Myanmada "Yagi" tayfununun yaratdığı şiddətli yağışlar nəticəsində meydana gələn sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayının 419-a yüksəldiyi açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Myanmadakı hərbi hökumətin inzibati orqanı olan Myanma Dövlət Administrasiya Şurası ölkədə baş verən daşqın və sürüşmələrlə bağlı açıqlama verib.
“Yagi” qasırğası nəticəsində 419 nəfərin həyatını itirdiyi, 140 mindən çox insanın isə təbii fəlakətdən mənfi təsirləndiyi bildirilib.
Açıqlamada sel və sürüşmə nəticəsində 750 min dekardan çox kənd təsərrüfatı sahəsinin zərər gördüyü, fəlakətin minlərlə heyvanın tələf olmasına səbəb olduğu vurğulanıb.
Həmçinin qeyd olunub ki, axtarış-xilasetmə və reabilitasiya işləri üçün təxminən 14,2 milyon ABŞ dolları məbləğində büdcə ayrılıb.
"Yagi" qasırğası təxminən bir həftədir Vyetnamın şimalını, Laos, Tayland və Myanmanı dağıdıb, bölgədə yüzlərlə insanın ölümü ilə nəticələnən daşqın və sürüşmələrə səbəb olub. Bu arada Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada Myanmada təbii fəlakətdən zərər çəkənlərin sayının 887 minə çatdığı bildirilib.
Digər tərəfdən Myanmadakı hərbi idarə keçən həftə fəlakətlə mübarizə çərçivəsində xarici ölkələr və yardım təşkilatlarından dəstək istəyib.
Malik Atilay
çap et