ABŞ-da ildırım vurması nəticəsində xəstəxanaya yerləşdirilən qadın bir il sonra evə buraxılıb.
525.az xəbər verir ki, bu barədə "People” nəşri yazıb.
Məlumata görə, 9 sentyabr 2023-cü ildə tibb bacısı Talita Teyşeyra Padilya Massaçusets ştatının Boston şəhərindəki çimərlikdə itini gəzdirərkən onu ildırım vurub. Hadisəni tibb bacısı işləyən yerli sakin Treysi Kronin görüb və həmkarına ilk tibbi yardım göstərməyə çalışıb, sonra onu təcili yardım briqadasına təhvil verib.
Padilya çox pis vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun demək olar ki, bütün həyati orqanlarının işləmədiyini bildiriblər. Hadisədən 40 gün sonra reabilitasiya klinikasına köçürülüb və orada daha bir il müalicə alıb. Sentyabrın 19-da evə buraxılıb.
“Sanki mən yenidən doğulmuşam. Hiss olunur ki, tamamilə yeni həyat başlayır”, - Padilya deyib.
O, 10 ay ərzində müstəqil yeriyə bilmədiyini və daimi şiddətli ağrılar yaşadığını bildirib. Lakin iyul ayında vəziyyəti sürətlə yaxşılaşmağa başlayıb.
"Başımda sanki bir lampa yanırdı", deyən Padilya əlavə edib ki, ağrılar getdikcə azalıb və hazırda gəzinti aparatının köməyi ilə hərəkət edə bilir. O, bir ildən sonra ilk dəfə gələcək haqqında düşünməyə başladığını söyləyib.
Pərvanə Sultanova
çap et