İranın 1936-cı ildə tədqiq etmək üçün ABŞ-yə göndərdiyi Əhəmənilər (Fars) İmperiyası dövrünə (e.ə. 550-330) aid 1100 ədəd lövhə ölkəyə qaytarılıb.
525.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, prezident Məsud Pezeşkiyanı aparan təyyarə ilə Əhəmənilər dövrünə aid 1100 tarixi lövhə İrana gətirilib.
Geri qaytarılan tarixi əsərlər haqqında məlumat verən mədəni irs, turizm və əl işləri nazirinin müavini Əli Darabi: “Bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji qazıntıları zamanı aşkar edilib, 1936-cı ildə isə tədqiqat məqsədi ilə xaricə aparılıb", - deyib.
Geri qaytarılan lövhələrdə iranlıların Əhəmənilər dövründəki həyatını təsvir edən mövzuların olduğunu, mixi və elam əlifbası ilə yazıldığını bildirən Darabi lövhələrin 72 saat Milli Muzeydə karantində qalacağını vurğulayıb.
Şah dövründə İran və ABŞ-nin Çikaqo Universitetinin Şərq İnstitutu arasında Fars İmperiyasına aid 30 mindən çox gil lövhənin ABŞ-də üç il müddətində tədqiq edilməsi barədə razılıq əldə olunub. Müqavilə çərçivəsində lövhələr 1936-cı ildə Şərq İnstitutuna göndərilib.
Qeyd edək ki, lövhələrin bir hissəsi 1948, 1950 və 2004-cü illərdə və nəhayət 2023-cü ildə İrana qaytarılıb. Keçən il geri qaytarılan lövhələr mayın 18-də Ümumdünya Muzeylər Günündə keçirilən mərasimdə İran Milli Muzeyində ziyarətçilərin istifadəsinə verilib.
Malik Atilay
çap et