Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin yeni tərkibdə ilk iclasındakı nitqində ölkəmizin əldə etdiyi nailiyyətlərə toxundu. O, ilk dəfə bütün suveren ərazilərimizdə keçirilən prezident və parlament seçkilərinin əhəmiyyətini vurğuladı, eyni zamanda, dövlətimizin qarşısında duran əsas vəzifələri açıqladı. Dövlət başçısı diqqətə çatdırdı ki, bu seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən tarixi hadisə kimi qiymətləndirilməlidir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Qeyd olundu ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açıb.
Həqiqətən də Azərbaycan son 3-4 il ərzində daha da güclənib, beynəlxalq mövqeləri möhkəmlənib, dünyada nüfuzu, çəkisi artıb.
Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və bir gündən az davam edən antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra həm də regionda yeni reallıqlar yaratdı. Amma ölkəmiz əleyhinə olan bəzi qüvvələr həmin reallıqları qəbul etmək istəmir və öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün müxtəlif vasitələrə əl atırlar. Onların Ermənistanı yenidən silahlandırmaları, onu sülh prosesindən uzaqlaşdırmaları, danışıqlara maneələr yaratmaları, yarımçıq sülhə təşviq etməyə çalışmaları da bunun nəticəsidir. Bakı həmin dairələrə yaxşı bələd olduğu üçün təbii ki, onların məqsədlərini də gözəl anlayır. Ona görə də bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyub.
Prezident İlham Əliyev çıxışında bütün bu məqamlara toxunaraq dedi ki, birinci nömrəli vəzifəmiz məhz hərbi gücümüzün artırılmasıdır. Münaqişə bitib, amma prosesləri analiz edəndə gəlinən nəticə budur ki, daim güclü və hazırlıqlı olmalıyıq, çünki düşmənlərimiz pusqudadır və yenidən baş qaldırmaq üçün uyğun zaman gözləyirlər. Dövlət başçısı da öz nitqində vurğuladı ki, hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilərik. Hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik.
Digər tərəfdən, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Onlar işğalçı, separatçı niyyətlərindən əl çəkmək istəmirlər. Təəssüf ki, təkcə marginal siyasi ünsürlər deyil, bugünkü Ermənistan hakimiyyəti də bu fikirlərlə, xülyalarla yaşayır, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Yalnız kağız üzərində mövcud olan Minsk qrupunun saxlanılması da məhz buna yönəlib.
Dövlət başçısı çıxışında Minsk qrupu ilə bağlı məsələyə də toxunub və deyib ki, bu qrup Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik: “Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın... Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır... Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın... Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur. Ona görə bir daha deyirəm: vəzifə nömrə bir - hərbi gücümüzün artırılması və biz bunu edirik”.
Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücünü böyük dərəcədə artırıb, yeni silahlı birləşmələr yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradılıb ki, onların da say tərkibi ildən-ilə artır və artacaq. Ordumuzun döyüş qabiliyyəti yüksəlib, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir. Azərbaycan lideri bir daha bəyan etdi ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.
Eyni zamanda, yerli hərbi sənaye kompleksimizin də sürətlə inkişafı prioritet təşkil edir. Cari ildə bu məqsədlə böyük vəsait ayrılıb və gələn il də ayrılacaq. Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Prezident bildirib ki, burada bir neçə məqsəd güdülür. İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, xarici mənbələrdən daha az asılı olmalıyıq. Təbii ki, bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik. Prezident vurğulayıb ki, bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələr daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında qıtlıq yaranıb. Bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək.
Dövlət başçısı mühüm vəzifələrdən birinin sərhədlərimizin qorunması olduğunu deyib. Hazırda həm Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparılır, eyni zamanda, digər qonşularla sərhədlərimiz müasir infrastrukturla təchiz edilməlidir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur: “Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir”.
Həmin güclərin məqsədi Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər qonşulara təhdid mənbələri yaratmaqdır. Amma rəsmi Bakı dəfələrlə bəyan edib ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq.
Azərbaycan dövləti həm də təhlükəsizliklə bağlı ciddi addımlar atır. Prezident öz nitqində deyib ki, real və potensial təhdidlər var və onların aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. Son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev mövzu ilə bağlı “525”ə deyib ki, Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqi xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının proqram xarakterli nitqində mövcud vəziyyət, dünyada baş verən proseslər fonunda Azərbaycanın mövqeyi ilə bağlı hansı işlərin görüldüyü və görüləcəyi haqqında fikirlər səsləndirildi.
Komitə sədri deyib ki, Prezidentin çıxışında toxunduğu məqamlardan biri də Vətən müharibəsindən sonrakı dövrdə qazanılan uğurlarımızla bağlıdır: “2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Cari ildə prezident və parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsi Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi. Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir və çox böyük uğurdur. Prezident İlham Əliyevin proqram xarakterli nitqində ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilir və əsaslandırılır. Təbii ki, bunlardan ən birincisi təhlükəsizlik məsələsidir. Vətən müharibəsi və antiterror əməliyyatının nəticələri qarşımızda yeni çağırışlar və vəzifələr qoyur. Bunlardan ən birincisi və mühümü milli təhlükəsizliyin təmin edilməsi, hərbi gücümüzün artırılması məsələsidir. Çünki dünyada gedən proseslər, Ermənistanda baş qaldıran revanşizm meylləri bu sahəyə daim diqqət göstərilməsini zəruri edir”.
A.Nağıyev ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasının, ən müasir silah-sursatla təchizatının, yerli hərbi sənaye kompleksinin sürətli inkişafının təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, hərbi zavodlarda genişmiqyaslı modernləşmə işlərinin aparılması, yeni avadanlıq, texnika, silah-sursat istehsalı vacibdir. Çünki hərbi sənaye kompleksinin gücləndirilməsi ölkəmizin gücünü və inkişafını göstərir, xarici mənbələrdən asılılığı azaldır.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun ləğvi də artıq mütləqdir. Bildirib ki, bu təşkilat sülhün təmin olunması istiqamətində əməli işlər görmək əvəzinə, dekorativ bəyanatlarla yadda qaldı.
A.Nağıyev qeyd edib ki, başqa ölkələrin dedikləri ilə oturub-duran, müstəqil siyasəti olmayan Ermənistan regionda sülhün, sabitliyin təmin olunması istiqamətində addımlar atmaq əvəzinə, onu qızışdıranların sözü ilə hərəkət edir. Həmin ölkələr Ermənistanı silahlandırmaqda davam edirlər. Bu səbəbdən qonşularımızla sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir: “Ermənistanla sərhəddə 13 kilometr məsafədə delimitasiya və demarkasiya işləri artıq görülüb. Qonşu ölkə ilə 500 kilometrlik sərhədin mürəkkəb relyefi, bəzi xidmət yerlərinin 3000 metr yüksəklikdə yerləşməsi sərhədlərimizin müasir infrastrukturla təchiz edilməsi tələbatını yaradır. Ermənistandan təxribat amili çox yüksəkdir və hər an gözlənilə bilər. Ermənistan və onu qızışdıran, arxasında duran ölkələr Azərbaycanla şantaj, ultimatum dili ilə danışmağın mümkün olmayacağını sonunda anlayacaqlar. Ölkəmizə hansısa real təhdid olarsa, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün çətin olmayacaq”.
çap et