ABŞ prezidenti Co Bayden Ukraynaya ümumi məbləği 7,9 milyard dollar olan yeni hərbi yardım paketini açıqlayıb və Kiyevin müharibədə qalib gəlməsinə kömək etməyə davam edəcəklərini vurğulayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Bayden Ukraynaya yeni yardım paketi ilə bağlı yazılı açıqlama verib və Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdə qəbul etməkdən qürur duyduğunu bildirib.
Açıqlamasında Bayden Rusiya-Ukrayna müharibəsinin əvvəlindən Kiyevin yanında olduqlarını qeyd edərək: "Bu gün Ukraynaya təhlükəsizlik dəstəyinin əhəmiyyətli dərəcədə artacağını və Ukraynanın bu müharibədə qalib gəlməsinə kömək edəcək əlavə addımları açıqlayıram", - deyib.
Baydenin bəyanatına görə, 2024-cü maliyyə ilinin sonuna qədər Konqresin daha əvvəl təsdiq etdiyi büdcədən qalan 5,5 milyard dollar dərhal Ukraynaya göndəriləcək.
Bundan əlavə, ABŞ administrasiyası Ukraynaya göndərilmək üçün 2,4 milyard dollar dəyərində silah alacaq və bu silahları Kiyevə göndərəcək.
Qeyd edək ki, ümumi dəyəri 7,9 milyard dollar olan sözügedən hərbi yardım paketi Baydenin prezidentliyinin son dövründəki ən böyük dəstəklərdən biri olaraq qeyd edilib.
Malik Atilay
çap et