Fransa uzun illərdir davam etdirdiyi müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir. Paris əksinə, əsarət altında saxladığı xalqları əzməkdə, onların azadlıq mübarizəsini ən sərt, ən amansız üsullardan istifadə edərək boğmaqdadır. Bununla da Fransa açıq şəkildə beynəlxalq hüququ pozur və 21-ci əsrdə orta əsr qanunlarını tətbiq edir. Təəssüf ki, dünya birliyi baş verən bu pozuntulara adekvat reaksiya vermir.
Məlumat üçün bildirək ki, Fransa ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Dənizaşırı ərazilərdəki xalqlar haqlı olaraq öz azadlıqlarını tələb edirlər. Çünki bu ərazilərin Fransaya heç bir aidiyyəti, bağlılığı yoxdur. Sadəcə öz işğalçılıq, kolonial xislətindən əl çəkə bilməyən Paris vaxtilə yaranmış fürsətdən istifadə edərək əraziləri özünün müstəmləkəsinə çevirib. İllərdir onların təbii sərvətlərini, resurslarını tar-mar edən Fransa, indi bu əraziləri heç cür əlindən vermək istəmir.
Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir. Bu fakt artıq özü hər şeyi deyir.
Son illər regionda azadlıq istəkləri ilə bağlı mübarizə daha da güclənib. Bir müddət öncə Fransadan təxminən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyada Fransa hökumətinin yerli əhalinin seçkilərdə təsirini azaltmaq məqsədilə Konstitusiya islahatları təşəbbüsü adada sərt etirazlarla qarşılandı. Sənəd 1988-ci ildə yerli əhali ilə imzalanan Numea müqaviləsinə zidd olaraq, ən azı 10 ildir adada yaşayan fransızların seçkilərdə səs verməsini nəzərdə tuturdu. Fransa hökuməti təxminən bir ay davam edən etirazları yatırmaq üçün adaya polis və jandarm göndərdi. İğtişaşlar zamanı 7 nəfər həlak oldu, çox sayda insan yaralandı. Etirazlar nəticəsində konstitusiya islahatı layihəsi dayandırıldı.
Qvadelupa, Fransız Qvianası və digər ərazilərin ardınca Martinikdə də Fransa idarəçiliyinə, müstəmləkəçiliyinə qarşı başlayan etirazlar artıq iğtişaşlara çevrilib. Belə ki, sentyabr ayından adada yaşayış həddən artıq bahalaşıb. Martinikdə ərzaq qiymətləri Fransa ilə müqayisədə 40 faiz bahadır. Fransa hökuməti isə bu problemi həll etmək əvəzinə, öz ənənəsinə sadiq qalaraq adaya qoşun yeridib. Polisin xüsusi təyinatlıları "CRS 8"in (Səkkizinci Respublika Təhlükəsizlik Bölüyü) nümayişlərin keçirildiyi Martinik adasına etirazların yatırılması üçün göndərilib.
Xüsusi bölmənin üzvləri şənbə günü, 21 sentyabrda adaya gəliblər. 2021-ci ildə yaradılan "CRS 8" bölüyü nümayişlərin yatırılması üzrə ixtisaslaşıb. Bundan əvvəl Martinik hakimiyyəti qiymət artımına qarşı nümayişlərdən sonra paytaxt Fort-de-Frans şəhərinin və Lamentin kommunasının bir neçə bölgəsində komendant saatı tətbiq edib. Nümayişçilər magistral yolların ortasında barrikadalar qurublar, aclıqdan əziyyət çəkən yerli əhali adanın əsas limanına daxil olaraq qida ilə dolu olan bir neçə konteyneri açıb insanlara paylayıblar. Aksiyaçılara qarşı vəhşilik edilib, zorakılıq tətbiq olunub.
Görünən odur ki, Fransa bu ərazilərə qarşı kolonial siyasət tətbiq edir, xalqlarına yanaşmada ayrı-seçkilik siyasəti aparır. Əks halda, insanları aclığa məhkum etməzdi.
Fransa Martinik xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin 1(2)-ci maddəsini pozur. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir.
BMT-nin 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnaməninin müddəalarını pozur. Həmin qətnaməyə əsasən Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur.
Qeyd edək ki, Martinik Karib dənizini Atlantik okeanından ayıran Kiçik Antil adaları arxipelaqının mərkəzi hissəsində eyniadlı adada yerləşir. Bölgənin paytaxtı Fort-de-Fransdır. Ərazisi 1128 kvadratkilometr, əhalisi 360 min nəfərdən çoxdur. Parisdən Martinikaya qədər olan məsafə 6870 kilometrdən çoxdur.
Ada 1502-ci ildə Xristofor Kolumb tərəfindən 4-cü ekspedisiya zamanı kəşf edilib, lakin sonradan ispanlar qızıl tapmadıqları üçün onu inkişaf etdirməyiblər. 1635-ci ildən bəri Martinik fransızlar tərəfindən müstəmləkəyə çevrilib və onlar yerli sakinlər olan Karib hindularını tamamilə məhv ediblər. Bundan sonra fransızların yaratdığı pambıq, tütün, şəkər qamışı və qəhvə yetişdirilən plantasiyalarda işləmək üçün Afrikadan adaya qullar gətirilib. 1674-cü ildə Martinik Fransanın mülkünə çevrilib.
17-18-ci əsrlərdə Böyük Britaniya dəfələrlə adanı ələ keçirməyə cəhd edib. 1794-cü ildə bu baş versə də, 1802-ci ildə Amyen müqaviləsinə əsasən Martinik Fransaya qaytarıldı. 1822-ci ildə fransızlar Martinikdə qaradərililərin üsyanını amansızca yatırdı. Fransada respublika idarəetmə formasına keçid elan edildikdən sonra hökumətin dekreti ilə koloniyalarda quldarlıq ləğv edilsə də, Paris buna tam əməl etmədi, öz mənfur əməllərini davam etdirdi.
Qeyd edək ki, 1902-ci ildə Mont Pelee vulkanının püskürməsi Martinik adasındakı ən böyük şəhər olan Saint-Pierrei tamamilə məhv etdi. Müxtəlif mənbələrə görə, təbii fəlakət nəticəsində 30 min sakindən möcüzəvi şəkildə yalnız ikisi sağ qaldı.
Martinikdə Fransa öz hakimiyyətini möhkəmləndirmək üçün bir sıra qanunsuz referendumlar keçirib. 1946-cı ildə keçirilən qanunsuz referendum nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu alır. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir.
2003-cü il referendumunun nəticələrinin saxtalaşdırılması ona gətirir ki, Fransanın ərazidə qeyri qanuni fəaliyyəti daha da gücləndirilir. 2010-cu il referendumunun da nəticələr saxtalaşdırılır və Fransa Martinik xalqının iradəsinə zidd addımlar atır və onların hüquqlarını daha da məhdudlaşdırır. Yerli əhali qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayırlar.
Fransanın Martinikdə keçirdiyi özünəməxsus referendumlar beynəlxalq müşahidəçilər tərəfindən suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur.
Yerli əhali referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini qeyd edirlər.
Martinikdə keçirilən referendumlar beynəlxalq hüquqa görə xalqın öz müqəddəratını tam təyin etmək hüququnu əks etdirmir. Fransanın referendumları xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya açıq hesab edirlər. Beləliklə, Fransa, müstəmləkə altında olan xalqların problemlərini zorakı üsullarla həll etməyə üstünlük verir. Yuxarıda vurğuladığımız kimi, beynəlxalq ictimaiyyətin susqunluğu Parisi daha zorakı əməllərə əl atmağa cəsarətləndirir. Beynəlxalq birlik Fransaya təzyiq göstərməli, hüquq standartlarına hörmət etməsini tələb etməlidir.
Martinik xalqı iqtisadi və sosial ədalət haqları baxımından da repressiyaya məruz qalır. Belə ki, xalqın iqtisadi haqları ciddi şəkildə pozulur. Fransa hökuməti Martiniki məcbur edir ki, ticarəti ancaq materik Fransası ilə saxlasın, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın. Bu da adada qiymətlərin hədsiz bahalaşmasına səbəb olur. Adadakı böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir. Fransa hökumətinin Martinikə ayırdığı subsidiyaların əksəriyyəti buraya məqsədli köçürülmüş ağdərili fransızlara verilir. Adanın sahiblərinə qarşı diskriminasiya edilərək, onlar iqtisadi yardımdan məhrum edilirlər.
Martinik xalqının ədalət və bərabərlik tələbləri repressiv tədbirlərə səbəb olur. Bu repressiya təbii ki, müstəmləkəçilik məntiqinin davamıdır. Fransanın apardığı siyasət Martinikdəki iqtisadi və sosial ədalətsizliyi artırır. Eyni zamanda, zəhərli olmasına rəğmən, Fransa tərəfindən Martinikdə kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Nəticədə Martinikin torpaqları uzun illərdi zəhərlənib. Martinikdə xərçəng xəstəliyi göstəriciləri dünyada ən yüksəkdir.
Bütün qeyd edilənlər bir daha Fransanın müstəmləkəçi ölkə olduğunu göstərir. Həmçinin Afrika regionunda da Paris öz çirkin əməllərindən əl çəkmək istəmir. Özünü "insan haqları", "demokratiya" ölkəsi adlandıran Fransanın gerçək üzü budur.
çap et