Qətər və Türkiyə İsrailin bombardmanlarına son qoymaq üçün bu ölkə ilə “Hizbullah” arasında danışıqlara vasitəçilik etməyə hazır olduqlarını açıqlayıblar.
525.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi Qahirədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Agentliyin yazdığına görə, Livan hökuməti ABŞ və Avropadan İsrailin geri çəkilməyəcəyi ilə bağlı mesajlar alıb. Bildirilir ki, yeganə həll yolu “Hizbullah”ın güzəştə getməsidir. Çünki hər hansı bir imtina yalnız yeni hücumlar və eskalasiyaya səbəb olacaq. Həmçinin o da bildirilir ki, İsrail Livanın cənubunda 10 kilometrlik bufer zonası yaratmaq istəyir.
“Bu səbəbdən də Qətər və Türkiyə vasitəçi rolunda çıxış etməyi və birbaşa Hizbullahla əlaqə saxlamağı təklif edib”, - deyə agentlik yazıb. O da qeyd olunub ki, hər iki ölkədən nümayəndə heyəti yaxın bir neçə saat ərzində Beyruta gələcək.
İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari daha əvvəl bildirib ki, Hərbi Hava Qüvvələri bir gündə bütün Livan ərazisi üzrə “Hizbullah” hərəkatının hərbi obyektlərinə 1300 zərbə endirib. “Al Mayadeen” telekanalı isə Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb ki, İsrailin hücumları nəticəsində 300-dən çox insan həlak olub, 1200-dən çox şəxs yaralanıb.
İbrahim Cəfərov
çap et