Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə həm də ərazilərimizi yerlə-yeksan edib, böyük dağıntılar, vandalizm aktları törədib. Şəhərlərimizdə, kəndlərimizdə salamat bir tikili belə saxlamayıb. Tarixi-mədəni abidələrimizi məhv edib, eyni zamanda, ətraf mühitə, təbiətə misilsiz ziyan vurub, ekoloji cinayətlər törədib. Bununla da Azərbaycan dövlətinə külli miqdarda ziyan vurub. Həmçinin, yeraltı və yerüstü sərvətlərimizi talayıb, çaylarımızı, su hövzələrini kimyəvi tullantılarla çirkləndirib, meşə fondumuzu məhv edib.
Torpaqlarımız işğaldan azad edildikdən sonra ermənilərin törətdiyi vandal aktlarının miqyasını, dövlətimizə vurulmuş ziyanı daha dəqiq hesablamaq mümkün olub.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 4 minə yaxın insan itkin düşüb, 50 min insan yaralanıb, təqribən 1 milyon insan öz doğma yurdlarından qovulub.
İkinci Qarabağ müharibəsində 2907 nəfər hərbçimiz şəhid olub, 12 min nəfərdən çox vətəndaşımız müxtəlif dərəcəli xəsarətlər alıb, Ermənistanın mülki yaşayış məntəqələrinə raket zərbələri endirməsi nəticəsində 100-dən çox Azərbaycan vətəndaşı həlak olub, yüzlərlə insan yaralanıb.
Ermənilər işğal müddətində Qarabağda, ümumilikdə, 900-dən çox yaşayış məntəqəsini, o cümlədən, 11 şəhər və 849 kəndi yerlə-yeksan edib, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 66 məscid, 500-ə yaxın tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sənaye və kənd təsərrüfatı obyektləri də tamamilə sıradan çıxarılıb. Ermənistan bütün bu vandal, vəhşi hərəkətləri edərkən, yəqin ki, bir gün cavab verməli olacağını hesablamayıb. Amma torpaqlarımızın azad edilməsi həmin günün də çatması deməkdir. Bu, təkcə Azərbaycanın tələbi deyil, həm də onun beynəlxalq öhdəliyidir. Belə ki, hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi mövcud hüquqi rejim çərçivəsində, qüvvədə olan qaydalara uyğun davranış sərgiləməsi sadəcə bir seçim deyil, bu, onun üzərinə düşdüyü öhdəlikdir. Əgər o, mövcud hüquqi nizamın hər hansı qaydasını pozursa və qeyri-qanuni vəziyyət yaradırsa, deməli, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və yaratdığı vəziyyət nəticəsində vurduğu zərərin qarşılığını ödəməlidir. Başqa sözlə, beynəlxalq hüquqi nizam dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməsini nəzərdə tutur. Bu məsələ ətrafında gedən müzakirələr XX əsrdən etibarən beynəlxalq pozitiv hüquqda dolğun ifadəsini tapıb.
Qeyd edək ki, beynəlxalq daimi ədalət məhkəməsi 1928-ci ildə təzminatın dəyən zərərin nəticələrinin aradan qaldırılmasını və zərərdən əvvəlki vəziyyətin bərpasını nəzərdə tutduğunu təsdiq edir. Artıq dövlət qeyri-qanuni fəaliyyətin doğurduğu nəticələrin aradan qaldırılması üçün təzminat ödəməyə borclu hesab edilir.
Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi beynəlxalq hüququn fundamental prinsiplərini pozan və beynəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktıdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərini keçməsi, Azərbaycan ərazilərində döyüşməsi və qeyri-qanuni erməni hərbi birləşmələri ilə hərbi əməliyyatları planlaşdırması təcavüzün bariz nümunəsidir. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi potensialı ilə məğlubiyyətini etiraf etməsi həm də təcavüzün etirafı idi. Bu, Ermənistanın beynəlxalq məsuliyyətini təsdiqləyir, onun beynəlxalq öhdəliklərini pozaraq qeyri-qanuni vəziyyət yaratdığını və bu vəziyyətin doğurduğu nəticələrə görə məsuliyyət daşıdığını göstərir. Suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı dövlət, yəni Ermənistan işğal edilmiş ərazi üzərində suverenliyə malik deyildi, işğal rejimi çərçivəsində fəaliyyət göstərirdi və bu ərazilərin işğalının müvəqqəti hal olmasını anlayırdı. Hətta danışıqlar prosesində işğal edilmiş rayonların qaytarılması təklifi müzakirə edilirdi. Lakin Ermənistan bu müvəqqəti vəziyyətdən “yandırılmış ərazi” siyasəti həyata keçirmək və azərbaycanlıların qayıdış hüququna mane olmaq üçün istifadə etdi.
Ermənistan Azərbaycan ərazilərində hətta məzarlıqları da yerlə-yeksan edib, qəbirləri dağıdıb. Belə hallara məhz orta əsrlərdə, cəngəllik qanunlarının hökm sürüdüyü vaxtlarda rast gəlinirdi. Halbuki beynəlxalq hüquq faktiki olaraq işğalçı dövlətin nəzarəti altında yerləşən ərazilərin işğal rejimi altında olduğunu və işğal etmiş dövlətin orada baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayır, eyni zamanda, mülkiyyətin, mədəni irsin, tarixi abidələrin, xəstəxanaların və sairə dağıdılmasını qadağan edir. Ermənistanın maddi və mənəvi abidələri, ətraf mühiti, təbiəti qorumaq öhdəliyi vardı, lakin Ermənistan onları qorumaq üçün hər hansı addım atmadı. Əksinə, məqsədyönlü şəkildə azərbaycanlıların bütün tarixi və mədəni izini silmək üçün bu dağıdıcı fəaliyyəti planlı şəkildə həyata keçirdi.
Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Əgər mənəvi ziyan Ermənistanın təcavüz və işğalçılıq siyasətinə görə Azərbaycan xalqından üzr istəməsini və ərazi iddialarından hüquqi və siyasi müstəvidə birdəfəlik imtinasını ehtiva edirsə, maddi ziyan fərdi və ictimai zərərin kompensasiyasını nəzərdə tutur. Ermənistanın işğal etdiyi ərazilərdə vurduğu zərərin həcmi Vətən müharibəsindən dərhal sonra hesablanıb. Sanki Livan boyda bir ölkənin darmadağın edilmiş ərazisi yenidən qurulmalıdır. Ermənistanın Azərbaycana vurduğu ümumi zərər təxminən 800 milyard ABŞ dollarından çox qiymətləndirilir. Ermənistanın təzminat ödəməsi bir neçə formada həyata keçirilə bilər.
XX əsrin böyük münaqişələrinin yekununda məğlub olmuş təcavüzkar dövlətlərin zərərin ödənilməsi ilə bağlı öhdəlikləri sülh müqaviləsində öz əksini tapıb. Ermənistanla sülh danışıqları mütləq şəkildə Ermənistanın təzminat məsələsini əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır.
Əgər Ermənistanın maliyyə durumu buna imkan vermirsə, beynəlxalq təzminat fondu yaradıla və Ermənistanın “dostları” həmin fond vasitəsilə təzminatın ödənilməsində iştirak edə bilər.
Eyni zamanda, Ermənistanın öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razılaşmasına getməsi mümkündür. Bu, Ermənistanın müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməsini və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqların, yəni müəyyən fəaliyyət sferalarının uzunmüddətli konsessiyasını özündə ehtiva edə bilər.
İstənilən halda, Ermənistan öz misilsiz cinayətlərinin bədəlini ödəməlidir.
çap et