Macarıstanın baş naziri Viktor Orban Ukrayna və Moldovanın Qərbi Balkan ölkələrindən əvvəl Avropa İttifaqına (Aİ) qoşulması üçün sürətləndirilmiş prosedur imkanının verilməsi qərarını ədalətsizlik adlandırıb.
525.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Biz Ukrayna və Moldovaya sırf geosiyasi səbəblərə görə Aİ-yə sürətli çıxışın verilməsindən məmnun deyilik ki, bu uyğunluğa əsaslanan yanaşmanı tamamilə arxa plana keçirib. Onlar (Qərbi Balkan ölkələri - red.) Aİ-yə daxil olmaq üçün çalışırdılar və indi arxa sıraya çəkirlər. Bu ədalətli deyil, bu, Avropasayağı deyil”, - Orban əlavə edib.
Baş nazir yeni dövlətlərin Aİ-yə daxil olmasını artıq Avropa İttifaqına üzv olan ölkələr, o cümlədən Macarıstan üçün böyük fürsət adlandırıb: "Bütün Qərbi Balkanlar regionunun sabitliyi və Avropa məkanına inteqrasiyası təkcə Macarıstanın deyil, həm də bütün Aİ-nin maraqlarına cavab verir".
O, həmçinin Avropa İttifaqının iqtisadi impulsunu faktiki olaraq itirdiyinə diqqət çəkərək, təcili bərpası üçün ən əsas vasitələrdən birinin onun genişlənməsi olduğunu qeyd edib.
Pərvanə Sultanova
çap et