiyyət sözügedən dəyərlərə bağlı olaraq hər bir şagirdə özünü ifadə etmək, qərarını özü vermək və özünü bu dəyərlərə həsr etmək fürsəti yaratmalıdır. Uşaqların məktəb xatirələrinə hüzn, kədər izləri düşməsin gərək. Heç bir şagird gələcəkdə məktəb illərini xatırlamaqdan imtina etməməli, mənim kimi, xatirələri ilə gizlənqaç oynayan insana çevrilməməlidir.
çap et