Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxış etdi. O, çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu, dövlətimizin qarşısında duran əsas vəzifələri açıqladı. Parlamentin iclasında çıxış edən dövlət başçısı bildirdi ki, müstəqillik tariximizdə ilk dəfə idi ölkəmizin bütün ərazisində parlament seçkiləri keçirilib və bu, tarixi hadisədir: "İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu, öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu nümayiş etdirib. Ona görə də 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki parlament və bundan əvvəl prezident seçkiləri bütün ərazilərdə keçirilib. Bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu".
Böyük qələbədən sonra Azərbaycan yeni dövrə qədəm qoyub. Bu dövrün öz tələbləri, çağırışları var. Azərbaycan güclü bir dövlət olaraq yeni dövrdə strateji hədəflərini müəyyən edir, qarşıda duran vəzifələri, çağırışları aydın analiz edərək ona uyğun addımlarını atır. Məlumdur ki, İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin uğurla başa çatdırılması ölkəmizi daha da gücləndirdi, nüfuzunu artırdı. Bununla belə, bəzi Qərb dairələri hələ də bu qələbəni həzm edə bilmirlər, regionda yeni münaqişə yaratmağa can atırlar. Prezident öz çıxışında bəyan etdi ki, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır: "Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir".
Prezident əlavə edib ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər.
Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı "525"ə deyib ki, Prezident İlham Əliyevin VII çağırış Milli Məclisinin birinci iclasında etdiyi çıxışı proqram xarakterlidir və ölkəmizin suverenliyinin, beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi inkişafına xidmət edir. Deputat bildirib ki, yeni formalaşmış parlament dövlət başçısının müəyyənləşdirdiyi istiqamətlər üzrə fəaliyyətini quracaq və ölkəmizin inkişafına töhfə verəcək: "Dövlət başçımızın müəyyənləşdirdiyi vəzifələr çoxşaxəlidir və yeni dövrdə ölkəmizin uğurla inkişaf etdirilməsinə hesablanıb. Cənab Prezident ölkəmizin qarşısında dayanan birinci vəzifənin hərbi gücün artırılması olduğunu qeyd etdi. Həqiqətən bu gün dünya nizamında ədalətsizlik baş alıb gedir. Güclü dövlətlər öz istəklərini reallaşdırmağa çalışırlar. Ona görə də yeni müharibə ocaqları yaranır və günahsız insanlar əziyyət çəkirlər. Bizim yerləşdiyimiz coğrafiya da həssas regiondur. Cənubi Qafqaz tarixən münaqişələrin, müharibələrin baş verdiyi region olub. Cənubi Qafqazda güclü dövlətlərin maraqları həmişə olub və bu, davam etməkdədir. Amma regionda öz ədalətli mövqeyini müdafiə edən, pozulmuş haqlarını bərpa edən yeni bir güc meydana gəlib. Bu, yeni güc Azərbaycandır. Biz 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə Cənubi Qafqazda yeni bir tarix yazdıq. Biz sübut etdik ki, öz ərazilərimizi işğladan edərək suverenliyi tam bərpa etmək iqtidarındayıq. Ona görə də ədalətli mövqeyimizi qoruyub saxlamaq üçün hərbi gücümüzü artırmalıyıq. Cənab Prezidentin qeyd etdiyi kimi, hərbi xərclər dövlət büdcəsində birinci yerdə dayanır və bundan sonra da belə olmalıdır. Ordumuz daha da güclənməli, yeni hərbi texnikalar alınmalı, peşəkarlıq artmalı, hərbi sənaye kompleksi inkişaf etdirməli və gücümüzü daha da artırmalıyıq".
Deputat deyib ki, Prezidentin çıxışında vurğuladığı digər vacib məsələ hərbi sənaye kompleksinin inkişaf etdirilməsidir: "Qəbul etdiyimiz qanunlar hərbi sahədə özəl sektorunun da fəaliyyət göstərməsi üçün yeni imkanlar açır. Biz xarici tərəfdaşlarla əməkdaşlığımızı genişləndirməklə hərbi sənaye məhsullarının istehsalını diversifikasiya etməliyik. Bu həm bizə ordumuzun təminatının idxaldan asılılığının azaldılmasına, həm də ixrac potensialımızın artırılmasına imkan verəcəkdir. Dövlət başçımızın qeyd etdiyi kimi, bu gün dünya silah bazarında boşluq meydana gəlib. Biz bu fürsətdən səmərəli istifadə etsək, hərbi məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə milyardlarla dollar gəlir əldə edə bilərik".
Başqa bir mühüm istiqamət sərhədlərin təhlükəsizliyinin təmin olunmasıdır. A.Badamov vurğulayıb ki, Ermənistanla mübahisəli ərazilərin uzunluğu 500 km-dən çoxdur, bu ərazilərdə sərhəd möhkəmləndirmə işlərini davam etdirməliyilk. Yeni avadanlıqlar alınmaqla və müasir təhlükəsizlik sistemləri formalaşdırmaqla sərhədlərimizi daha etibarlı şəkildə qorumalıyıq. Cənab Prezidentin söylədiyi kimi, ölkə daxilində təhlükəsizliklə bağlı risklər yoxdur. Bütün risklər xaricdən gözlənilir və ona görə də həm sərhədləri hələ də bağlı saxlamağı, həm də yüksək səviyyədə qorunmasını regiondakı geosiyasi vəziyyət tələb edir. Sərhəd təhlükəsizliyinin təmin olunması bu günün vacib məsələlərindəndir".
Millət vəkili əlavə edib ki, dövlət başçısı ideoloji təhlükəsizliyin təmin olunmasının da vacib vəzifə olduğunu bildirdi: "Bu gün Azərbaycanın qələbəsini həzm edə bilməyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmaqla təzyiq göstərməyə çalışırlar. Həm də özlərinin maliyyəsi ilə saxladıqları media, QHT və digər vasitələrdən istifadə etməklə ölkəmizə şər-böhtan yağdırmaqla ədalətli işimizə kölgə salmağa cəhd edirlər. Təbii ki, biz belə qara qüvvələrin ölkəmizdə ayaq açmasına heç zaman imkan verə bilmərik, dost və ya dost olmayan ölkələri tanımalıyıq. Hansı ölkələr bizim qələbəmizə sevinirlərsə və bizi təbrik edirlərsə, onlar dostlarımızıdır. Hansı ölkələr qələbəmizə kölgə salmaq istəyirlərsə, Ermənistanı yenidən revanşizmə ruhlandırırlarsa və qələbəmizi həzm edə bilmirlərsə, onlar bizə dost ola bilməzlər. Ona görə də biz dünyada dostlarımızın sayının artırılması istiqamətində işimizə davam etməliyik. Gənc nəslimizin milli ruhda tərbiyə olunmasının başlıca vəzifələrimizdən biri olduğunu dövlət başçısı xüsusilə vurğuladı. Belə ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ailə və məktəb xüsusi rol oynamalıdır. Milli, vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənclər ölkəmizin gələcəyini daha etibarlı şəkildə qoruya və möhkəmləndirə biləcəklər".
Ermənistanla münasibətlərin normallaşması məsələsinə diqqət çəkən A.Badamov deyib ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb. Ermənistan isə riyakar və düşmənçilik məqsədlərindən əl çəkmir: "İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra iki ölkə arasında münasibətlərin formalaşdırılmasına yeni səhifədən başlanmasını təklif edərək sülh təşəbbüsləri ilə çıxış edən tərəf məhz Azərbaycan olub. Biz beynəlxalq hüquqa əsaslanmış 5 baza prinsipi əsasında sülh təkliflərimizi irəli sürdük. Təəssüf ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını manipulyasiya edərək uzatmaqla vaxt qazanmağa çalışır. Məsələn, son dəfə mübadilə edilərək təqdim etdiyimiz təkliflərin 70 gündən sonra cavablandırılması Ermənistanın sülh niyyəti olmadığını göstərir. Əslində sülh müqaviləsinin bağlanılması üçün ciddi bir maneə yoxdur. Bunun üçün Ermənistan Azərbaycanın tələb etdiyi ölkəmizə qarşı rəsmi ərazi iddialarına son qoymalı, yəni Konstitusiyasına dəyişiklik etməlidir. Eyni zamanda, ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır. Tələbimiz beynəlxalq hüquqa söykənir və bu günün reallığına uyğun Ermənistanın atmalı olduğu addımlardır. Amma Ermənistan Qərbin dəstəyinə güvənərək yenidən hərbiləşməyə üstünlük verir. O cümlədən, əldə olunmuş razılaşmaları pozur və Qərbin ölkəsində hərbi mövcudluğunu artırır. Yəni burda Ermənistanın məqsədinin yenidən ərazi iddiaları ilə çıxış etmək niyyətində olduğunu açıq-aydın görmək olur. Minsk qrupunun ləğv olunması üçün birgə müraciətin ünvanlanmasına Ermənistanın razı olmamasının səbəbi də ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyinin göstəricisidir. Çünki Minsk qrupu Azərbaycanın ərazi bütövlüyünün danışqlar yolu ilə təmin edilməsi və torpaqlarımızda erməni işğalına son qoyulmasına hesablanmışdı. Amma təəssüf ki, Minsk qrupu öz vəzifəsini icra etmədi və xalqımızı öz torpaqlarının işğalı ilə barışmağa razı salmağa çalışdı. Ermənistanın Minsk qrupunun ləğvinə razılıq verməməsinin səbəbi də gələcəkdə ölkəmizə qarşı yenidən ərazi iddiaları ilə çıxış etmək məqsədini daşıyır. Amma Ermənistan heç kimə arxalanmamalı və Azərbaycanla münasibətlərin normallaşdırılmasına çalışmalıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz ölkəmizin suverenliyinə potensial təhlükə gördüyümüz halda, onun harda yerləşməsindən asılı olmayaraq yerindəcə məhv etmək gücündəyik. Ona görə də Ermənistan hakimiyyəti ağlını başına yığmalı və Azərbaycanın şərtlərini qəbul edərək sülh müqaviləsinin imzalanmasına tələsməlidir".
Deputat əmindir ki, Prezidentin parlament və xalqımız qarşısında qoyduğu vəzifələrin uğurla icrası ölkəmizi daha güclü edəcək və xarici təhdidlərdən daha etibarlı şəkildə qorunmasına yol açacaqdır: "Bu baxımdan VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi özünün səmərəli və geniş fəaliyyəti ilə ölkənin inkişafına yeni töhfələr verməklə cəmiyyətdə daha çox nüfuz qazanacağını hesab edirəm".
çap et